İranla bağlı gərginləşməyə görə benzinin qiyməti arta bilərmi?

Yanacaq doldurma stansiyası Fotonun müəllifi Getty Images
Image caption Benzinin qiyməti son 5 ilin maksimumuna çatıb, AA bildirir.

Fars körfəzində Britaniya bayrağı altında üzən gəminin saxlanılmasından sonra xam neftin qiyməti qeyri-sabitdir və bu, benzinin qiymətinin sıçrayışla arta biləcəyi ilə bağlı naharatlıqlara təkan verib.

Britaniya Avtomobilçilər Assosiasiyası xəbərdarlıq edir ki, Hörmüz boğazında beynəlxalq neft daşımaları ilə məşğul olan gəmilərin təhlükəsizliyinə dair uzunmüddətli qeyri-müəyyənlik yanacaq qiymətlərini yay ərzində hazırkı yüksək səviyyədə saxlaya bilər.

Böyük Britaniya bildirib ki, İran Stena Impero tankerini buraxmasa, bunun "ciddi" diplomatik nəticələri olacaq. Bu, qarşıda təchizatın aramsızlığının pozula biləcəyini deməyə əsas verir.

Benzin neftdən emal olunur və xammalın təchizatını poza biləcək amillər benzinin bahalaşmasına səbəb ola bilər.

İranla bağlı vəziyyət neftin qiymətinə necə təsir edir?

Belə görünür ki, Stena İmpero-nun saxlanılması Cəbəllütariq sahilində İran tankerinin Britaniya tərəfindən saxlanılmasına görə qisas addımı idi.

Bundan əvvəl, aylarla davam edən gərginlik şəraitində İran və ABŞ bir-birlərini aqressiv davranışda ittiham ediblər.

Həmin ərəfədə Tehran Hörmüz boğazında 6 tankerə hücumda ittiham olunurdu. Bu, bölgədə ABŞ və Britaniya hərbi dəniz qüvvələrinin daha geniş təmsil olunması ilə nəticələndi.

Hazırda ehtiyat edilir ki, İran öz cənub sahilləri yaxınlığında yerləşən strateji əhəmiyyətli nəqliyyat dəhlizi - Hörmüz boğazını bloklamağa cəhd edə bilər.

Bu, nəticə etibarilə neftlə zəngin Fars körfəzinə girişi bağlamaq deməkdir.

Bu baş verərsə, qlobal neft bazarı təchizatın beşdə birini itirəcək. Təbii qaz bazarı isə təklifin 25 faizindən məhrum oluna bilər.

Lakin bir çoxları hesab edir ki, məsələ öz diplomatik həllini tapacaq.

Fotonun müəllifi AFP
Image caption Cəbəllütariqdə İran tankerinin saxlanılmasından sonra İran Britaniya bayrağı altında üzən gəmini saxlayıb.

İran Hörmüz boğazını bağlasa, (bu günə qədər Tehran belə təhdidlər etməyib) "neftin qiyməti əhəmiyyətli dərəcədə artacaq", - Böyük Britaniyanın Gəmiçilik Palatasının rəhbəri David Balston bildirir.

"Körfəzdən kənarda neft terminalları var, lakin onların sayı məhduddur. Buna görə, başqa yerlərdə bazar tapmalı olacaqsınız.

"Bu, Böyük Britaniyada benzin və qaz qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq, - David Balston əlavə edir.

Çünki ölkəyə gətirilən neftin 5 faizi və təbii qazın 13 faizi Hörmüz boğazından keçir".

Onun sözlərinə görə, məsələnin diplomatik həlli tapılmasa bu, Qərb müttəfiqləri tərəfindən "hərbi cavab" ehtimalını artıra bilər.

Neftin qiyməti ilə bağlı hazırda nələr baş verir?

Son həftələrdə gərginliyə görə qlobal bazarlarda neftin qiyməti dəyişkən qalsa da, vəziyyət "çox dramatik olmayıb", - Alpha Energy konsaltinq qrupundan John Hall deyir.

Bazar ertəsi günü - beynəlxalq etalon hesab olunan Brent markalı xam neftin bir barelinin qiyməti təxminən 63,5 dollar səviyyəsində olub, bu, 2019-cu ilin ən yüksək göstəricisindən cəmi 10 dollar aşağıdır.

Cənab Hall hesab edir ki, neftin qiymətini diktə edən bazar ABŞ prezidenti Donald Trump-ın İrana qarşı "təhdid və hədə-qorxularından" təngə gəlib.

"Son vaxtlara qədər, Trump hər dəfə tvit etdikdə bazar hərəkətə gələrdi, lakin investorlarda buna qarşı immunitet yarandı ", - cənab Hall deyir.

Fotonun müəllifi Erwin Willemse
Image caption Böyük Britaniya bildirir ki, İran Stena Impero tankerini buraxmasa "ciddi" diplomatik nəticələrlə üzləşəcək.

Bunun əvəzinə sərmayəçilər neft bazarının "təməl göstəricilərinə" nəzər salırlar, bu da, çox sağlam deyil.

Çin iqtisadiyyatı yavaşlamaqdadır, buna görə də dünyanın ikinci ən böyük neft istehlakçısı olan ölkədə tələbat aşağı düşə bilər.

OPEC (Neft ixrac edən ölkələrin birliyi) üzvü olan Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr ixracı azaltmaqla tələbatı canlandırmağa cəhd ediblər.

Lakin ABŞ-da istehsalın əhəmiyyətli dərəcədə artmasına görə belə cəhdlər ciddi nəticə verməyib.

"Belə bir fikir yaranıb ki, ilin sonanadək bazarda həddən artıq neft olacaq, bu, qiymətləri cilovlayacaq", - cənab Hall deyir.

Bütün bunlar benzinin qiyməti üçün nə deməkdir?

Bu yay Britaniyada benzinin qiyməti 2014-cü ildən bəri ən yüksək səviyyədədir.

Benzinin bir litri 1,28 funt sterlinqdir (2,71 AZN). Dizel üçün qiymət isə 1,31 (2,77 AZN) funt təşkil edir, AA bildirir.

Yanacaq qiymətləri üzrə AA təşkilatının rəsmi nümayəndəsi Luke Bodstadt-ın sözlərinə görə, qiymət artımında İranla yaşanan gərginliyin də rolu olub.

O, yaxın bir neçə ayda qiymətlərin hazırkı səviyyədə olacağını hesab edir.

Mübahisə ciddi şəkildə kəskinləşməsə qiymətlərin sıçrayışla artımı gözlənilmir, Luke Bodstadt deyir.

"Sürücülər üçün daha böyük risk" isə funtun dollara nisbətdə dəyərdən düşməsidir.

Fotonun müəllifi Getty Images

Neft qlobal bazarlarda dollara satılır.

Bu arada, Britaniyanın Avropa İttifaqını heç bir razılaşma əldə edə bilmədən tərk edəcəyilə bağlı qeyri-müəyyənlik şəraitində funt sterlinqin məzənnəsi son iki ilin minimumuna çatıb.

Alpha Energi qrupunun nümayəndəsinə əsasən, böyük bir ehtimalla İran Hörmüz boğazını bloklamayacaq.

Lakin bu baş verərsə, "kütləvi çatışmazlıq" nəticəsində bir barel neftin qiyməti bəlkə də, 100 dollara çata bilər.

"Zənnimcə, bu, həqiqətən də baş versə idi, bir litr benzinin 0.20 funtadək bahalaşmasını gözləmək olardı, bu mühafizəkar qiymətləndirmədir".

Ən aktual məsələ, Stena tankerinin ələ keçirilməsinə dair Britaniyanın necə cavab verməsidir.

Hazırda isə bilərəkdən təxribatlara əl atan İran, ABŞ və Böyük Britaniya arasında ciddi diplomatik oyun gedir.

Həmçinin oxuyun:

Bu barədə daha geniş