Amazon yanğınları niyə dünya üçün təhlükəlidir?

Amazon meşələrində çıxan yanğınlar bu il 2018-ci il ilə müqayisədə 80 faiz artıb. Braziliyada son altı ilin ən çox sayda yanğınları baş verir.

İdarə edilə bilinməyən yanğınlar təkcə Braziliyaya deyil, Boliviya və Paraqvaya da təsir edir.

Cənubi Amerikada hər bir dəqiqədə bir futbol stadionu böyüklüyündə meşəliyin itirilməsi ilə nəticələnən yanğınlar təkcə bu qitəyə yox, bütün dünyaya təsir edə biləcək miqyasdadır.

6.7 milyon kvadrat kilometr meşəliyin qarşı-qarşıya olduğu yanğınlar dünyanı beş əsas məsələdə təhdid edir:

Fotonun müəllifi Getty Images

1. 40 mindən çox bitki növü

Dünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatlarına görə, Amazon regionunda 40 mindən çox bitki növü var.

Dünya Bankı "Amazon dünyanın tropik meşələrinin 40 faizinə, qurudakı biomüxtəlifliyin isə 25 faizinə ev sahibliyi edir" deyir.

Amazon regionunda bitən bir çox bitki növü tibdə dərman istehsalında istifadə olunur. Əldə edilən bitkilərdən xərçəng xəstəliyinin dərmanları da, kosmetik vasitələr də istehsal olunur.

Fotonun müəllifi Getty Images

2. 6 mindən çox heyvan növü

Amazon regionunda bu günə qədər 427 məməli, 1300 quş, 378 sürünən və 400-dən çox suda-quruda yaşayan heyvan növü kəşf edilib. Bundan başqa, 3 min müxtəlif şirin su hövzələrində yaşayan balıq növü də bu ərazidə yaşayır. "Vegetarian pirani" adlandırılan balıq növünə də Amazonda rast gəlinmişdi.

Yanğınlar bu canlıların yaşayış yerini və gələcəyini təhdid edir.

Fotonun müəllifi Getty Images

3. 400-ə yaxın yerli qəbilə camaatı

Yerli xalqların qorunması yönündə fəaliyyət göstərən, mərkəzi Braziliyada olan "Survival İnternational" təşkilatı Amazon meşələrində təxminən 1 milyon yerli insanın 400 fərqli qəbilədə yaşadığını bildirir.

Bu qəbilələrin hamısının özlərinə məxsus mədəniyyətləri və dilləri var.

Bəzi yerli qəbilə kəndləri 500 ildir ki, özlərindən başqaları ilə əlaqə qurur, bəziləri isə hələ də tamamilə izolyasiyada yaşayır.

Bu qəbilələrin qida və həyat mənbələri də yaşadıqları Amazon meşəliklərinin zənginlikləridir.

Qida, dərman, yaşayış yeri kimi əsas tələbatlarının hamısını meşədən əldə edirlər.

Fotonun müəllifi Getty Images

4. Dünyanın "iqlim balanslaşdırıcısı"

Braziliyanın Elm, Texnologiya və Rabitə Nazirliyi aprel ayında verdiyi açıqlamada Amazon tropik meşələrinin ölkənin cənubundakı yağış sikllərini tarazladığını və çox yüksək miqdarda karbondioksidi əmə bildiyini söyləmişdi.

Lakin Amazon regionunun əhəmiyyəti təkcə Braziliya ilə məhdudlaşmır.

Tropik meşələrin Cənubi Amerikanın ən böyük "iqlim balanslaşdırıcısı" olduğu ifadə edilir.

Elmi "Science Advances" jurnalında dərc olunan və araşdırmaçılar Thomas Lovejoy və Carlos Nobrenin məqaləsində "Amazon tropik meşələrindəki rütubət səviyyəsi qış aylarında Rio de la Plata hövzəsinə düşən yağışa təsir edir. Uruqvay, Paraqvan və Argentinadakı yağış səviyyələri Amazonun tropik meşələri ilə birbaşa əlaqəlidir" deyilir.

Fotonun müəllifi Getty Images

5. Dünyanın ən böyük çay hövzəsi

Amazon eyni zamanda planetin ən böyük çay hövzəsi mövqeyindədir. 7 milyon kvadrat kilometrlik əraziyə yayılan hövzə Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Peru və Venesuelanın kiçik hissəsini əhatə edir.

Bu hövzənin ən böyük hissəsi Braziliya sərhədləri daxilindədir. Argentinanın İnfobae Vəhşi Təbiəti Qoruma Birliyinin sədri Manuel Jaramillo "Amazon regionu planetimizdəki şirin suyun 17-21 faizini təşkil edir" deyir.

Bu barədə daha geniş