Türkiyə keçmiş İŞİD liderinin "bacısını həbs edib"

Əbu Bəkr əl-Bağdadinin bacısı Rasmiya Awad-ın əri (solda), Rasmiya Awad (mərkəzdə), Awadın gəlini (sağda) Fotonun müəllifi Reuters
Image caption Əbu Bəkr əl-Bağdadinin bacısı Rasmiya Awad-ın əri (solda), Rasmiya Awad (mərkəzdə), Awad-ın gəlini (sağda)

Özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Suriyanın şimalında saxlanıb, Türkiyə rəsmiləri deyir.

Yerli və beynəlxalq medianın istinad etdiyi rəsmilər 65 yaşlı Rasmiya Awad adlı qadının bazar ertəsi Azaz şəhəri yaxınlığındakı basqında tutulduğunu söyləyib.

Türkiyə rəsmiləri bu həbsin İŞİD haqqında vacib məlumat toplanmasına yardım edəcəyini bildirib, media yazır.

Bağdadi ötən ay ABŞ ordusunun Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat zamanı özünü öldürüb.

Onun ölümü ABŞ prezidenti Donald Trump-ın qələbəsi kimi qarşılansa da, tənqidçilər İŞİD-in Suriyada və başqa yerlərdə hələ də təhlükə kimi qaldığını iddia edirlər.

Bir Türkiyə rəsmisi Reuters xəbər agentliyinə deyib ki, Bağdadinin böyük bacısının həbsi "İŞİD-in daxili işlərinə" aydınlıq gətirə biləcək.

Bağdadinin bacısı haqqında az şey məlumdur. BBC hələ ki, həbs olunan qadının şəxsiyyətini müstəqil mənbələrlə təsdiq edə bilməyib.

Fotonun müəllifi Reuters
Image caption Keçmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ABŞ ordusunun oktyabr ayında İdlib əyalətində keçirdiyi əməliyyatda özünü öldürüb

New York Times xəbər verir ki, Bağdadinin beş qardaşı və bir neçə bacısı var. Onların hamısının sağ olub-olmadığı məlum deyil.

Rasmiya Awad-ın Hələb əyalətində saxlandığı bildirilib. Hələb ötən ay Suriyaya hərbi müdaxilə etmiş Türkiyənin nəzarətindədir.

Rasmiya Awad əri, gəlini və beş uşağı ilə birlikdə yaşadığı treylerdə tapılıb.

Bir türk rəsmisi AP xəbər agentliyinə verdiyi açıqlamada onun ekstremist qrupla əlaqədə olması şübhəsi ilə dindirildiyini deyib.

Mütəxəssislər isə bildirir ki, Rasmiya Awad-ın nə qədər faydalı kəşfiyyat məlumatı verə biləcəyi və ya Bağdadi ilə nə qədər vaxt keçirdiyi məlum deyil.

Bu barədə daha geniş