Qazaxıstanda təyyarə qəzası şahidlərin gözü ilə

Videonun alt yazısı,

Qazaxıstanda içində 100 sərnişin olan təyyarə qəzaya uğrayıb

Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev təyyarə qəzasına görə ümumxalq matəmi elan edib.

Cümə günü səhər saatlarında ölkənin ən böyük şəhəri Almatıdan paytaxt Nur-Sultana uçan təyyarə yerdən çox qalxmamış qəzaya uğrayıb. 10-dan çox adam həlak olub, yaralılar var.

Məlumatlara görə, təyyarə yuxarı qalxandan azca sonra enməyə başlayıb və beton divara çırpılaraq yaşayış binasına düşüb.

Bek Air şirkətinə məxsus sərnişin təyyarəsində 93 sərnişin və 5 ekipaj üzvü olub.

Şəklin mənbəyi, Reuters

İnterfaks 60 adamın sağ qaldığını bildirir.

Aeroport sərnişinlərin ad və soyadı olan siyahını yayıb.

Sərnişinlər arasında Ukrayna, Qırğızıstan və Çinin də vətəndaşları var, İnterfaks MDB Qazaxıstana istinadən xəbər verir.

Bildirilir ki, təyyarədə yanğın baş verməyib.

Şahid sözü

Sağ qalanlardan biri Maral Erman yerli Tengri News saytına deyib ki, təyyarə yerdən qalxarkən silkələnmə hiss olunub. "Əvvəlcə elə hss olundu ki, təyyarə enir, amma biz nəyəsə dəydik", o bildirib.

Onun sözlərinə görə, təyyarədə ciddi xaos olmayıb. "Qorxu yox idi". O bildirib ki, uçuş heyətinin üzvü çıxışı açaraq sərnişinlərə burden enə biləcəklərini deyib.

Maral Erman əlavə edib ki, sonradan təyyarənin iki yerə bölündüyünü görüb.

Fokker 100 təyyarəsinin tarixçəsi

1999-cu ildə təsis edilən və özünü ölkənin birinci az büdcəli təyyarəsi sayan Bek Air-in parkında 7 Fokker-100 təyyarəsi var.

Bek Air şirkətinin parkında Hollandiya şirkətinin orta mənzilli Fokker 100 təyyarələri var.

Qazaxıstan hakimiyyəti bildirib ki, bu tip təyyarələrin ölkədə uçuşu dayandırılacaq. Bek Air-in də fəaliyyəti dayandırılır.

Fokker 100 modelindən cəmi 283 təyyarə buraxılıb. İlk uçuşu 1986-cı ildə olub.

Təyyarənin istehsalçısı 1996-cı ildə iflas edib.

Bu tip təyyarələr bir çox böyük hava yolları - Alitalia, Lufthansa, KLM, İsveçrə və digərləri tərəfindən idarə olunur.

Şəklin mənbəyi, Reuters

Bek Air qəzadan dərhal sonra bütün uçuşlarını təxirə salıb.

Almatı hava limanı normal işlədiyini və hadisənin uçuş cədvəlinə təsir göstərmədiyini bildirib.

Bu, ölkədə ilk təyyarə qəzası deyil. 20 nəfərin öldüyü təyyarə qəzası 2013-cü ildə Almatı yaxınlığında baş vermişdi.

Bir ay öncə Qazaxıstanın təhlükəsizlik əməkdaşlarının olduğu hərbi təyyarə qəza etmiş, 27 adam ölmüşdü.

"Təyyarədə ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur", - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yerli mediaya deyib.

Məlumatlara görə, yerli vaxtla saat 07.22-də havaya qalxan təyyarə beton divara çarpıb və iki köhnə binanın üstünə düşüb.