Qandinin 150 illik yubileyi: Üsyankar bir gəncdən "Hindistanın atasına" qədər

Mahatma Qandi
Image caption Oktyabrın 2-də Hindistanda Mahatma Qandinin doğum günün 150-ci ildönümü qeyd olunur.

1940-cı illərdə güclü bir imperiya sadə geyimli sülhpərvər bir insana məğlub oldu. Həmin adam daha çox "böyük ruh" mənasını verən Mahatma adı ilə tanınan Mohandas Karamçand Qandi idi.

O dövrdə Hindistan Britaniya imperiyasının tərkibində idi və Hindistan qanunvericiliyində son söz sahibi də Britaniya idi.

Fərasətli bir siyasi təşəbbüsçü olan Qandi, Hindistanın Britaniya hakimiyyətindən müstəqilliyi və kasıbların hüquqları uğrunda mübarizə aparırdı.

Onun təşkil etdiyi qeyri-zorakı etiraz nümunəsi bu gün də bütün dünyada hörmətlə qarşılanır.

Doğum gününün 150-ci ildönümündə Mahatma Qandinin həyatının bəzi məqamlarını yada salaq.

Elit ailədə doğulub

Mohandas K. Qandi 2 oktyabr 1869-cu ildə Hindistanın şimal-qərbində, Porbandar ştatında doğulub.

Onun ailəsi elit təbəqəyə aid olub - atası ştatın Baş naziri olub.

Fotonun müəllifi Getty Images
Image caption Qandi yeddi yaşında ikən çəkdirdiyi şəkil

Onun anası dindar olub, oğlunu vegeterianlıq əsasında güclü bir Hindu etikası, dini dözümlülük, sadə həyat tərzi və qeyri-zorakılıq ruhunda tərbiyə edib.

Atasının ölüm anını buraxıb

13 yaşında ikən Qandi 14 yaşlı Kasturba adlı yerli bir qız ilə evlənib.

Yeniyetməlik dövründə Gandi ailəsinin sərt dini inanclarına qarşı üsyan edib: ət yeyib və hətta fahişəxanaya da baş çəkib, hərçənd, özünün söylədiyi kimi, əlaqəyə girməyib.

"Günahın həndəvərində idim, amma tanrı sonsuz mərhəməti ilə məni özümdən qorudu", - sonradan Qandi həmin dövr barədə yazıb.

Bununla belə o, daha yaxşı insan olmaq arzusunda olduğundan hər "günah" hərəkətindən sonra tövbə edirdi.

Atası ölüm ayağında olarkən Qandi həyat yoldaşı ilə cinsi əlaqəyə girmək üçün atasının yatdığı otağı tərk etdiyinə görə atasının ölüm anını qaçırıb.

Fotonun müəllifi iStock
Image caption Qandinin qeyri-zorakı etirazı zorakılıqdan daha təsirli olub

Tərcümeyi-halında Qandi bu hadisəyə görə özünün nə qədər günahkar olduğunu hiss etdiyi barədə yazıb:

"Mən dərin xəcalət hissi keçirdim. Mən atamın yatdığı otağa qaçdım. Anladım ki, heyvani ehtiras hissi məni kor etməsəydi, atamın ölüm anında onun başının üstündə olacaqdım".

Sonradan o, yeni doğulmuş övladının ölümünü atasını ölüm ayağında tərk etdiyinə görə "Tanrının qisası" kimi yozub.

İffətəhdi

Qandi Londonda hüquq ixtisası üzrə təhsil aldığı zaman Hindu ayələri və xüsusən də Bhagqvad Gitaya daha çox diqqət yetirməyə təşviq edən Teosofiya Cəmiyyətinin üzvləri ilə görüşüb.

Sonradan Qandi qədim hindu ayəsinin ona rahatlıq verdiyini qeyd edib.

Hinduizmə ehtiramı artarkən o, digər dinlərə də daha yaxından nəzər salmağa başlayıb və xüsusi ilə də İsa Məsihin dağdakı xütbəsindən çox təsirlənib. Lev Tolstoy da onu çox təsirləndirib.

Fotonun müəllifi Getty Images
Image caption Qandi və onun arvadı Kasturba, Hindistan, 1915

Bu təcrübələr ona uşaqlığının ənənəvi hind prinsiplərinə qayıtmasına kömək etdi: vegetarianlıq, alkoqol qadağası və seksdən imtina.

Sonradan o, "iffət əhdi" verdi (beşinci uşağı doğuş zamanı ölmüşdü) və "matəm libası" adlandırdığı ənənəvi hind paltarı olan ağ dhotini geyinməyə başladı.

Bioqraf Ramaçandra Quhanın yazdığına görə, mübahisəli bir eksperiment zamanı Qandi nəvəsi yaşında olan Manu adlı qız qohumundan və digər qadınlardan onunla eyni yataqda yatmağı xahiş edib. O bununla "cinsi istəklərinə üstün gələ bilib-bilmədiyini" yoxlayıb.

Onların heç biri ilə cinsi əlaqədə olduğuna dair heç bir məlumat olmasa da, iki həftədən sonra onun bu eksperimenti geniş-geniş tənqidlərə səbəb olub.

Cənubi Afrikada seqreqasiya əleyhinə mübarizə

Təhsilini başa vurduqdan sonra Qandi vəkil kimi işləmək üçün Hindistana qayıdıb. Vəkil qismində ilk məhkəmə işini uduzduğuna görə Britaniya rəsmisi tərəfindən işindən qovulub.

Alçalmış halda Qandi Cənubi Afrikada bir iş təklifini qəbul edib və 1893-cü ilin aprelində gəmiylə ora yollanıb və növbəti 21 ilini orada keçirib.

Ölkədə səyahət edərkən dərisinin rənginə görə birinci dərəcəli qatar vaqonundan çıxarılıb.

Fotonun müəllifi Getty Images
Image caption Qandi Cənubi Afrikada vəkil işləyib

O, hindistanlı mühacirlərlə davranış tərzindən məyus olub və seqreqasiya əleyhinə mübarizə aparmaq, özünütəmizləmə və qeyri-zorakı vətəndaş etirazını inkişaf etdirmək üçün Natal əyalətində Hindistan Konqresi adlı təşkilat yaradıb.

Hind əsilli insanlara vergiyə tətbiq olunması əleyhinə tətil və yürüş təşkil etdiyinə görə Qandi həbs edilib, lakin britaniyalılar vergini ləğv etməyə və Qandini azad etməyə məcbur olub.

Onun qələbəsi xəbəri İngiltərədə yayıldıqdan sonra Qandi beynəlxalq aləmdə tanınan fiqura çevrildi.

Təxribatçılıq ittihamı

Qandinin Hindistana qayıtması sikhlərin müqəddəs şəhəri Amritsarda baş vermiş qırğınla eyni zamanda təsadüf edir. O, bundan sonra Hindistanın müstəqilliyi uğrunda kampaniyaya başlayıb.

Həmin şəhərdə britaniyalılar tərəfindən etirazın yatırılması zamanı 400 nəfər ölüb və 1300 nəfər yaralanmışdı.

Onun qeyri-zorakı etiraza çağırışları Hindistan cəmiyyətinin bütün təbəqələrində qəbul edildi. O, Britaniya mallarının boykotu da daxil, Britaniya idarəçiliyi ilə əməkdaşlıq etməməyə çağırış etdi.

Buna cavab olaraq ingilislər Qandini təxribat törətmək ittihamıyla həbs etdilər və onu iki il həbsxanada saxladılar.

Fotonun müəllifi Getty Images
Image caption Qandi həbsdən çıxdıqdan sonra Britaniya hökmranlığına etiraz olaraq oruc tutub.

Təxribat haqqında mübahisəli qanunvericilik 1870-ci illərdə britaniyalılar tərəfindən müstəmləkə əleyhinə hərəkata zərbə vurmaq üçün təsbit edilib.

Qandi o zaman bəyan etdi ki, həmin qanunun "məqsədi vətəndaşın azadlığını boğmaqdır".

Bu qanun Hindistan Cinayət Məcəlləsində hələ də mövcuddur və ardıcıl olaraq bir-birini dəyişən hökumətlər tərəfindən tələbələrə, jurnalistlərə, ziyalılara, ictimai fəallara və hökumətin tənqidçilərinə qarşı tətbiq edilib.

Uğursuz danışıqlar

1931-ci ildə Qandi Hindistan Milli Konqresinin yeganə nümayəndəsi olaraq Dəyirmi Masa Konfransında iştirak etmək üçün Londona gedib.

Ənənəvi hind geyimində iclasa qatılaraq iştirakçılara güclü təsir göstərə bilib.

Lakin konfrans o zaman 62 yaşında olan Qandi üçün uğursuz odub.

Fotonun müəllifi Getty Images
Image caption 1931-ci ildə Qandi Hindistanın gələcəyi ilə bağlı dəyirmi masa konfransında iştirak etmək üçün Londonda idi.

İngilislər Hindistana müstəqillik verməyə hazır deyildilər və bir çox müsəlman, sikh və digər nümayəndələr Qandinin vahid bir Hindistanla bağlı baxışlarını dəstəkləmirdilər və bütün hindistanlılar üçün çalışdığına inanmırdılar.

Bundan sonra Qandi Konqres Partiyasından və siyasətdən geri çəkildi, lakin "toxunulmazlar" kimi tanınan Dalits kastası qrupu üçün sosial bərabərlik uğrunda mübarizəsini davam etdirdi.

Onun kütləni səfərbər etmək və kiçik itaətsizlik aksiyaları keçirmək bacarığı isə tədricən Britaniya rəsmilərini onunla danışıqlar aparmağa məcbur etdi.

İmperiyanı devirdi

İkinci Dünya Müharibəsi Britaniya İmperiyasını zəiflətdikcə, Qandinin hədəfləri reallaşmağa başladı.

1947-ci ildə onun ölkəsi müstəqillik əldə etdi.

Lakin hindli və müsəlman icmalarının bir dövlətdə birlikdə yaşaya biləcəyinə dair ümidləri doğrulmadı - ölkə ikiyə bölündü: Hindistan və Pakistana.

Fotonun müəllifi Getty Images
Image caption Qandi nəvələri Manu (solda) və Abha (sağda) ilə

Bu bölünmə daha çox zorakılığa səbəb oldu.

Hindistanda qalmağa üstünlük verən müsəlmanları qorumaq üçün Qandi Dehliyə qayıtdı və müsəlmanların hüquqlarının müdafiəsi uğrunda oruca başladı.

Müstəqillikdən bir neçə ay sonra Qandi bir dini mərasimə yollanarkən bir gənc hindu fanatiki ona güllə atıb.

Həmin adam müsəlman icmalarına və Qandinin Pakistana göstərdiyi barışıq münasibətindən qəzəbli idi.

Arzusunda olan dini, kasta və sinfi parçalanmadan azad olan bir Hindistanın reallığa çevrildiyini görməsə də, qlobal miqyasda tanınan sülhpərvər xadimin ölümünə yas tutmaq üçün bütün dünya boyu insanlar bir araya gəldi.

Bu barədə daha geniş