ABŞ-ın Bağdadiyə dair əməliyyatı haqda nə məlumdur?

Barişa Fotonun müəllifi AFP

ABŞ Prezidenti Donald Trump bazar günü keçirdiyi mətbuat konfransında özünü İslam Dövləti adlandıran (İŞİD) qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi qüvvələrinin Suriyada keçirdiyi əməliyyatda özünü öldürdüyünü bütün dünyaya açıqlayıb.

Əməliyyat harada və nə vaxt təşkil olunub?

Donald Trump televiziya kanallarında canlı yayımlanan açıqlamasında "dünyanın bir nömrəli terrorçu lideri öldü" deyib.

Trump əməliyyatı "Suriyanın şimal-qərbində gecə saatlarında təşkiil edilmiş təhlükəli və çətin tapşırıq" olaraq səciyyələndirib.

Prezident Trump ABŞ xüsusi qüvvələrinə aid qrupları daşıyan vertolyotların şənbə günü gecə saat 23:00-da gizli nöqtədən havaya qalxdığını söyləyib.

Fotonun müəllifi AFP
Image caption ABŞ hökuməti Bağdadinin ələ keçirilməsinə kömək edən məlumat üçün 25 milyon dollar mükafat vəd edirdi.

Trump əməliyyatın başladıqdan sonra özü ilə birlikdə ABŞ hakimiyyətinin kəşfiyyat və beynəlxalq təhlükəsizlik orqanlarının başındakı adamların Ağ Evdə yenilikləri canlı olaraq izlədiyini bildirib.

Trump-ın dediyinə görə əməliyyat təxminən iki saat davam edib, ABŞ əsgərlərini daşıyan vertolyotların müxtəlifyönlü uçuşu 1 saat 10 dəqiqə çəkib.

ABŞ mətbuatına məlumat verən məmurlar bazar günü səhər saatlarında ABŞ xüsusi qüvvələrinin İdlib vilayətinə aid Barişa kəndindəki bir binada əməliyyata başladığını söyləyiblər.

Sözügedən kənd Türkiyə sərhədlərindən təxminən 5 kilometr uzaqlıqdadır.

Bağdadi əməliyyatı necə təşkil edildi?

Trump ABŞ-ın kəşfiyyat orqanlarnın Bağdadini son bir neçə həftədir izlədiyini deyib və əməliyyatın təşkil edildiyi binanın altında çox sayda tunel olduğu haqda kəşfiyyat orqanlarında məlumat olduğunu bildirib.

Əməliyyata ABŞ-ın regiondakı gəmiləri ilə bərabər hərbi təyyarələrinin də qatıldığı açıqlanıb.

Açıqlamalardan ABŞ hərbçilərini daşıyan vertolyotların Türkiyənin hava məkanından keçərək əməliyyat ərazisinə çatdığı bəlli olur.

Barişa kəndinin yerli sakinlərindən biri BBC-nin suallarına cavab verərkən əvvəlcə vertolyotlardan atəş açıldığını, bu atəşin təxminən 30 dəqiqə davam etdiyini, daha sonra isə quru qüvvələrinin irəlilədiyini deyib.

Fotonun müəllifi AFP
Image caption Barişa kəndi

Trump tələ ola biləcəyi ehtimalı ilə əsgərlərin hədəf binaya əsas qapıdan girmədiyini deyib.

O, Bağdadinin sonu bağlı olan tunelə girdiyini və burada "ağlayaraq, fəryad edərək it kimi öldüyünü" deyib:

"Bina və ətrafı tam təmizlənmişdi. Ərazidəkilər ya təslim olmuş, ya da öldürülmüşdülər. 11 uşaq evdən xəsarət almadan çıxarılıb. İçəridə qalanlar Bağdadi və Bağdadi tərəfindən ölümə sürülən üç uşaq idi".

Fotonun müəllifi AFP

Trump Bağdadinin son dəqiqələri haqda danışıb:

"İtlərimiz izində idi. Tunelin sonuna çatdı. Geyindiyi jileti yandırdı, özünü və yanındakı üç uşağı öldürdü. Partlayışın təsiri ilə bədəni parça-parça oldu. Tunel də üzərlərinə çökdü".

ABŞ Bağdadinin öldüyünə necə əmin ola bilir?

Trump tuneldə özünü partladan adamın üzərində aparılan testlərin o şəxsin Bağdadi olduğuna dair "dəqiq, vaxtında və tam müəyyənləşdirmə" verdiyini deyib.

ABŞ Prezidenti test nəticələrinin Bağdadi öldürüldükdən 15 dəqiqə sonra əldə edildiyini vurğulayıb.

Fotonun müəllifi AFP

Bu barədə daha geniş