Kraliça II Elizabeth-in ayaqqabılarını kim genəldir?

Елизавета II, королевская костюмерша Анджела Келли (справа) и редактор Vogue Анна Винтур Fotonun müəllifi Getty Images
Image caption II Elizabeth, krallıq kostyumçusu Angela Kelly (sağda) və "Vogue" jurnalının redaktoru Anna Wintour

"Hello" jurnalı krallıq kostyumçusu və konfidantı Angela Kellynin "Medalın tərs üzü: kraliça, kostyumçu və qarderob" kitabından bəzi hissələri dərc edib.

Krallıq kostyumçusu ən yüksək səviyyədə icazəylə Əlahəzrət Kraliçanın qarderobundan və məişət sirlərindən yazıb.

Danny Boyle kraliçaya James Bondla birgə bir epizoda çəkilməyi təklif edəndə, o, heç düşünmədən razılıq verib

Fotonun müəllifi Reuters
Image caption Kraliçanı əvəz edən dublyor 2012-ci ilin Olimpiya oyunlarının açılış mərasiminin keçirildiyi stadiona vertolyotdan tullanır

Rejissor Danny Boyle kraliça II Elizabeth-ə 2012-ci ildə Londonda keçirilən yay olimpiadasının açılış mərasimində James Bondla birlikdə bir epizoda çəkilməyi təklif edəndə, o, heç düşünmədən razılıq verib.

Kelliyə şaftalı rəngli iki eyni paltar tikmək tapşırılıb: biri kraliçaya, digəri vertolyotdan stadiona tullanacaq dublyora.

Kraliçanın ayaqqabılarnı əvvəlcə köməkçiləri geyinir

Angela Kelly təsdiq edib ki, həqiqətən də kraliça ayaqqabılarını əvvəlcə başqalarına verir - geyinib genəltsinlər deyə.

Monarxın belə köməkçiləri olduğunu 2010-cu ildə "Sunday Times" jurnalına müsahibəsində krallıq kuturyesi Stuart Parvin də demişdi: "Ayaqqabı həmişə rahat olmalıdır. Kraliçanın ayaqqabılarını geyinən kimsə var. Kraliça "Ayaqqablarım narahatdır, yeriyə bilmirəm" deyə bilməz. Onun hüququ var ki, kimlərsə ayaqqabılarını geyinsinlər və genəltsinlər".

Bunu kitabında krallıq kostyumçusu da təsdiqləyib: "Kraliçanın özünə ayıra biləcəyi vaxt çox azdır, ona görə də ayaqqabılarını başqaları genəldir".

Kelli etiraf edib ki, bu işlə o özü də məşğul olub, çünki kraliçayla ayaq ölçüləri eynidir.

Kraliça Elizabeth Askotdakı at yarışına hansı rəngdə şlyapayla gedəcəyini gizli saxlayır

Fotonun müəllifi Getty Images
Image caption Kraliça Askoltda keçirilən at yarışında, 2019

II Elizabeth Askotdakı at yarışına getməsi nəinki onun geyim stilinin pərəstişkarlarını, o cümlədən, bukmeyker kontorlarının daimi müştərilərini də həyəcanlandırır - onlar kraliçanın həmin gün hansı rəngdə şlyapa qoyacağını təxmin etməyə çalışırlar.

Hətta bir dəfə Angela Kelly kontorlardan birinin rəhbəriylə görüşüb belə mərclərin qəbulunu nə vaxt dayandırmaqla bağlı razılığa gəlməli olubmuş. Yarışdan bir gün əvvəlsə sarayda müxtəlif rəngli bir neçə şlyapa nümayiş olunub - kraliçanın seçəcəyi rəngi son ana qədər heç kim bilməsin deyə.

Michelle Obamayla qucaqlaşma protokola zidd olmayıb. Belə protokol ümumiyyətlə yoxdur

Angela Kelly hesab edir ki, II Elizabeth-in Michelle Obamaya onu qucaqlamaq imkanı verməklə saray etiketini pozması barədə dünya mətbuatında yazılanlar şişirtmədir.

"Kraliça o möhtəşəm qadına sevgi və sayğısını büruzə vermək istəyib və bu, çox təbii arzudur. Bununla bağlı hər hansı protokol yoxdur. Kiminsə öz incə duyğularını büruzə vermək istəməsi və ya Zati-alilərinə bir neçə pilləkəni çıxmaqda kömək etməsi sadəcə xeyirxahlıqdır. Kraliça bunları minnətdarlıqla qəbul edir. Kraliçanın yaxınlığında olan heç bir şəxs təhlükəli deyil, onların hamısına etibar etmək olar" - Kelli belə yazıb.

2009-cu ildə ABŞ prezidentinin Britaniyaya səfəri zamanı Michelle Obama Bukingem sarayında əlini kraliçanın kürəyinə qoymuş, buna görə mətbuat onu protokolu pozmaqda günahlandırmışdı.

2018-ci ildə yazdığı "Təşəkkül" adlı kitabında Michelle Obama da bu hadisəni xatırlayıb; yazıb ki, o məqamda hər ikisi rəsmi tədbirlərdən yorulubmuş, bir-birilərinə hündürdaban ayaqqabıya görə ayaqları ağrıdığını etiraf edirlərmiş və o, kraliçaya mənəvi dəstək olmaq üçün əlini onun kürəyinə qoyub.

Krallıq ailəsi vəftiz köynəyini çayla boyayıb

Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Louisin əynində 1841-ci il modelli köynəyin eynisi var

Angela Kelly həmçinin qeyd edib ki, Cambridge hersoq və hersoginiyasının hər üç uşağının geydiyi 1841-ci il modelli vəftiz köynəyi tünd çayla boyanıb.

Bunu ona görə ediblər ki, yeni variant əvvəlki 150 ildə kral ailəsinə xidmət etmiş; II Elizabeth, şahzadələr Charles, William və Harrynin də xaç suyuna salındığı orijinalına mümkün qədər çox oxşasın.

Hər vəftizdən sonra həmin köynəyi əllə və çox ehtiyatla yuyarlarmış, amma 21-ci əsrin əvvəlində köynək artıq tam yararsız hala gəlib. 2008-ci ildə kral ailəsinin sifarişiylə əvvəlkinin eynisi olan yeni köynək hazırlanıb.

Orijinalına mümkün qədər çox bənzəməsi üçün onu bir neçə dəqiqəliyə içində soyuq su və tünd Yorkshire çayı paketi olan qabda saxlayıblar.

Bu barədə daha geniş