"Ən nüfuzlu yeniyetmə" - ekoloji hərəkatın "məsihi" Greta Thunberg

Greta Thunberg Fotonun müəllifi MICHAEL CAMPANELLA/GETTY IMAGES

Bir gün 16 yaşlı İsveç məktəblisi Greta Thunberg etiraz aksiyası keçirmək üçün məktəbə getmir və həmin gündən sonra həyatında ciddi dəyişikliklər baş verir - Nobel sülh mükafatına namizəd göstərilir, "GQ"-nin versiyasına görə "ilin adamı" elan olunur, Davosda və Britaniya parlamentində çıxış edir, Barak Obama və Roma Papasıyla görüşür.

Bütün bunları sağalmaz psixi xəstəliyi olan qız bacarıb. Hərçənd Thunberg özü hesab edir ki, heç də uşaq işi olmayan mübarizəsində - bütün dünya üzrə siyasətçilərin, biznesmenlərin və deputatların diqqətini iqlim dəyişikliyi probleminə cəlb etməkdə xəstəliyinin ona köməyi dəyib.

Hələ bir il əvvəl Thunberg haqqında heç kim heç nə bilmirdi. Bu günsə onu ən nüfuzlu yeniyetmə adlandırırlar. BBC 16 yaşlı məktəblini eko-hərəkatın simvoluna və ilhamvericisinə çevirən tarixçəni təqdim edir.

Grace Kelly-nin nəvəsidən kömək təklifi

Sentyabrın 23-ündə New Yorkda BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş sammiti keçiriləcək. Təşkilatçılar 16 yaşlı Greta-nı tədbirdə çıxış etməyə dəvət ediblər və o, böyük sevinclə təklifi qəbul edib. Publik çıxışlar onun üçün artıq çoxdan adi işə çevrilib. Yeganə problem Avropadan Amerikaya hansı yolla getməkdir.

Thunberg prinsipial olaraq təyyarəyə minmir, hesab edir ki, hava nəqliyyatı ekologiyaya çox böyük ziyan vurur. Yeganə alternativ variant dəniz yoludur. Monakonun 13-cü knyazı III Renenin və aktrisa Grace Kelly-nin nəvəsi Pierre Casiraghi və qeyri-adi yarış yaxtasının sahibi Boris Herrmann Greta-ya öz yardımlarını təklif ediblər.

18 metrlik "II Malizia" dünyanın ən sürətli yelkənli yaxtasıdır. O, günəş batareyaları və gəmini elektrik enerjisiylə təmin edən sualtı borularla təhciz edilib. Yaxtada tualeti vedrələr əvəz edir. Onun heç mətbəxi də yoxdur, üstəlik, tək qala biləcəyiniz guşəsi də. İçmək üçün ancaq distilə edilmiş dəniz suyu var.

Greta ABŞ-a 14 avqustda, Britaniyanın Pelmut şəhərindən yola düşüb. Səfər iki həftə davam edəcək. Yaxtanın marşrutunu interaktiv xəritədən izləmək olar. Hazırda New Yorka çatmağa təxminən 2,5 min kilometrlik məsafə qalıb.

Fotonun müəllifi WPA POOL/GETTY IMAGES

Thunberg ilk dəfədir belə şəraitdə səyahət edir. Səfər öncəsi o etiraf edib ki, bir qədər həyəcanlıdır: "Səyahətin nə qədər çətin olacağını bilmirəm: dəniz xəstəliyinə yoluxacammı, ev üçün darıxacammı və ya nədənsə qorxacammı".

Yaxtaya minməzdən əvvəl Greta jurnalistlərə deyib ki, öz itləri üçün - labradorlar Roksi və Mozes üçün mütləq darıxacaq. Greta özüylə çoxlu kitab götürüb, hazırda Susan Cain-in onun kimi introvertlər haqda yazdığı "Səssiz" əsərini oxuyur.

İqlim xatirinə məktəbdən imtina

Bir il əvvəl Greta Thunberg məktəbə getmək əvəzinə İsveç parlamentinin yerləşdiyi küçəyə yollanıb və əlində plakat tutaraq binanın önündəki səkidə oturub.

Az sonra onun yoldan keçənlərə payladığı vərəqələrdə bu sözlər yazılmışdı: "Bunu ona görə edirəm ki, mənim gələcəyim siz böyüklərin vecinə deyil". O gündən etibarən Greta eko-aktivistliyə başlayıb. Məktəbə getməmək fikri dünyanın hər yerində şagirdlərin və tələbələrin xoşuna gəlib, onlar kütləvi şəklidə isveçli qızın etirazına dəstək verməyə başlayıblar.

"Ted Talks" konfransındakı çıxışında Greta 11 yaşındaykən bərk xəstələnməsindən, yemək və sudan imtina etməsindən, həkimlərin ona depressiya diaqnozu qoymasından danışıb. Greta-nın sözlərinə görə, iki ay ərzində 10 kq arıqlayandan sonra həkimlər onda Asperger sindromu, obsessiv-kompulsiv pozuntu və selektiv mutizm aşkar ediblər.

Asperger sindromu anadangəlmə və sağalmaz psixi pozuntudur, autizmin bir formasıdır. Bu xəstəlik insanın kommunikasiya bacarıqlarına təsir edir. Klassik obsessiv-kompulsiv pozuntu insanın zəhlətökən və həyəcan doğuran fikirlərdən əziyyət çəkməsi deməkdir.

Bu fikirlərdən qurtulmaq üçün xəstə bəzi təkraralanan hərəkətlər etməyə başlayır. Bunun ən bariz nümunələrindən biri kirdən və hansısa xəstəliyə yoluxmaqdan qorxmaqdır. Bu halda insan tez-tez əllərini yumağa başlayır. Selektiv mutizmsə hansısa situasiyalarda insanın danışmaq qabiliyyətini itirməsinə deyilir. Məsələn, bu xəstəliyi olan uşaq ailə üzvləriylə rahat ünsiyyət qursa da, məktəbdə danışmır.

Thunberg özü diaqnozunu belə ümumiləşdirir: "Sadə dillə desək, mən ancaq vacib hesab etdiyim hallarda danışıram".

Fotonun müəllifi FABRICE COFFRINI/AFP/GETTY IMAGES

"Autizm mənşəli pozuntusu olan insanlar üçün dünya ağ və qara rənglərdən ibarətdir. Biz çox da yalan danışa bilmirik. Biz sizlər üçün bu qədər maraqlı olan sosial oyunlar oynamağı xoşlamırıq. Mənə elə gəlir ki, biz autistlər daha normal adamlarıq, digərləri isə, əksinə, qəribədirlər - xüsusilə də təbiətdən istifadə böhranı məsələsində" - Greta belə deyir.

Məktəbli qız iqlim dəyişikliyi məsələsində kompromisi mümkünsüz saydığını deyir. Gretanın dünyasında "bozun çalarlarına" yer yoxdur: əgər alimlər deyirlərsə ki, atmosferə tullantıların həcmini azaltmaq lazımdır, deməli, azaldılmalıdır.

Greta-nın valideynləri etiraf edirlər ki, ekoloji problemlərlə məşğul olmaq qızları üçün az qala yaşam vasitəsinə çevrilib. Amma onlar Greta-nın dərsdən yayınmasını çox da müsbət qarşılamırlar:

"Greta məktədə olmalıdır, ona görə də biz onun dərsə getməmək qərarını dəstəkləyə bilmirik. Buna baxmayaraq öz mövqeyini müdafiə etməsinə hörmətlə yanaşarıq. O, ya evdə oturub özünü bədbəxt hiss edə, ya da etiraz edib xoşbəxt ola bilər" - Greta-nın atası Svante Thunberg belə deyib.

O etiraf edib ki, Greta bütün ailə üzvlərini həyat tərzlərini dəyişməyə məcbur edib. Svante-nin sözlərinə görə, qızı iqlim dəyişikliyi haqda kitablar oxuyana qədər o özü bu haqda heç nə bilməyib.

Thunberglər ailəsi heç bir ekoloji hərəkatda iştirak etmir. Svante Thunberg yazıçı, art-menecer və aktyordur. Greta-nın anası Malena Ernman isə opera müğənnisidir. O, 2009-cu ildə Moskvada keçirilən "Avroviziya" müsabiqəsində İsveçi təmsil edib, 21-ci yeri tutub.

Mətbuat yazır ki, gənc Greta-nın təsiri nəticəsində anası opera müğənnisi karyerasına son verib, çünki bu işdə o, ekologiyaya ziyan vuran təyyarələrə minmək məcburiyyətindəydi. Svante Thunberg isə bütün səyahətlərdə qızını müşayət edir.

"Totalitar əminlik"

Opponentlərinin 16 yaşlı Greta-nı tənqid etmək cəhdləri, demək olar ki, bütün hallarda tərəfdarlarının və eko-aktivistlərin ona vahid cəbhə olaraq dəstək verməsiylə nəticələnir.

Avstraliyalı jurnalist və köşə yazarı Andrew Bolt buna görə Greta-nı "ən nüfuzlu yeniyetmə" adlandırıb. O, "Herald Sun" nəşrindəki məqaləsində yazıb ki, "bu qədər psixi xəstəliyi olan belə gənc bir qızın bu sayda yetkin adam tərəfindən quru kimi qəbul olunmasına" ilk dəfədir rast gəlir.

Fotonun müəllifi NURPHOTO/GETTY IMAGES

"Greta-da çox nadir rast gəlinən bir xüsusiyyət var - sonsuz əminlik. O, azca da olsa tərəddüd etmir və ən kiçik kompromisi belə mümkünsüz sayır. Greta-nın mövqeyi müəyyən şübhələri olan tərəfdarlarına arxayınlaşmaq və onun totalitar əminliyinə təslim olmaq imkanı verir. Anasının yazdığı kitaba inansaq, 11 yaşı olanda Greta iki ay heç nə yeməyib, illərlə depressiyadan əziyyət çəkib və nəhayət, ona Asperger sindromu, yüksək funksiyalı autizm və obsessiv-kompulsiv pozuntu diqanozu qoyulub. Greta-nın iqlim dəyişikliyilə bağlı qorxuları bu qorxuları artıran psixi pozuntulara malik bir insan üçün təəccüblü deyil" - Bolt belə yazır.

Bu məqaləni təkcə aktivistlər yox, bir çox mətbuat orqanları da son dərəcə təhqiramiz hesab ediblər. Greta özü "Twitter"də Bolt-a belə cavab verib:

"Biz uşaqların elmə müraciətindən doğan bu nifrət kampaniyalarının heç cür bitməməsinə görə mən həqiqətən də "dərindən narahatam" (Orjinalda Greta jurnalistin işlətdiyi "deeply disturbed" ifadəsindən istifadə edib, hansı ki, psixi pozuntuları olan insanlara da aid edilə bilər). Bəs, böyüklər hardadırlar?"

Jurnalist öz məqaləsində siyasətçilər, baş menecerlər və hətta Roma Papası da daxil olmaqla, bu sayda yetkin insanın bu gənc qıza belə heyranlıq duymasına təəccübünü bildirib. Həqiqətən də, Roma Papası Greta-nın əlini sıxaraq onu təbrik edib və "fəaliyyətinə davam etməyi" məsləhət görüb.

Britaniyanın ətraf mühiti müdafiə naziri Michael Gove isə Thunberg-ə diqqətlə qulaq asandan sonra deyib ki, Greta və digər aktivistlər sayəsində "hərəkətə keçmək zamanı" olduğunu anlayıb.

Greta özü həmsöhbət seçiminə həssas yanaşır. Jurnalistlər ondan ABŞ-da prezident Donald Trump-la görüşüb-görüşməyəcəyini soruşanda Greta bunu "vaxt itkisi" adlandırıb.

Amma Greta-nın təşəbbüslərini siyasətçilərin heç də hamısı bəyənmir. Britaniyanın keçmiş baş naziri Theresa May deyib ki, onun tərəfdarlarının məktəbə getməmələri müəllimlərin yükünü artırır, etirazçılarsa "dərs vaxtını boşuna sərf edirlər".

May məktəblilərin ekoloji problemlərlə maraqlanmasını müsbət qimətləndirib, ancaq onu da qeyd edib ki, əvvəlcə təhsil alıb professional səviyyəyə yüksəlmək və problemlərin həllinə başqa səviyyədə kömək etmək lazımdır.

Rusiyada Greta-nın hər cümə aksiya keçirmək ideyasını bir neçə yüz nəfərdən ibarət qrup dəstəkləyib.

Greta Thunberg-in arxasında kim durur?

Bu sual artıq bir neçə dəfə səsləndirilib. Parlamentin önündə plakat qaldırmaq üçün dərsdən qaçan isveçli şagirdin bu qədər adam tərəfindən dəstəklənən dünya ulduzuna çevrilməsi səbəbini KİV də aydınlaşdırmağa çalışır.

"Twitter" və "Facebook" hesablarının hər birində Thunberg-in bir milyondan çox izləyicisi var, lap "İnstaqram" məşhurlarındakı kimi. Amma Greta cazibəli fotolar paylaşmır, ekologiyanın müdafiəsi haqqında yazır. Və digər məşhurlardan fərqli olaraq, dünyanın aparıcı siyasətçiləri onunla görüşür.

"Şübhə yaranır ki, yeniyetmənin diqqət mərkəzinə çıxması düşünülmüş piar kampaniyasının nəticəsidir" - Britaniyanın "Daily Mail" qəzeti belə yazır.

İsveçrədə nəşr olunan "Weltwoche" jurnalısa "Biz iqlim ikonası yaradırıq" adlı məqalə dərc edib.

Məqalədə Greta-nın qəfil artan populyarlığıyla anasının yeni kitabının dərci arasında əlaqəyə eyham vurulub. Qeyd edilib ki, qız parlamentin önündə aksiya keçirəndən dörd gün sonra onun anası Malena Ermann əriylə həmmüəllif olduğu "Ürəyimdəki səhnələr" ("Scenes from the heart") kitabını dərc edib.

Fotonun müəllifi OLEG NIKISHIN/EPSILON/GETTY IMAGES
Image caption Qretanın anası opera müğənnisidir, 2009-cu ildə Moskvada keçirilən "Avroviziya" müsabiqəsində İsveçi təmsil edib

"Onların uğuruna isveçli piar mütəxəssisi Ingmar Renzhog dəstək verib. Kitab dərc olunan gün Renzhog "İnstaqram"da Greta-nın şəklini paylaşıb, "Facebook"-da ona böyük status həsr edib. Bu, zəncirvari reaksiyaya səbəb olub, Renzhog-un ardınca qəzetlər və digər KİV nümayəndələri də Greta-dan yazmağa başlayıblar" - məqalədə belə deyilir.

"Svenska Dagbladet" qəzetinin dərc etdiyi araşdırmada iddia olunub ki, Renzhog çoxsaylı reklam materialında Greta-nın obrazından istifadə etməklə özünün "Bizim vaxtımız yoxdur" ekologiya layihəsinə təxminən 10 milyon İsveç kronu (1 milyon dollar) məbləğində vəsait cəlb edib.

Greta-nın atası bildirib ki, ailə bu haqda heç nə bilməyib və vəsait toplanmasında iştirak etməyib.

Renzhog Greta Thunberg-in populyarlaşmasında rol oynadığını inkar edib. "Vise" nəşrinə müsahibəsində o, aşağıdakıları deyib.

"Hamı elə bilir ki, mən Greta-nın arxasında duran piar dahisiyəm. Guya onun çıxışlarını mən yazıram, jurnalistlərlə görüşlərini mən təşkil edirəm. Bu, doğru deyil".

"Sinik versiyaya görə, bu işə qızı valideynləri qatıblar, onun çıxışlarını yazıblar, ondan öz məqsədləri üçün istifadə ediblər. Optimist versiya isə bunun əksidir: Malena Ernmann depressiyada olan, yeməkdən və sudan imtina etmiş qızına görə opera müğənnisi karyerasından imtina edib. Greta-nın sağalması bu seçim sayəsində mümkün olub" - Thunberg-ə "ilin adamı" adını verən "GQ" nəşri belə yazıb.

Bu barədə daha geniş