ABŞ Prezidenti Trump İŞİD lideri Bağdadinin öldürüldüyünü elan edib

Keçmişdə Bağdadinin dəfələrlə öldürüldüyü deyilib. Fotonun müəllifi AFP
Image caption Keçmişdə Bağdadinin dəfələrlə öldürüldüyü deyilib.

ABŞ Prezidenti Donald Trump İŞİD qrupunun qaçaq lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ hərbiyyəsinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü bildirib.

Ağ Evdə çıxış edən Donald Trump qeyd edib ki, xüsusi təyantlı qüvvəllər tərəfindən tuneldə təqib edilən Əbu Bəkr əl-Bağdadi tunelin axırında intiharçı kəmərini işə salaraq özünü partladıb.

Əbu Bəkr əl-Bağdadi 2014-cü ildə İraq və Suriyada yerləşən ərazilərdə "xilafətin" yarandığını elan edəndən sonra məşhurlaşıb.

ABŞ Prezidenti bildirib ki, əl-Bağdadi ABŞ ordusu üçün bir nömrəli hədəf olub.

Əbu Bəkr əl-Bağdadinin olduğu yer müəyyən edildikdən sonra binadan 11 uşaq çıxarılıb.

Hava zərbəsindən sonra Bağdadi yeraltı tunel vasitəsiylə qaçmağa çalışıb.

Trump bildirib ki, Bağdadi İdlib bölgəsindəki tunelin dalan hissəsinə çatandan sonra özünü partladıb.

Prezidentin sözlərinə görə, Bağdadini tuneldə ABŞ itləri təqib edib.

Trump-ın təbirincə, Bağdadi özünü partladanda yanında üç uşağı da olub və onların hamısı ölüb.

Partlayış nəticəsində Bağdadinin bədəni pərəm-pərəm olub, lakin DNT yoxlaması onun kimliyini təsdiqləyib, Trump əlavə edib.

İŞİD minlərlə insanın ölümü ilə nəticələnən və qəddarlığı ilə yadda qalan hadisələr törədib.

Bu cihadçı qrup, nəzarəti altında olan ərazilərdə, təxminən səkkiz milyon insanı qəddarlıqla idarə edib, dünyanın bir çox şəhərində həyata keçirilmiş hücumların arxasında olub.

ABŞ bu ilin əvvəlində "xilafətin" məğlub olduğunu elan edib.

Trump-ın çıxışından əvvəl Amerika mətbuatı ABŞ ordusunun İŞİD qrupunun lideri Əbu Bəkr əl-Bağdadiyə qarşı əməliyyat keçirdiyini bildirmişdi.

Həmin məlumatlara görə, Bağdadi, mümkündür ki, ölüb, lakin Trump çıxış etməmişdən əvvəl bu məlumatın rəsmi olaraq hələlik təsdiqlənmədiyi qeyd olunurdu.

Bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayılmışdı.

ABŞ Prezidenti Donald Trump, təfərrüatları izah etmədən tvitter səhifəsində bazar günü əhəmiyyətli bir açıqlama verəcəyini vəd etmişdi.

Əl-Bağdadi, 2014-cü ildə İraqın Mosul şəhərindəki məsciddə Suriya və İraqda deyildiyi kimi "xilafət" elan edəndən bəri gözə dəyməmişdir.

O vaxtdan bəri, onun yaralı olduğu və ya öldürüldüyü barədə dəfələrlə məlumatlar yayılıb.

2019-cu ilin aprelində Bağdadiyə bənzər bir şəxs İŞİD-in təbliğat videosunda görünmüşdü, sentyabr ayında isə İŞİD liderinin səsinin olduğu audioyazı yayılmışdı.

İraqın təhlükəsizlik dairələrindən bir mənbənin Reuters-ə verdiyi məlumata görə, Suriyadakı mənbələr əl-Bağdadinin ölümüylə bağlı məlumatı İraq kəşfiyyatına təsdiqləyiblər. Mənbələrə görə, Bağdadi Suriyanın İdlib şəhərində öldürülüb.

Newsweek-in ABŞ hərbi nümayəndəsinə istinadən verdiyi məlumata görə, əməliyyat Amerika xüsusi təyinatlıları tərəfindən keçirilib.

Hələlik bu məlumatların rəsmi təsdiqi olmadığı qeyd olunmuşdu.

Britaniyada yerləşən Suriyada insan haqlarının monitorinqi mərkəzinin məlumatına görə, Əbu Bəkr əl-Bağdadiyə qarşı əməliyyata hərbi helikopterlər cəlb olunmuşdu.

Fotonun müəllifi AFP/Getty
Image caption Əbu Bəkr əl-Bağdadinin bir videosu 2019-cu ilin aprel ayında yayılmışdı.

Bu barədə daha geniş