Zara: Modanı dəyişən şirkətə içəridən baxış

Zara yeni paltar fasonu Instagram-da populyarlıq qazanıb Fotonun müəllifi Zara
Image caption Zara yeni paltar fasonu Instagram-da populyarlıq qazanıb.

Yanımdan üç qadın ötür. Hamısı da eyni əyin-başda: qara naxışlı, uzunətəkli ağ don. Bu paltarların Zara-dan olduğunu bilirəm.

Məndə də belə paltar var və indi bu cür paltarları hər yerdə görmək mümkündür.

Bu paltarla və Instagram-da fanatların bu model üçün yaratdıqları səhifəylə Zara bu ilin yay mövsümünə öz damğasını vurub.

Geyim sənayesinin ispaniyalı nəhənginin işləri məşhur rəqiblərindən fərqli olaraq yaxşı gedir, satış göstəriciləri rekord vurur.

Şirkətin ölçüləri və əldə etdiyi nailiyyətləri tutuşdurulanda, onun uğurunun səbəbi izaholunmaz görünə bilər.

Zara özünü reklam etdirmir, marketinq işlərinə az səy sərf edir, keçən il biznes dərgisi tərəfindən ilin ən bacarıqlı meneceri adlandırılmış şirkətin rəhbəri isə indiyədək geniş müsahibələr verməyib.

Pablo Isla bu yaxınlarda Zaranın gələcək planlarını açıqlayıb. Onun sözlərinə görə, gələcək planlar əsasən rəqəmsal və davamlı islahatlarla bağlıdır.

Görəsən, müştərilərin mümkün qədər çox paltar almasına hesablanan biznesin davamlılığını təmin etmək mümkündürmü?

"Ziddiyyət yoxdur"

İspaniyanın şimalında yerləşən qərargahında danışan Zara və Inditex şirkətlərinin rəhbəri Pablo Isla davamlılıq məsələsindən danışıb.

"Davamlılıqla şirkətin gəlirli işləməsi arasında heç bir ziddiyyət yoxdur", - o deyir.

Fotonun müəllifi Zara

"Gələn il dünya boyu bütün dükanlarımız səmərəli işləyəcək - bu, onların enerji və su sərfiyyatının aşağı olacağı deməkdir. Enerjinin 20 faizinə qənaət gəlirin əmələ gəlməsini təmin edir."

Biznesin necə qurulduğundan asılı olaraq, əsas iş qaydaları biznesin davamlı olması hədəfini təmin edə bilər.

Pablo Isla-nın qeyd etdiyi kimi Zara anbar həcmlərini aşağı səviyyədə saxlamağa çalışır.

Bu, şirkətə tullantıları minimuma endirməyə və böyük sayda malları ucuzlaşdırmaq məcburiyyəti qarşısında qalmamaq imkanı verir.

Zara qərargahının əməkdaşları Zara dükanları menecerlərindən birbaşa gələn məlumat bazasının təhliliylə məşğuldurlar.

Onlar bu məlumatdan istifadə edərək həftəlik fəaliyyət planlarını tərtibləyirlər - Zara fabrikləri yalnız satılacağına əmin olduqları məhsulu istehsal edirlər.

Zara paltarlarının əksəriyyəti İspaniya və qonşuluqdakı Portuqaliya, Mərakeş və Türkiyədəki müəssisələrdə hazırlanır.

"Uzunmüddətli əlaqələr"

Zara-nın qadın geyimlərini istehsal edən əsas fabriklərdən biri də baş ofisin yanındadır.

Bu üsul Zara-ya işin sürətini artırmaq, yeni trendlərlə mağazalarını rəqiblərindən daha tez təmin etmək imkanı verir.

Lakin bu, heç də o demək deyil ki, iş standartlarının gözlənilməsini də həmişə təmin etmək mümkün olur.

İki il əvvəl, Türkiyədə bəzi müştərilər paltarlarda Zara işçilərinin qoyduğu məktubları tapmışdılar.

Həmin məktublarda işçilər maaşlarının ödənilmədiyini bildirərək alıcıları Zara-da iş standartlarına əməl edilməsi tələbini dəstəkləməyə çağırırdılar.

Bu barədə sualla bağlı Pablo Isla bu cür təchizatçılarla görülən işi "təkamül" adlandırıb.

Onun sözlərinə görə, iş şəraiti standartlarının təmin edilməsində "ən vacib məsələ təchizatçılarımızla uzunmüddətli münasibətlərin qurulmasıdır".

Fashion Revolution (Moda İnqilabı) təşkilatı paltarların haradan gəldiyini və onun hazırlanmasında etik standartlara nə dərəcədə əməl edildiyini yoxlayan bir təşkilatdır.

Təşkilat deyir ki, Zara, geyimlərinin istehsal yeri barədə daha çox məlumat verməlidir.

"Zara-nın sahibi olan Inditex şirkəti istehsalçılarının siyahısının dərc etdirilməsini yubandıran iri paltar satıcılarından biri olaraq qalır", - Fashion Revolution şirkətinin proqram direktoru Sarah Ditty qeyd edir.

"Digər brendlər bu cür siyahıları dərc edib və zaman göstərib ki, onların açıqlanması həmin şirkətlərin rəqabətliliyini zəiflətməyib".

Plastikdən təkrar istifadə

Zara qərargahında qurulmuş pilot mağazada alıcılar gözə dəymir. Bura işıqdan tutmuş vitrinə qədər dükanların hər bir elementini sınaqdan keçirmək üçündür.

Zara dükanlarının qarşısına tullantıları sıfıra çatdırmaq hədəfi qoyulub.

Bütün qablaşdırma materialları təkrar emal olunmuş kartondan və plastikdən hazırlanır. Paltarları da təkrar emalı böyük bir mövzudur.

Fotonun müəllifi Zara
Image caption Zara mağazalarında köhnə paltar yığımı üçün xüsusi qutular yerləşdirilib.

Zara plastik materiallardan təkrar emal yoluyla parka hazırlamaq işində ABŞ-ın məşhur MIT universiteti ilə əməkdaşlıq edir.

Zaranın belə materiallardan hazırladığı ən son parka nümunələri ipəyi xatırladır.

Pablo Isla Zaranın istifadə etdiyi pambıq, kətan və poliester parçaların hamısının, yəni 100 faizinin 2025-ci ildə üzvi, davamlı və ya təkrar emallı olacağına dair öhdəlik götürüb.

Fashion Revolution-dan Sarah Ditty deyir ki, Zara-nın davamlı materiallardan istifadə etməsi əla xəbərdir, amma bu təcrübə paltar istehsal edən bütün şirkətlər tərəfindən tətbiq olunmalıdır.

Eyni zamanda o, ən ciddi problem paltarın böyük həcmdə istehsal olunmasında görür.

Inditex şirkəti təkcə 2017-ci ildə bazara 1,5 milyard növ paltar məhsulu çıxardığını bildirib. Hətta ekoloji cəhətdən təmiz parçaların artan həcmdə istehsalı planetimizdə yaşayış üçün şəraitə mənfi təsir göstərir.

İstehlak etdiyimiz paltarın həcmi tekstil sənayesinin qısa zaman kəsiyində necə böyüdüyündən və dəyişdiyindən xəbər verir.

Britaniyada ildə hər adambaşına 27,6 kg paltar düşür və bu göstəriciyə görə ölkə Avropada liderdir.

Müştərilərin qərarı

Əlbəttə, Zara-da çeşid olduqca genişdir, moda eksperti Jasmine Jonas deyir: "Zara-da mənə lazım olan, xoşuma gələn və cibimə uyğun paltarı həmişə tapacağıma əminəm. Lakin hər yerdə ekoloji cəhətdən zərərsiz paltarlara tələbat artmaqdadır".

Bu, təkcə Fashion Revolution-un rəyi deyil - bir çox fəallar da tekstil sənayesinin davamlılığını istehsal və satış həcmlərinin azaldılmasında görürlər.

Lakin rekord satış həcmlərini qorumaq istəyən Zara və Inditex-i belə perspektiv qane edə bilərmi?

Fotonun müəllifi LightRocket / Getty Images
Image caption Görəsən, alıcılar daha az paltar almalıdırlar, yoxsa istehsalçılar istehsal olunan məhsulun həcmini azaltmalıdır?

"Hansı məhsulu nə həcmdə almaq həmişə müştəriyə aid olan bir məsələ olub və onun qərarından asılıdır", - Pablo Isla hesab edir.

"Bir şirkət olaraq bizim əsas vəzifəmiz məhsullarımızın istehsalında davamlılığı təmin etməkdir. Hər bir müştəri, hər bir şəxs nəyi istəyirsə, onu da alır. İstəyər - pulunu restoranda xərcləyər, istəyər - paltar alar ... bu, hər bir şəxsin azadlığını müəyyən edən meyardır".

"Bunu etməliyəm, yoxsa etməməliyəm?", - bu əzəli sual Pablo Isla-nın dedikləri nəzərə alınmaqla davamlılıq problemi bucağından baxanda yeni məna ala bilərmi?

Hələlik isə Zara müştərilərinin aldıqları paltarın ətraf mühitə təsiri barədə suallarını minimuma endirmək üçün əlindən gələni etməyə hazır olduğunu deyir.

Bu barədə daha geniş