“Zlatan, kömək et, saçıma dəyməsinlər!”: Rusiyalı şagirdə İbrahimoviçdən dəstək istəyirlər

Златан Ибрагимович Fotonun müəllifi Getty Images
Image caption Zlatan İbrahimoviç çoxdan bu saç düzümüylə gəzir

Krasnoyarsk diyarının Sosnovoborsk şəhərindən olan dördüncü sinif şagirdi Proxor İlyinıx öz saç düzümünü qoruyub saxlamaq üçün müəllimlərinə etiraz etdiyinə görə sosial şəbəkələrin qəhrəmanına çevrilib.

Kumiri, İsveç futbolçusu Zlatan İbrahimoviç kimi o da gicgahlarının üstünü qırxdırıb, açıq rəngə boyadığı saçlarını arxada toplayır. Şəbəkə istifadəçiləri məşhur hücumçuya müraciət edərək yeniyetmə fanatını müdafiə etməyə səsləyiblər.

"Biri özünü ifadə etmək üçün bunu edə bilərsə, sabah başqaları da eyni hərəkəti təkraralayacaqlar. Nəyə oxşayacaqlar? Bir gün də o özünü ifadə etmək üçün kimisə vuracaq" - Proxorun təhsil aldığı 4 nömrəli məktəbin direktoru Lyudmila Pestova belə deyib.

İş o yerə çatıb ki, uşağın valideynlərinə onu ev təhsilinə keçirməyi təklif ediblər. Buna cavab olaraq onlar məktəb rəhbərliyinə rəsmi məktub yazıb izahat tələb ediblər, prokurorluğa müraciət etməklə hədələyiblər.

Hollywood aktyorları Orlando Blum, Bred Pitt və Leonardo di Kaprio kimi məşhurlar arasında da populyar olan, "man bun" adlandırılan bu saç düzümünə Rusiyada "əjdahacıq" deyirlər.

Məktəblinin futbol məşqçisi Aleksandr Qluşkov müəllimlərin hərəkətini yekəbaşlıq adlandırıb və onlara xəbərdar edib: uşağın psixikasını zədələmək olmaz.

Rusiya İstintaq Komitəsinin Krasnoyarsk şöbəsi bu məsələylə bağlı araşdırma aparmaq qərarına gəlib.

"Şagird və onun valideynləri, müəllim və məktəb direktoru dindirilir. Müstəntiqlər məktəb rəhbərliyinin tələbinin qanunauyğun olub-olmadığını müəyyənləşdirməli, vəzifə səlahiyyətlərindən kənara çıxma faktını araşdırmalıdırılar" - RİK-in açıqlamasında belə deyilir.

"Gələcək - sənsən"

Мoskvalı bloger Anatoliy "Noqotoçki" Kapustin öz izləyicilərinə təklif edib ki, İbrahimoviçə yazıb onu rusiyalı fanatına cavab verməyə səsləsinlər.

Kapustini dəstəkləyən media nümayəndələri #ProkhorNeedYourHelp hashtag-ını dövriyyəyə buraxıblar.

"Salam, Zlatan, xahiş edirəm öz fanatına köçək edəsən. Sənin saç düzümünü təqlid etdiyi üçün müəllimləri onu incidirlər" - İbrahimoviçin "İnstaqram"dakı izləyiciləri ona ingilis dilində bu məzmunda şərhlər yazırlar.

Fləşmob Proxorun özünə ünvanlanmış dəstək kampaniyasına qədər böyüyüb.

"Proxor, yadda saxlamaq lazım olan əsas şey budur - müəllimlər və bütün özünüifadə cəhdlərini boğan tiranlar keçmişdə qalacaqlar, sənin kimilərsə gələcək olacaq" - bloger Mitya Dostoyevski belə yazıb.

"Proxor, sənə də, valideynlərinə də afərin!" - Nikita Kanşin belə yazır.

"Yadda saxlamaq lazımdır ki, şagirdləri "düzgün" görünməyə məcbur edən heç bir qanun və ya qayda yoxdur. Sadəcə ağıllı olmayan müəllimlər var, hansılar ki, bu qaydaları müəyyənlişdirmək hüququna sahib olduqlarını düşünürlər. Proxor, sən möhtəşəm oğlansan, sən şəxsiyyətsən! Heç kimə imkan vermə səni sındırsın" - istifadəçi @peteneva belə yazır.

"Proxor, əsas bunu yadda saxla ki, bütün çərçivələr bizim beynimizdədir. Kimlərdəsə onlar bir xalça böyüklüyündədir, kimlərdəsə qalaktikanın sərhədlərinindən də o yanda. Adekvat insanlar müəllimlər arasında da var, sənə məhz belələriylə rastlaşmağı arzulayıram" - Lena Belkina belə yazır.

Proxorun anası fləşmob iştirakçılarına təşəkkür edib.

Amma İbrahimoviç baş verənlərə heç bir sosial şəbəkədə reaksiya verməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş