Sizin uşaq sahibi olmanızı istəməyən doğum əleyhdarları kimlərdir?

Antinatalist

Antinatalistlər (doğum əleyhdarları) inanırlar ki, insanlar dünyaya uşaq gətirməkdən imtina etməlidirlər.

Belə düşünənlərdən biri də İngiltərənin şəqrində yaşayan 29 yaşlı Thomas-dır.

Thomas hesab edir ki, insanlar uşaq "istehsal etməkdən" vaz keçməli və insan nəsli tədricən tükənməlidir.

Bu fəlsəfi dünyagörüşünə "antinatalizm" (doğuma qarşı olmaq) deyilir. Hələ qədim yunan tarixində mövcud olmuş bu fikir son dövrlərdə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

"BBC Trending"-in sosial mediayla bağlı araşdırması "Facebook" və "Reddit"-də onlarca antinatalist qrup olduğunu ortaya çıxarıb. Bu qrupların bəzilərinin minlərlə üzvü, "Reddit"-dəki "r/antinatalizm" qrupununsa hətta 35 min üzvü var.

Bütün dünyaya yayılan antinatalizm cərəyanı tərəfdarlarının fərqli inancları var. Bəziləri genetik mirasla bağlı problemləri qabardırlar, bəziləri uşaqların böyüyüb əzab çəkmələrini istəmirlər, bəziləri uşaqların öz iradələri xaricində dünyaya gətirilməsinə etiraz edirlər, bəziləri əhali sayının sürətli artışına diqqət çəkirlər, digərləri də ekoloji problemlərin artmasına görə doğuma qarşı çıxırlar.

İngiltərədə Sussex hersoginiyası Meghan Markle və onun əri, Sussex hersoqu şahzadə Harry də ekoloji problemlərə görə iki uşaqdan çox övlad sahibi olmaq istəmədiklərini açıqlamışdılar.

Thomas antinatalizmlə bir neçə il əvvəl "YouTube" kanalındakı materiallar vasitəsilə tanış olub. Buna qədər o, mövzuyla bağlı hər hansı fikrə sahib deyilmiş, amma indi "Facebook"-dakı antinatalist qrupların fəal üzvlərindən biridir.

"Məncə, bu, çox möhtəşəm bir şeydir. Real həyatla bağlı problemləri müzakirə edirik" - Thomas belə deyir və əlavə edir:

"Bir fikriniz var. Məsələn, hesab edirsiz ki, insan nəsli həqiqətən də tükənə bilər. Amma insanlar sonra yenidən doğub-törəməyə başlasalar? Deməli, problemi tam həll edə bilməmisiniz. Bu mövzu ətrafında mübahisələr çoxdur, bəziləri hətta çox kövrəkdir".

İcazə - əsas prinsip

Antinatalizm gruplarında bəzi nihilist fikirlər səslənsə də, doğum əleyhdarlarının zorakılıq təhlükəsi yaratmalarıyla bağlı hər hansı əlamət yoxdur. Onlar nəsil tükənməsi mövzusunu müzakirə predmeti olaraq gündəmə gətirirlər. Heç bir virtual qrupda üzvlər bir-birlərini zorakılıq və ya ölümlə təhdid etmir.

Thomas Yerin kənarında böyük bir deşik açmağın və ora insan nəslini bir həmləylə yox edəcək "qırmızı həyəcan düyməsi" yerləşdirməyin tərəfdarıdır. Əslində, onun fikirləri son dərəcə mübahisəlidir, çünki antinatalistlərin əsas prinsipi "icazə"dir.

Yəni onlar kiminsə doğumunun və ya ölümünün həmin şəxsin icazəsinə əsaslanmalı olduğuna inanırlar.

Teksas San Antonioda yaşayan Kirk kiçik yaşlarından etibarən antinatalist olduğunu deyir.

O hesab edir ki, həyatda olmağı istəyib-istəmədiyimiz heç birimizdən soruşulmadığı üçün yeni canları da onların icazəsi olmadan dünyaya gətirmək doğru deyil.

Kirk deyir ki, əgər bu həyat oyununa qoşulub-qoşulmama qərarını hər kəs özü versəydi, o, doğuma qarşı çıxmazdı: "Yəni mənim mövqeyimi icazənin olub-olmaması müəyyənləşdirir".

Thomas-ın yaratmaq istədiyi "dünyanı yox ödəcək qırmızı nöqtə" antinatalistlər üçün də mübahisəlidir, çünki dünyadakıların hamısı yox olmağı istəməyə bilər.

Antinatalistlərin çoxu, o cümlədən də Kirk hesab edirlər ki, insanlar yeni doğumlardan könüllü surətdə vaz keçməlidirlər.

Ruhi vəziyyət

Antinatalist gruplar arasında ruhi vəziyyət də müzakirə mövzusudur. Bəziləri öz təcrübələrini bölüşürlər, bəziləri övlad sahibi olanların ruhi vəziyyətinin normal olmadığını düşünürlər.

Məsələn, bir istifadəçinin yazdığı "Bipolyar olmağım və ümumu narahatlıq halım azmış kimi, bir də şəxsiyyət pozuqluğu problemi yaşayıram" mesajını başqa bir istifadəçi paylaşaraq yazır ki, "Bu şəxsin iki uşağı var, o uşaqlara yazığım gəlir".

Başqa bir qrupdakı istifadəçi isə intihar barədə düşündüyünü bildirir.

Thomas onda şizofreniya və depressiya olduğunu deyir:

"Depressiya ailəmizdə də var. Uşağım olsa, onun da depressiv olmaq ehtimalı yüksəkdir, həyatından razı olmayacaq".

Thomas cəmiyyətin onları yanlış anladığını qeyd edir:

"İnsanlar bizə psixopat, dəli damğası vurur, amma realda qətiyyən belə deyil".

Ekoloji problemlər

Antinatalistlərin son zamanlarda ən çox müzakirə etdikləri mövzular ekologiya və iqlim dəyişikliyidir. Antinatalist qruplarda yazılan arqumentlərin bəziləri ekologiya fəallarının arqumentləriylə üst-üstə düşür.

Filippinli Nancy vegandır, heyvan haqlarını müdafiə edir, eyni zamanda plastik qablardan istifadəyə qarşıdır. O deyir ki, indiki zamanda uşaq sahibi olmaq eqoistlikdir:

"Doğrusu, doğulan uşaqlar ekologiya üçün daha böyük təhlükədir".

"Çox qəzəbli antinatalistlər" ("Very angry anti-natalists") adlı "Facebook" grupunun hazırladığı petisiya tezliklə BMT-yə göndəriləcək.

"İqlim fəlakətinə səbəb olan əhali sıxlığı - dünya miqyasında doğumlara son verilməlidir" başlıqlı sənədi indiyə qədər 27 min nəfər imzalayıb.

İngiltərədəki "Population Matters" dərnəyinin rəhbəri Robin Maynard deyir ki, "Məqsədimiz yaşamaq məcburiyyətində olduğumuz planetlə insanlar arasında harmoniya yaratmaqdır. Dünyada daha az uşaq olsa, ailələr də daha kiçik olar və dünya əhalisi sabit sayda qalar".

"BBC Dünya əhalisi" müxbiri Stephanie Hegarty hesab edir ki, əhali artışının ekologiyaya mənfi təsir edəcəyini demək doğru deyil, çünki bunu proqnozlaşdırmaq çətindir:

"Elmi araşdırmalara görə, ekonomik inkişaf və doğum sayı səviyyəsindəki azalma dünya əhalisinin sayının yaxın 80 il ərzində 11milyard həddində qalacağını göstərir. Planetin bu qədər adama dözüb-dözməyəcəyini isə hələ bilmirik".

Antinatalistlər arasındakı etik və fəlsəfi müzakirələrdə təhqir və aşağılama elementləri də var.

Məsələn, qrupların birində üzvlərdən biri yazıb ki, "Hamilə qadın görəndə ilk hiss etdiyim şey ürəkbulanmasıdır. Hamilə qadınların qarınlarına nifrət edirəm".

Amma bu, BBC-yə müsahibə verən antinatalistlərin hamısının uşaqlara nifrət etməsi demək deyil.

"Mən fərdi olaraq uşaqları çox sevirəm, elə sevdiyim üçün də gələcəkdə onların əzab çəkməsini istəmirəm. Bəlkə onları dünyaya gətirmək mənə zövq verər, amma gələcəkdəki təhlükə elə böyükdür ki, bunu etməyə dəyməz" - Nancy belə deyir.

Bu barədə daha geniş