Britaniya: Yük maşınında tapılmış 39 cəsəd Vyetnamdan ola bilər

PHAM TRA MY Fotonun müəllifi FAMILY OF PHAM TRA MY

Londonun yaxınlığında Essex ərazisində soyuduculu yük maşınında tapılmış 39 nəfərin cəsədi Vyetnam vətəndaşlarına aid ola bilər.

BBC yaxınlarının bu yük maşınında ola biləcəyindən narahat olan üç vyetnamlını tanıyır.

26 yaşlı Pham Thi Tra My çərşənbə axşamı ailəsinə mesaj göndərərək nəfəs ala bilmədiyini yazmışdı. Həmin vaxtdan bəri onun haqda məlumat yoxdur.

İki nəfər adam öldürməkdə şübhəli bilinərək həbs edilib. Polisin yük maşınının 25 yaşlı sürücüsü Mo Robinson ilə sorğu-sualı davam etdirir. O, ölümdə şübhəli qismində saxlanılıb.

Tra My-ın qardaşı Pham Ngoc Tuan bildirib ki, bacısı qaçaqçılara 30 000 dollar pul ödəyib və onun sonuncu dəfə Belçikada olduğu məlumdur.

Qaçaqçıların pulları hadisə qurbanlarının ailələrinə geri qaytardığı deyilir.

Bundan əvvəl cəsədlərin Çin vətəndaşlarına aid olduğu bildirilirdi.

Şimali İrlandiyada Milli Cinayət Agentliyi üç evə reyd keçirib. Agentlik bu "hadisədə əli ola biləcək mütəşəkkil cinayətkar qruplarını" müəyyənləşdirməyə çalışır.

Yük maşını Temza çayı ilə Belçikanın Zeebrugge limanından Purfleet limanına çərşənbə günü gəlib və elə həmin gün aşkarlanıb.

Fotonun müəllifi Facebook

Sürücünün ailəsinin yaşadığı kəndin nümayəndəsi bildirib ki, kənd sakinləri "tamamilə şok" içindədirlər və onlar Mo Robinson-un günahsız olacağına ümid edirlər.

Belçika prokurorluğu bu hadisə ilə əlaqəli ola biləcək şəxsləri və təşkilatçıları hədəfləyən cinayət işi açıb.

Ölənlərin konteynerə nə zaman daxil olduğu, eləcə də bu hadisənin Belçikada baş verib-vermədiyi məlum deyil.

Essex polisinə görə ölənlərin kimliyinin müəyyən edilməsi "uzun proses ola bilər".

Hüquq-mühafizə orqanları əvvəlcə yük maşınının Bolqarıstandan olduğunu güman edirdi, lakin sonradan onun Britaniyaya Belçikadan gəldiyini bildiriblər.

Bolqarıstanın Xarici İşlər Nazirliyinin sözçüsü yük maşınının ölkədə İrlandiya vətəndaşının adına qeydiyyatdan keçirilmiş bir şirkətə aid olduğunu deyib. Lakin rəsmiyə görə, ölənlərin bolqarıstanlı olması ehtimalı "yüksək deyil".

Əlaqəli mövzular

Bu barədə daha geniş