Erdoğan "erməni soyqırımı" qətnaməsilə bağlı: "Özləri çalıb, özləri oynayırlar"

Erdoğan Fotonun müəllifi Getty Images

Türkiyə prezidenti Recep Tayyip Erdoğan "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnaməni "tanımadığını" bildirib.

"ABŞ ictimaiyətində ölkəmizə qarşı olan vəziyyətdən istifadə edilərək [qətnamə-red.] keçirildi. Fürsətçilik edildi. Bütün dünyaya səslənirəm, bu atılan addımın heç bir qiyməti yoxdur, bunu tanımırıq. Özləri çalıb, özləri oynayırlar".

"Atılan böhtanın bir ölkə parlamentində qəbul edilməsindən təəssüfləndiklərini" deyən Erdoğan əlavə edib: "Dedik ki, bu tarixçilərin işidir. Bu iş arxeoloqların işidir. Gəlin, onları bu işə cəlb edək. Bu işə siyasi don geydirilməsin".

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsinin "erməni soyqırımı" kimi tanınması ilə bağlı qərar ABŞ Nümayəndələr Palatasında oktyabrın 29-da qəbul edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan "erməni soyqırımını" tanıma qərarını alqışlayb. O öz Twitter-ində hesabında bunu "həqiqətə və tarixi ədalətə xidmət edən addım" adlandırıb. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, qərar "erməni soyqırımından sağ qalan milyonların nəslinə bir rahatlıq" verir.

Fotonun müəllifi Getty Images
Image caption Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub.

Bu qərarda 1915-ci illə 1923-cü illər ərzində baş verən hadisələrin "soyqırım" kimi qəbul edilməsi və belə anılması istənilir. Sözügedən qərarın məcburi tərəfi yoxdur. Yəni, Nümayəndələr Palatasının qərarı ABŞ-ın 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini "soyqrım" kimi qəbul etdiyi demək deyil. Bu qərarın qəbulu ilə birlikdə ilk dəfədir ki, ABŞ Konqresinin bir palatası 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qətlini "soyqırım" kimi qəbul edib.

Səsvermədən sonra bəyanat verən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, layihə Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" hərəkatına görə müzakirəyə çıxarılıb. Səsvermə barədə fikrini Twitterdəki hesabından bildirən Çavuşoğlu yazıb ki, "layihələri iflasa uğrayanlar rəflərdəki köhnə layihələri qucaqlayıblar. Bu yolla bizdən intiqam alacaqlarını hesab edənlər yanılırlar. Tarixi siyasi alətə çevirənlərin bu utandırıcı qərarı hakimiyyətimiz və xalqımız tərəfindən heç bir əsası olmamış kimi qəbul edilir".

Nümayəndələr Palatasının qərarında nə var?

Nümayəndələr Palatasının qəbul etdiyi qərarda üç əsas maddə belə düzülüb:

  • "Erməni Soyqrımının rəsmi tədbirlərlə anılmağı"
  • "ABŞ hökumətinin Erməni Soyqırımını və ya hər hansı soyqırımı inkar etməyə cəhdin rədd edilməsi"
  • "Erməni Soyqrımı haqqında həqiqətlərin təhsil yoluyla qəbulunun təşviq edilməsi"

Nümayəndələr Palatasının Demokratlar partiyasından olan sədri Nancy Pelosi səsvermədən sonra bəyanatında "20-ci əsrin ən böyük pis hadisələrindən biri kimi 1.5 milyon erməni qadın, uşaq və kişinin Osmanlı İmperatorluğu tərəfindən sistemli şəkildə öldürülməsinin xatırlanması" vaxtı həmkarları ilə birgə olduğu üçün fəxr hissi keçirdiyini deyib.

1915-ci il hadisələrini "Erməni soyqrımı" kimi qəbul edən ölkələr
Rusiya İtaliya Hollandiya
Ermənistan Avstrya Polşa
Argentina Braziliya Portuqaliya
Fransa Yunanıstan Slovakiya
Almaniya Kipr İsveç
Boliviya Liviya İsveçrə
Bolqarıstan Livan Suriya
Kanada Litva Vatikan
Çili Lüksenburq Venesuela
Çex Respublikası Paraqvay

Azərbaycan ABŞ Nümayəndələr palatasının qəbul etdiyi qətnaməni "qərəzli" hesab edib.

"ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik. Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib", Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Bu barədə daha geniş