Türkiyə Konstitusiya Məhkəməsi İlker Başbuğun cinayət işini ləğv edib

Türkiyənin sabiq Baş qərargah rəisi İlker Başbuğ Fotonun müəllifi Getty Images

Türkiyə Konstitusiya Məhkəməsi sabiq Baş qərargah rəisi İlker Başbuğ haqqındakı "Ergenekon işi"nin "mühakimə şərtinin reallaşmaması" səbəbilə ləğvinə qərar verib.

Bu, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın öz səlahiyyətlərindən istifadə edərək onun mühakimə edilməsinə icazə verməməsindən sonra baş verir.

İlker Başbuğun "güc və zorakılıq istifadə edərək Türkiyə Cumhuriyyəti hökumətini ləğv etmək və ya vəzifəsini yerinə yetirməsinin qarşısını almağa təşəbbüs etmək, silahlı təşkilat qurmaq və idarə etmək" ittihamları ilə cəzalandırılması tələbi ilə cinayət işi açılmışdı. İlker Başbuğ haqqındakı ittihamlara görə 2 il 2 ay həbs cəzası çəkmişdi.

Konstitusiya Məhkəməsinin Baş Məclisi İstanbul 4-cü Ağır Cinayətlər Məhkəməsinin 26-cı Baş qərargah rəisi İlker Başbul və 18 şübhəli haqqında verdiyi yurisdiksiya qərarından sonra məhkəmə işini Ali Divan qismində araşdırmışdı.

Başbuğa aid edilən hərəkətlərin Ali Divanın mühakimə səlahiyyətlərindən kənara çıxdığına qərar verən heyət İlker Başbuğ haqqında Hərbi məhkəmələrin quruluşu və mühakimə proseduru qanununa" uyğun olaraq istintaq icazəsi alınmalı olduğundan şübhəli haqqında mühakimənin dayandırılmasına, digər 18 şübhəli haqqındakı cinayət işlərinin ayrılmasına qərar vermişdi.

İlker Başbuğ haqqında istintaq icazəsi alınması üçün cinayət işi məlumatlarının bir nüsxəsinin Baş nazirə göndərilməsi qərarlaşdırılmışdı.

Türkiyədə Baş nazir postu ləğv edildikdən sonra istintaq icazəsi proseduru Prezident tərəfindən aparılırdı.

Türkiyə Prezidenti Erdoğanın İlker Başbuğ haqqındakı istintaq icazəsinin tətbiq edilməməsinə qərar verməsindən sonra Konstitusiya Məhkəməsi Baş Məclisi Ali Divan qismində cinayət işini araşdırdı.

Cinayət Prosessual Məcəlləsinin 223/8-ci maddəsi "Türkiyə Cinayət Məcəlləsində nəzərdə tutulan ləğv səbəblərinin olması, ya da istintaq və ya cinayət təqibi şərtinin reallaşmayacağının ortaya çıxdığı halda cinayət işinin ləğvinə qərar verilir" hökmünü ehtiva edir.

"Ergenekon işi"

Ergenekon müasir Türkiyə tarixində ən böyük qalmaqallardan biridir və cənab Erdoğanın İslamçı AK partiyasındakı tərəfdarları və sekulyar hərbi esteblişment arasında qalmaqal yaratmışdı.

İddialara görə "Ergrenekon qəsdi" iştirakçılarının məqsədi Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) iqtidarına son qoymaq olub..

Zabitlər, jurnalistlər, hüquqşünas və akademiklər 2013-cü ildə o zaman baş nazir olan Recep Tayyip Erdoğanı devirməyə cəhddə təqsirli bilinmişdilər.

2008-2010-cu illərdə Orduya rəhbərlik etmiş general Başbuğ özünə qarşı bütün ittihamları rədd edib.

Məhkəmə 2013-cü il avqustun 5-də İlker Başbuğa ağırlaşdırılmış ömürlük həbs cəzası vermişdi. Məhkəmənin verdiyi qərardan sonra cinayət işinə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə "Ergenekon terror təşkilatının mövcudluğuna dair konkret sübut ortaya qoyulmadığı və mühakimədə prosedurlara riayət edilmədiyi" səbəbilə qərarı ləğv edib.

Ali Məhkəmənin qərarı ləğv etməsindən sonra "Ergenekon" haqda əsas işə baxan İstanbul 4-cü Ağır Cinayətlər Məhkəməsi İlker Başbuğ və 18 şübhəlinin cinayət işinin yurisdiksiyası qərarı ilə Konstitusiya Məhkəməsinə göndərilməsinə qərar vermişdi. Bu qərarla İlker Başbuğun Ali Divanda mühakimə edilməsinə imkan yaranmışdı.

Bu barədə daha geniş