Zelenski Ukrayna konstitusiyasını dəyişir. Niyə?

Zelenski Fotonun müəllifi UNIAN
Image caption Ali Radanı kefikök tərk etmək üçün Zelenskinin ciddi səbəbləri vardı: deputatlar onun Ukrayna konstitusiyasına təklif etdiyi bütün dəyişikləri dəstəkləmişdilər.

Bu həftənin əvvəli Ukrayna Ali Radası konstitusiyaya səkkiz dəyişiklik layihəsini müzakirə edib.

Onlardan ancaq biri - deputat toxunulmazlığının ləğvi barədə təklif qəbul edilib. Bunu parlamentə iki il əvvəl o dövrdə prezident olan Petro Poroşenko göndərmişdi.

Digərlərinin müəllifi isə yeni prezident Zelenskidir. Cənab Zelenskinin parlamentin ilk iş günündə təklif etdiyi bu yeddi dəyişiklik ekspertiza üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Deputatlar cari sessiyada, yəni gələn ilin yanvar ayının sonuna kimi bu təkliflərə sadə yolla, yəni səs çoxluğuyla səs verməlidirlər, növbəti sessiyada onların son oxunuşda qəbulu üçün 300 deputatın razılığı lazım gələcək.

Prinsipcə, Zelenskinin dəyişiklər layihəsinin taleyi hələ səsverməyə qədər həll edilmişdi. Layihənin Konstitusiya Məhkəməsinə göndərilməsi üçün 450 deputatdan 226-sının ona səs verməsi tələb onurdu, prezident fraksiyası olan "Xalqın xidmətçisi" isə Radada nə az, nə çox - 254 səsə sahibdir. Gələn il isə prezident komandasına Radanın üçdə ikisinin dəstəyini almaq xeyli çətin olacaq.

Bəzi təkliflər artıq indidən Radada qaynar müzakirələrə səbəb olub.

Zelenskinin birdəfəyə yeddi dəyişiklik təklifiylə çıxış etməsini və bu təkliflərin parlamentdə günün sonuna kimi müzakirə edilməsini prezidentin tərəfdarları yeni hakimiyyətin yüksək fəallığı və qərarlılığı kimi qiymətləndirirlər, onun opponentləri isə bu təklifləri sistemsiz qanunvericilik spamı adlandırırlar.

"Layihələri dəstəkləyənlərə təklif edirəm: onları bir də oxuyun. Mən əmin deyiləm ki, söhbətin nədən getdiyini anlayacaqsız və hətta anlasanız belə, özünüzdən soruşacaqsız: İncili komiksə çevirməyə dəyərmi, axı, bu, tamam başqa janrdır", - deyə "Səs" partiyasından olan deputat, yaxın keçmişdə Ukraynanın ən yaxşı siyasi jurnalisti hesab edilən Sergey Raxmanin Radanın ilk iclasındakı çıxışında təklifləri sərt tənqid edib.

Bu sənədlərin tələsik qəbulu yeni hakimiyyətin rəqiblərinə prezident tərəfdarlarını prosedur pozuntularında günahlandırmaq imkanı yaradıb. Bunlar çərşənbə axşamı qəbul edilmiş qərarların sonradan ləğvinə gətirib çıxara bilər.

BBC Radada müzakirə edilmiş konstitusiya dəyişikliklərinin qısa icmalını və əleyhdarlarının Zelenskini əsasən nələrdə ittiham etdiklərini təqdim edir.

Ləğv olunmuş toxunulmazlıq

Dəyişikliyin mahiyyəti: Konstitusiyadan Radanın icazəsi olmadan deputatın saxlanılması, həbs edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən paraqraf ləğv edilir.

Zelenskinin arqumentləri:

Deputat toxunulmazlığının ləğvi Vladimir Zelenskinin və onun "Xalqın xidmətçisi" partiyasının fundamental seçki vədlərindən biriydi. Ukrayna prezidenti parlament iclasında bu təklifi şəxsən təqdim edib.

"Ukrayna deputatları həqiqətən dahiyanə bir kəşfə imza atıblar, onlar siyasi həyatın daimi mühərrikini icad ediblər. Çox sadə mexanizmdir: əvvəlcə deputatlığa namizədlər toxunulmazlığın ləğvini vəd edirlər, sonra bu təklifə səs vermirlər, sonra xalq bunu unudur və beləliklə, eyni vədi sonrakı seçkilərdə də təkrarlamaq imkanı yaranır. Bu zaman maşınını tarixin zibilliyinə atmaq zamanı gəlib çatıb" - prezident belə deyib.

Ukraynada deputatların toxunulmazlığının ləğviylə bağlı müzakirələr çoxillik tarixə malikdir. 2000-ci ildə bu məsələ həttə referenduma da çıxarılıb: onda səs verənlərin 90%-i təklifi dəstəkləyib, Amma bütün bu illər ərzində ümummilli səsvermənin nəticələrini tətbiq etmək mümkün olmayıb.

Fotonun müəllifi UNIAN
Image caption 3 sentyabrda Ali Radanın iclası gec saatlara qədər davam edib

"Ukrayna əhalisinin 90 faizi toxunulmazlığın ləğvini dəstəkləyir. Bu rəqəmin doğruluğunu yoxlamağı və onlardan nə qədərinin sabah Radanın yanına gələcəyinə baxmağı sizə heç məsləhət görmürəm" - Zelenski təklifin potensial əleyhdarlarına xitabən belə deyib.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun aprel ayında keçirdiyi sorğunun nəticələrinə görə, hazırda ukraynalıların üçdə ikisi deputat toxunulmazlığının ləğvini yeni hakimiyyətin prioritet vəzifələrindən biri hesab edir.

Müxalifət nə deyir:

Bu dəyişikliyi yalnız rusiyapərəst "Həyat uğrunda müxalif platforma" partiyası dəstəkləməyib. Partiyanın təmsilçiləri deyiblər ki, ancaq prezidentin də toxunulmazlığı ləğv ediləcəyi halda layihəyə səs verə bilərlər.

Amma iclasda bu məsələ ilə bağlı digər narahatlıqlar da səsləndirilib.

Bəzi deputatlar bildiriblər ki, Ukraynanın hüquq-mühafizə sistemi mükəmməl deyil və deputat toxunulmazlığının ləğvi gələcəkdə hakimiyyətin rəqiblərinin siyasi təqibinə şərait yarada bilər.

Onlar Ukrayna tarixinin kritik dönəmlərində toxunulmazlığın oynadığı rolu da xatırladıblar.

"Təəssüf ki, parlamenti özəlləşdirmək fikri Ukraynanın faktiki olaraq bütün keçmiş prezidentlərini cəzb edib. Diktatura meyllərinin artdığı 2004 və 2014-cü illərdə toxunulmazlıq sayəsində müxalifətçi deputatlar fəalların həyatını xilas edə biliblər, qanunsuz həbs olunanlara yardım ediblər, onları həbsxanalardan çıxarıblar, vətəndaşlar və "Berkut" arasında canlı sədd çəkiblər" - deputat Taras Batenko belə deyib.

Daha az deputat

Dəyişikliyin mahiyyəti: Radada deputatların sayını 450-dən 300-ə endirmək və seçkiləri ancaq proporsional qaydada keçirmək (hazırda qarışıqdır). Bundan başqa, dövlət dilini bilmək deputat seçilməyin şərtlərindən biri olaraq rəsmiləşdirilir.

Zelenskinin arqumentləri:

"Əgər biz küçəyə çıxıb ölkə vətəndaşlarından soruşsaq ki, Ukrayna üçün 450 deputat çoxdurmu, onların 90, bəlkə hətta 100 faizi deyər ki, bəli, 450 deputat həddindən artıq çoxdur" - Zelenskinin Konstitusiya Məhkəməsindəki təmsilçisi Fedor Venislavski parlamentdə çıxışı zamanı belə deyib.

O, həmçinin əlavə edib ki, 1996-cı ildə konstitusiyada bu say müəyyənləşəndə Ukrayna əhalisi 50 milyon olub, indiki saysa məlum deyil, çünki 2001-ci ildən sonra əhali sayımı aparılmayıb, amma az olduğu dəqiqdir. Buna görə də deputatların da sayı azaldılmalıdır.

Fotonun müəllifi UNIAN
Image caption Ola bilsin ki, tezliklə Radada seyrəlmə baş verəcək: Zelenski deputat sayının 450-dən 300-ə endirilməsini təklif edib

Zelenski hələ parlament seçkilərindən əvvəl majoritar üsulla seçilmiş deputatlardan xilas olmağı planlaşdırırdı. Amma onda səs azlığı ucbatından seçkilər haqqında qanuna dəyişiklik etmək mümkün olmamışdı.

Müxalifət nə deyir:

"Mənim çox sadə bir sualım var: niyə 300? Yəni 300 spartalı, yoxsa sizin başqa assosiasiyalarınız var?" - deyə təkmandatlı deputat Dmitri Lubinets çıxış edənlərə müraciət edib.

"Küçəyə çıxıb soruşsanız, sizə 50 [deputat] də çoxdur deyəcəklər. Onda gəlin, parlamenti ləğv edək, nəyimizə lazımdır? Küçədə sizə belə deyənlər də az olmaz" - bunu da Lubinets söyləyib.

"Avropa həmrəyliyi" partiyasıdan olan deputat Aleksey Qonçarenko da onu dəstəkləyib:

"Bizə deyirlər ki, məqsəd (deputat sayının azaldılması) - dövlət vəsaitinə qənaətdir. Amma bundan xeyli sadə üsul da var: gəlin, bizim deputat maaşlarımızı azaldaq... Minimum əmək haqqının iki misli qədər olsun, belədə deputatlar üçün çəkilən xərc üç dəfə azalar və sizin ideal təklifləriniz əsasında konstitusiyanı dəyişmək lazım gəlməz. Bu təklif növbəti ucuz populizm nümunəsidir".

Qonçarenko həmçinin təklif edib ki, deputatların sayını 95-ə endirsinlər ki, "95-ci kvartal" parlamentə yerləşin.

Majoritar üsulla seçilmiş deputatların proqnozlaşdırılan etirazı seçkilərin ancaq proporsional sistemlə keçirilməsi qaydasının tətbiqi təklifini ortaya çıxarıb. Çerkask vilayətindən seçilmiş Anton Yatsenko isə bu məsələnin, təkmandatlı deputatları seçmiş vətəndaşların rəyinə hörmət edilməsi məqsədilə referendum səsverməsinə çıxarılmasını istəyib.

Majoritar sistemdən imtina təklifini proporsional üsulla seçilmiş deputatlar da tənqid ediblər.

"Burda dedilər ki, proporsional sistemin tətbiqi korrupsiyanın qarşısını almaq üçündür. Xatırlatmaq istəyirəm ki, Ukrayna tarixində qapalı proporsional sistem olub və onda partiya siyahılarındakı yerlər vilayətlərdəki yerlərdən daha ucuza satılmayıb" - "Səs" partiyasının siyahısıyla parlamentə seçilmiş Yaroslav Yurçişin belə deyib.

Deputat davamiyyətsizliyi

Dəyişikliyin mahiyyəti: Radanın deputatı sistematik olaraq iclaslara, komitə toplantılarına gəlmədiyi halda və ya başqasının yerinə səs verdiyinə görə mandatdan məhrum edilir.

Zelenskinin arqumentləri:

"Əgər bizim deputatlar çox kiçik davamiyyətsizliyə görə işdən çıxarılan insanlar tərəfindən seçilirlərsə və aylarla parlamentin fəaliyyətində iştirak etmirlərsə, bu biabırçılıqdır" - prezidentin Konstitusiya Məhkəməsindəki təmsilçisi Fedor Venislavski belə deyib.

Həqiqətən də, əvvəlki parlamentin fəaliyyətinin son aylarında davamiyyət məsələsi son dərəcə ciddi problem halına gəlib. Radada vacib səsvermələrin keçirilmədiyi çərşənbə və cümə günlərində televiziya tamaşaçıları parlamentin zalını boş görürdülər.

Fotonun müəllifi UNIAN
Image caption "Özünün və o biri oğlanın əvəzinə" səs vermək gələn ildən etibarən Radanın deputatını mandatsız qoya bilər

"Düyməbasanlıq"la (İclasda iştirak etməyən deputatların yerinə səs verməyi Ukraynada belə adlandırırlar) mübarizə parlamentin bütün əvvəlki çağırışlarında da vəd edilib, amma vəziyyət dəyişməyib və konstitusiyada nəzərdə tutulmamış "özünün və o biri oğlanın yerinə səs vermək" qaydası davam edib.

Zelenskinin komanda üzvləri əvvəllər "düyməbasanlığa" görə yüksək cərimə tətbiq ediləcəyini bildirirdilər. Görünür, indi vəziyyət dəyişib və bu əmələ görə daha radikal cəza - mandatdan məhrumetmə tətbiq etməyə qərar verilib.

Müxalifət nə deyir:

Deputatlar bu təklifi çox da tənqid etməyiblər, sadəcə bəziləri qeyd ediblər ki, belə yeniliklər müəyyən siyasi intriqalara və tələqurmalara gətirib çıxara bilər.

"Çox sayda deputatın guya təsadüfən başqalarının da əvəzinə səs verdiyini mən şəxsən özüm görmüşəm" - "Həyat uğrunda müxalif platforma"dan olan deputat Mixail Papiyev belə deyib.

Lvov vilayətindən seçilmiş təkmandatlı Yuri Kamelçuk təklif edib ki, konstitusiyaya öz dairəsində çox az vaxt keçirən deputatların geri çağırılması qaydası əlavə edilsin.

Xalq təşəbbüsü

Dəyişikliyin mahiyyəti: xalqa qanunvericilik təşəbbüsü hüququnun verilməsi. Amma xalqın Radaya yeni qanun layihələrini necə təqdim edəcəyi aydın deyil: bunu hələ hazırlanmamış yeni qanun müəyyənləşdirəcək.

Zelinskinin arqumentləri:

Dövlətin idarə edilməsində xalqın iştirakını artırmaq Vladimir Zelenskinin əsas seçki vədlərindn biriydi. Onun tərəfdarları deyirdilər ki, Qərb ölkələrinin çoxunda belədir və konstitusiyaya görə də Ukraynada hakimiyyətin mənbəyi xalqdır.

"Xalqımız müdrikdir. O bunu bir neçə dəfə, tariximizin ən çətin dönəmlərində nümayiş etdirib", prezidentin Konstitusiya Məhkəməsindəki təmsilçisi Fedor Venislavski deyib.

Müxalifət nə deyir:

"Bu dəyişiklikdə sərt populizm qarışığı var" - deputatlardan bəziləri deyib.

Daha konkret iradlar bildirənlər də olub. Deputatlar qeyd ediblər ki, prezidentin təklifində aydın olmayan məqamlar var - hansı sayda Ukrayna vətəndaşı hansısa qanun layihəsi təşəbbüsüylə çıxış edə bilər və belə sənədin parlamentə təqdim olunması proseduru necə olacaq?

"90-cı illərdə məşhur bir lətifə vardı: hara və hansı məbləğə aparır sualına taksi sürücüsü "Sən otur, sonra baxarıq" deyə cavab verir. İndiki dəyişiklər təşəbbüsü həmin lətifəni xatırladır. Bu səviyyədə qanun layihəsi qanunvericilik hüququna əsaslanan konkretliyə, həmin hüququn subyektinə, onu reallaşdırmaq mexanizminə malik olmalıdır" - "Avropa həmrəyliyi" fraksiyasından olan deputat Rostislav Pavlenko belə deyib.

Deputatlar Ukraynada vətəndaşların qanunvericilik təşəbbüsünə elementar hazırlıq səviyyəsinə də şübhəylə yanaşıblar, onların qənaətinə görə, ukraynalıların çoxu tamam başqa şeylərə tələbat hiss edir.

"Mən xahiş edirəm ki, şəxsən özünüz Luqanşinaya gəlib insanların necə yaşadığına baxasız, ordakı yolları görəsiz. Bu gün o insanlar nə yaza bilərlər, hansı qanun layihəsini? Bu gün onlara su, elektrik enerjisi, o ərazidə normal yaşayış lazımdır" - cəbhəyanı Luqansk vilayətindən seşilmiş təkmandatlı deputat Sergey Şaxov belə deyib.

Deputatların əsas iradı bundan ibarət olub ki, gözə xoş görünən bəhanəylə - qanunvericilik təşəbbüsünü nizama salan xüsusi qanunun köməyilə Zelenskinin komandası ayrı-ayrı deputatların qanunvericilik təşəbbüsü hüququnu onların əlindən almaq istəyir.

Yeni səlahiyyətlər

Dəyişikliyin mahiyyəti: təklif edilir ki, prezidentə müstəqil nizamlayıcı orqanlar yaratmaq və Milli Antikorrupsiya və Dövlət Araşdırmalar bürolarına rəhbər təyin etmək, onu istefaya göndərmək səlahiyyəti verilsin.

Zelenskinin arqumentləri:

Dəyişikliyin tərəfdarları deyiblər ki, söhbət texniki düzəlişlərdən gedir: MAB və DAB Ukraynada konstitusiya qəbul ediləndən xeyli sonra yaranıb və bu qurumların formalaşmasında prezidentin rolunu konstitusiyada qeyd etmək lazımdır.

Müxalifət nə deyir:

Dəyişikliyin əleyhdarları bildiriblər ki, konstitusiyada bu qurumlara rəhbərlik üçün ən layiqli namizədləri müəyyən edəcək müsabiqələrin keçirilməsi nəzərdə tutulmalı, prezident məhz onların arasından seçim etməlidir, əks halda büroların müstəqilliyi şübhə altına düşər.

Fotonun müəllifi UNIAN
Image caption Müxalifətçilər Zelenskini hakimiyyəti qəsb etməkdə və Putinə bənzəmək cəhdində ittiham ediblər

"Avropa həmrəyliyi"ndən olan Aleksey Qonçarenko deyib ki, konstitusiyaya təklif edilən dəyişikliklər prezidentin hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirir.

"Mənə elə gəlir ki, Vladimir Aleksandroviç (Zelenski) öz adını səhv salıb: ona elə gəlir ki, artıq Vladimir Vladimiroviçdir, amma bizə Vladimir Vladimiroviç lazım deyil" - Qonçarenkonun bu sözləri zalda qəzəbli uğultularla müşayət olunub.

Vəkillik monopoliyası

Dəyişikliyin mahiyyəti: hər hansı şəxsi məhkəmədə yalnız vəkillik lisenziyası olan birinin müdafiə edə bilməsi haqda qayda konstitusiyadan çıxarılır.

Zelenskinin arqumenti:

Dəyişikliyin tərəfdarları deyiblər ki, bu qayda Ukrayna qanunvericiliyində nisbətən yenidir və artıq vəkillik xidmətlərinin bahalanmasına gətirib çıxarıb.

Bundan başqa, o, hər hansı şəxsi, hətta hüquq təhsili olan şəxsləri məhkəmədə özü-özünü müdafiə imkanından məhrum edib.

"Məntiq budur ki, rəqabət çox olacaq, qiymətlər aşağı düşəcək, hüquq diplomu alan hər kəs cinayət işlərinin araşdırıldığı məhkəmələr xaric, bütün digər hallarda vətəndaşları təmsil edə biləcəklər" - təkmandatlı deputat Dmitri Lubinets belə deyib.

Müxalifət nə deyir:

Deputatlar bu dəyişikliyə ümumən müsbət yanaşıblar, amma bəziləri özünə vəkil tutmaq imkanı olmayan şəxslərə yardım üçün gələn ilin dövlət büdcəsində 1 milyard qrivna (40 milyon dollar) vəsait nəzərdə tutulduğunu xatırladıblar.

Petro Poroşenkonun "Avropa həmrəyliyi" partiyasından olan deputatlar qeyd ediblər ki, bu institut konstitusiyaya dəyişiklik ediləndən sonra da fəaliyyətini davam etdirməlidir.

Parlament səlahiyyətliləri

Dəyişikliyin mahiyyəti: parlamentə cəmiyyət həyatının müxtəlif sahələrində qanunların və konstitusiyanın icrasına nəzarət edəcək səlahiyyətli şəxslər təyin etmək hüququ verilir.

Zelenskinin arqumentləri:

Dəyişikliyin tərəfdarları qeyd ediblər ki, Ukraynaya parlament nəzarətini gücləndirmək lazımdır. Prezidentin Konstitusiya Məhkəməsindəki təmsilçisi Fedor Venislavski deyib ki, konstitusiyaya ediləcək bu dəyişiklik sayəsində Ukraynada hərbçilərin hüquqları, şəxsi məlumatların qorunması, informasiyalara çıxış və sairə kimi məsələlərdə Ali Rada Səlahiyyətlisi ola bilər.

Müxalifət nə deyir: "Batkivşina" fraksiyasından olan Alyona Şkrum səlahiyyətlilərin Rada deputatları arasından seçilə biləcəyindən narahatlıq ifadə edib -prezidentyönlü "Xalqın xidmətçisi" fraksiyası parlamentdə həlledici çoxluğa malik olduğu üçün hakimiyyət həmin insanlara təsir mexanizmlərini öz monopoliyasına ala bilər.

Fotonun müəllifi UNIAN
Image caption Zelenskinin təklif etdiyi yeddi dəyişikliyin son təsdiqi üçün gələn il onlara 300 deputat səs verməlidir.

Bəzi deputatlar səlahiyyətliləri hətta "avtoritetlər" adlandırıblar və deyiblər ki, onlar parlament komitələrini nəzarət funksiyasından məhrum edəcəklər.

Digər deputatlar istənilən yeni səlahiyyət institutlarının məqsədəuyğun olub-olmaması məsələsini qaldırıblar.

"Bizdə konstitusiyaya əməl olunmasının yeganə zəmanəti prezidentdir. Konstitusiyaya belə dəyişikliklər vasitəsilə kiçik zəmanətlər istehsal edirik. Bu nəyə lazımdır?" - "Avropa həmrəyliyi"ndən olan Ruslan Knyazeviç belə deyib.

Təkmandatlı deputat Dmitri Lubinets məsələyə ironik münasibət bildirib:

"Məndə sadə bir sual yaranır - komitələr azalmalıdır, nazirliklər azlamalıdır, deputatlar azalmalıdır, amma Ali Radanın müxtəlif sahələr üzrə səlahiyyətliləri artmalıdır?"

Əlavə orqanlar

Dəyişikliyin mahiyyəti: Ali Radaya özünün məsləhətçi-məşvərətçi orqanlarını yaratmaq hüququ verilir.

Zelenskinin arqumentləri:

Dəyişikliyin tərəfdarları deyirlər ki, bu, Kodifikasiya Komissiyası yaratmaq imkanı verəcək, komissiya Ukrayna qanunvericiliyindəki qarışıqlığı nizama salacaq, "ölü" qanunları ləğv edəcək. Onlar ehtiyac olacağı təqdirdə Radanın fəaliyyətini tənzimləyəcək digər orqanların da yaradıla biləcəyini deyiblər, amma hansı orqanlardan söhbət getdiyini dəqiqləşdirməyiblər.

Müxalifət nə deyir:

Dəyişikliyin əleyhdarları səlahiyyətini keyfiyyətli şəkildə icra etmək üçün parlamentin indiki orqanlarının da - aparatın və komitələrin ona kifayət etdiyini, yeni orqanların əlavə büdcə xərclərinə səbəb olacağını vurğulayıblar.

"Bu, günəşin səhərlər çıxması məsələsinə oxşayır: Radanın aparatı var və onun nəzdində istənilən şöbəni yaratmaq olar" - "Avropa həmrəyli" fraksiyasından olan Rostislav Pavlenko belə deyib.

"Biz heç bir mənası olmayan qanunvericilik spamını müzakirə edirik. Biz piarla məşğuluq, çünki piar xal qazandırır. Mən başa düşürəm ki, hamını 20:12-yə qədər işləməyə məcbur edən hakim partiyaya çox böyük əmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək lazımdır, halbuki sabah səhər 10-da normal iclas keçirmək olardı" - Pavlenkonun fraksiya yoldaşı Viktoriya Syumar ona dəstək verib.

Əvvəlkilər kimi, sonda bu dəyişiklik də Radada təsdiq edilib və 10 saatlıq işdən sonra deputatlar dağılışıblar. Parlament fəaliyyətini gələn həftə davam etdirəcək və "Xalqın xidmətçi" fraksiyasından olan deputatların dediyinə inansaq, elə bu cür "turbo-rejimdə" hər gün onlarla qanun qəbul edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş