ABŞ: Yüksək rütbəlilərlə oturub-duran Jeffrey Epstein-in ölümü suallar doğurub

Jeffrey Epstein həbsxanada məhkəmənin başlamasını gözləyirdi. Fotonun müəllifi Reuters
Image caption Jeffrey Epstein həbsxanada məhkəmənin başlamasını gözləyirdi.

ABŞ Federal Təhlükəsizlik Bürosu (FBI) amerikalı maliyyəçi Jeffrey Epstein-in New York-da həbsxana şəraitində necə öldüyünü araşdırmaq üçün istintaqa başlayıb.

Seks trafikinqdə ittiham olunan Jeffrey Epstein məhkəmənin başlamasını gözləyirdi və deyildiyi kimi, xüsusi nəzarət altında olduğu bir müddətdə şənbə günü səhər saatlarında saxlandığı New York həbsxanasının kamerasında ölü tapılıb.

İddia edildiyinə görə, Epstein intihar cəhdindən sonra öz kamerasında huşsuz vəziyyətdə tapılıb.

New York meri Bill de Blasio bu hadisəylə bağlı qeyd edib ki, Epstein-dən onun digər əlbirləri barədə artıq heç bir məlumat öyrənmək mümkün olmayacaq.

"Çoxlarımız onun nələri bildiyini öyrənmək istərdik", - Demokratik partiyadan ABŞ-da növbəti prezident seçkilərində namizədliyini irəli sürmək üçün kampaniya aparan Bill de Blasio bildirib.

"Görəsən, onunla daha hansı milyoner və milyarderlər əlbir olublar? - de Blasio sual edərək fikrini belə davam etdirib, - Jeffrey Epstein-in bildikləri onunla qəbrdə basdırılmamalıdır. Bu məsələ araşdırılmalıdır".

Epstein-in ölümündən sonra konspirologiya nəzəriyyələri peyda olmağa başlayıb.

66 yaşlı Epstein seks trafikinqi qurmaqda və mümkün şahidlərə onların susması üçün pul ödəməkdə ittiham olunub, lakin milyarder həmin ittihamlara görə özünü təqsirli saymayıb.

Onun ölümü yüzlərlə səhifə məhkəmə sənədləri dərc edildikdən, ona və bəzi yüksək rütbəli tərəfdaşlarına qarşı yeni ittihamlar ortaya çıxdıqdan bir gün sonra baş verib.

Epstein-in ölümü

Epstein, şənbə günü ölkənin ən etibarlı həbsxanalarından biri sayılan Nyu York Metropolitan İslah Mərkəzində huşsuz halda tapıldıqdan qısa müddət sonra ölüb.

Keçən ay, zaminə çıxmaq barədə onun xahişi rədd olunduqdan qısa müddət sonra Epstein boynunda yara izləriylə kamerasında aşkar edilərək hospitala aparılmışdı.

Bu hadisəni xəstəxana məmurları mümkün intihar cəhdi kimi araşdırırdılar.

Həmin hadisədən sonra intihar riskiylə əlaqədar Epstein-in nəzarət altında saxlandığına dair ziddiyyətli xəbərlər var.

New York Times-ın yazdığına görə o, nəzarət altındaydı, lakin ölümündən bir həftə qabaq nəzarət rejimi onun üzərindən götürülmüşdü.

Baş prokuror William Barr-a məktubunda respublikaçı senator Ben Sasse bu hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini qeyd edib.

"Bu, Ədliyyə Nazirliyinin qüsurudur, bu gün Jeffrey Epstein-in tərəfdaşları növbəti sövdələşmənin baş tutduğunu düşünə bilərlər, - o deyib.- Ədliyyə Nazirliyində yuxarıdan tutmuş aşağıyadək hamı bu adamın intihar riski altında olduğunu və sirlərinin onunla qəbrə getməsinə yol verməməyin vacibliyini bilirdi", - o, əlavə edib.

"Ciddi suallar var və onlara cavab verilməlidir", - deyən Baş prokuror Epstein-in ölümüylə bağlı Ədliyyə Nazirliyi xəttiylə də istintaqın başladığını qeyd edib.

Epstein nədə ittiham olunub?

Epstein 18 yaşına çatmamış qızlara 2002-2005-ci illərdə seks üçün pul ödəməkdə ittiham olunub.

O, iyulun 6-da həbs altına alınıb.

Epstein 2008-ci ildə də eyni ittihamlarla həbs olunmuşdu, lakin gizli və ziddiyyətli sövdələşməyə görə daha yüngül ittihamlar əsasında günahkar bilinmişdi.

Fotonun müəllifi Reuters
Image caption İrəli sürülmüş ittihamlara görə Epstein-ə 45 illik həbs cəzası kəsilə bilərdi.

2008-ci ilin işi son həftələrdə ətraflı araşdırıldıqdan sonra həmin məsələdə oynadığı rola görə ABŞ-ın Əmək naziri Alex Acosta vəzifəsindən istefa verib.

Prokurorlar Epstein-i eləcə də gələn ilə təyin olunmuş məhkəmə prosesində şahidlik edə biləcək iki potensial şahidi susdurmaq üçün onlara böyük miqdarda pul ödəməkdə ittiham edib.

İrəli sürülmüş ittihamlara görə Epstein-ə 45 illik həbs cəzası kəsilə bilərdi.

Jeffrey Epstein kim idi?

New York-da doğulan Epstein maliyyə sahəsində çalışamağa başladıqdan əvvəl müəllim kim işləyib.

Ona qarşı cinayət işi açıldıqdan əvvəl o, öz sərvəti və yüksək rütbəli şəxslərlə əlaqə qurduğuna görə tanınırdı.

O, tez-tez varlı və qüdrətli adamlarla oturub-durub - belələrinin arasında Donald Trump, keçmiş prezident Bill Clinton və Britaniya şahzadəsi Andrew olublar.

2002-ci ildə New York Magazine jurnalındakı məqalədə Donald Trump Jeffrey Epstein-i "əla adam" kimi səciyyələndirib.

Fotonun müəllifi Getty Images
Image caption Jeffrey Epstein-in oturub-durduğu adamlar arasında bir vaxtlar Donald Trump da olub.

Lakin sonradan Trump bildirib ki, artıq 12-15 ildir ki, onunla yolları ayrılıb və ötən ay təkrar edib ki, Epstein-ə rəğbət bəsləyənlərdən deyil.

Epstein-in sərvəti barədə xəbərlər müxtəlifdir, onun Vircin adalarında yerləşən şirkətinə dair isə ictimaiyyət üçün açıq olan məlumat yoxdur.

Bu barədə daha geniş