Britaniyada daha biri parlament seçkisi - niyə keçirilir və nə gözlənilir?

London Fotonun müəllifi Getty Images

Böyük Britaniyanın əsas partiyaları 12 dekabrda keçiriləcək seçkilərə hazırlaşır.

Britaniyada hökuməti seçmək məqsədiylə keçirilən bu seçkilərin beş ildən bir keçirilməsi nəzərdə tutulur. Ancaq bu dəfəki seçki 2015-ci ildən bəri sayca üçüncü olacaq.

Seçki Britaniya parlamentinin iki palatasından biri olan İcmalar Palatasına keçiriləcək, bu Palataya 650 deputat seçilməlidir.

Seçki niyə indi keçirilir?

2016-cı il referendumundan təxminən 3,5 il vaxt ötsə də Brexit hələlik baş verməyib.

Siyasətçilər arasında yekdil fikir yoxdur: bəziləri Britaniyanın Aİ-ni ən qısa müddətdə tərk etməsini istəyir, bəziləri başqa bir referenduma üstünlük verir, digərləri isə Brexit-in tamamilə ləğv edilməsini istəyirlər.

Baş nazir Boris Johnson-un asanlıqla yeni qanun qəbul etməsi üçün onu dəstəkləyən kifayət sayda deputat yoxdur. O, erkən seçkidən sonra parlamentdə başçılıq etdiyi Mühafizəkarlar partiyasından olan deputatların sayının artacağına və nəticədə, Brexit-lə bağlı planlarının daha asan reallaşdıra biləcəyinə ümid edir.

Növbəti seçki Britaniyada 2022-ci ildə keçirilməli idi, lakin Boris Johnson bir neçə həftədir ki erkən seçki keçirmək qərarını reallaşdırmağa səylər göstərirdi. İndi erkən seçki ideyasını müxalifət partiyaları da dəstəkləyib.

Səsvermə necə keçir?

Britaniyada ümumi seçkilərdə 46 milyon seçici seçki dairələri üzrə öz deputatlarını seçirlər - ölkədə 650 seçki dairəsi var.

Səsvermə üçün qeydiyyatdan keçmiş, yaşı 18 və yuxarı olan hər bir Britaniya vətəndaşı səsvermədə iştirak edə bilər.

Statistikaya görə, yaşlı nəsil gənc nəsil ilə müqayisədə səsvermədə daha həvəsli iştirak edir, belə ki, 2017-ci ildəki seçkilərdə 20-24 yaş arasında olanların 59%-i, 60-69 yaşlarında olanların isə 77%-i faizi səs verib.

Səsvermə kilsə və məktəb zalları kimi yerlərdə qurulan yerli seçki məntəqələrində keçirilir.

Seçicilər seçki bülletenində seçdikləri namizədin adının qarşısındakı xananı qaralayaraq həmin bülleteni möhürlənmiş seçki qutusuna atırlar.

Qaliblər necə seçilir?

Hər dairədə ən çox səs toplayan namizəd İcmalar Palatasına seçilmiş sayılır.

Səsvermənin qalibini tanınmaq üçün o, sadəcə, rəqib namizədlərdən daha çox səs toplamalıdır.

Deputatların əksəriyyəti üzv olduqları siyasi partiyanı təmsil edir, lakin bəziləri müstəqil namizəd qismində seçkidə iştirak etmək qərarını verirlər.

İcmalar Palatasında deputat mandatlarının yarısından çoxuna (326) nəzarət edən partiya bir qayda olaraq hökuməti formalaşdırır.

Heç bir partiyanın parlamentdə 326 səsi olmadığı halda, partiayalardan biri parlamentdə səs çoxluğunu təmin etmək üçün digər partiya və ya partiyalarla koalisiya təşkil edə bilər.

Baş nazir birbaşa xalq seçkisi yoluyla müəyyən edilmir. Adətən Baş nazir seçkini qazanmış partiyanı parlamentdə təmsil edən deputatlar tərəfindən seçilir və deputatların tövsiyələrinə əməl etməyə borclu olan Kraliça tərəfindən vəzifəyə rəsmi olaraq təyin olunur,

2017-ci ilin seçkisi necə keçdi?

1922-ci ildən bəri keçirilən hər parlament seçkisində ya Mühafizəkarlar, ya da Leyboristlər partiyası qalib gəlib.

2017-ci ilin seçkisində də bu iki partiya parlamentdə ən çox səs qazandı, lakin heç biri parlament çoxluğunu əldə etmədi.

Ən çox səs toplayan partiya kimi Mühafizəkarlar Şimali İrlandiyanın Demokratik İttifaqçı Partiyası (DUP) ilə koalisiya yaratdı.

2017-ci ildən bəri həm Mühafizəkarların, həm də Leyboristlərin parlamentdə sıraları azalıb, Liberal Demokratlardan olan deputatların sayı isə artıb.

Lordlar Palatası parlamentin ikinci palatasıdır. Bu Palatanın üzvləri seçilmir, onları Baş nazirin tövsiyyəsiylə Kraliça təyin edir.

Parlamentə kim seçilə bilər?

Səsvermə günü yaşı 18-dən yuxarı olan, Britaniyada yaşayan Britaniya vətəndaşlarının əksəriyyəti parlamentə namizəd ola bilərlər.

Onlar seçkidə namizəd qismində iştirak etmək £500 məbləğində ödəniş etməlidirlər, seçkilərdə 5%-dən az səs toplayan namizədə həmin ödəniş geri qaytarılmır.

Namizədlər müəyyən şərtlərə cavab verməlidirlər - məhbuslar, məmurlar, hakimlər və polis və silahlı qüvvələrin qulluqçuları namizəd ola bilməzlər.

Nəticə nə vaxt açıqlanır?

Seçki günü səsvermə yerli vaxtla saat 07:00-dan 22:00-dək davam edir, nəticələr gecədən başlayaraq və ertəsi günədək elan olunur.

Ümumi nəticə məlum olduqdan sonra qələbə çalmış partiyanın lideri Buckingham Sarayına baş çəkib kraliçadan yeni hökuməti formalaşdırmaq üçün icazə istəyir.

Kraliçanın icazəsini aldıqdan sonra onlar Baş nazirin iqamətgahı olan 10 Downing Street ünvanına gəlir və Baş nazirin iqamətgahı qarşısında partiyanın yaxın illərə planları barədə açıqlama verir.

Bu barədə daha geniş