Qırılmış ürəyin qidalandırılması: yemək kədərdən qurtulmağa necə kömək edə bilər?

Rəsm Fotonun müəllifi Katie Horwich

Ailədə ölüm hadisəsi baş verəndə qida qəbulu kədəri yüngülləşdirməyə kömək edə bilərmi?

Ölümə görə stresdən sonra yaxşı qidalanmaq vacibdir, lakin kədərli olarkən iştahın yoxluğu adi haldır.

İştahın itməsi ABŞ-ın Midwest bölgəsində Minnesota şəhərinin sakini Lindsay Ostrom-a tanışdır.

O, hamiləliyinin beşinci ayında ikən oğlu Afton doğulub, lakin doğuşun səhəri günü körpə ölüb.

Aftonun ölümündən sonra keçirdiyi kədər hissi ona həm fiziki, həm də emosional təsir göstərib.

O, gecələr tez-tez ağlayıb, bütün günü pijamada qalaraq yemək istəməyib.

"Bütün fikirlərim oğlumu itirməyimlə bağlı idi. Yalnız bu barədə düşünürdüm. Heç bir başqa maraq hissi qalmamışdı", o deyir.

Ancaq Lindsay Ostrom üçün yemək mövzusu onun karyerası idi - o, yemək mövzusunda bloqlar silsiləsinin müəllifi idi.

O, bloqunda yeməyin ləzzətini necə itirdiyini və mədəsində ağır kədər hissindən başqa nəyəsə yer qalmadığını təsvir edib.

"Ümumiyyətlə, qida barədə düşünə bilmirdim. Normal halda yemək iştah hissi doğururdusa, indi bu hiss tamamilə yox olmuşdu, o deyir.

- Mən adətən ədviyyatlı, rəngarəng, ləzzətli yeməkləri sevənəm, amma o zaman istədiyim yalnız sadə yeməklər idi - adi kartof şorbası və ya kərə yağı ilə ağ çörək".

O, iştahının itməsinə baxmayaraq, dostları və ailəsi tərəfindən ona göndərilən təzə bişmiş çörək və isti yeməklər üçün həqiqətən minnətdarlıq hiss edib.

Fotonun müəllifi A Pinch of Yum
Image caption Qəlb qırılanda yeyilən yemək: kartof şorbası

"Bu, bizim üçün bir xilas idi, - o deyir. - O zamankı yemək tərzimi "heç olmasa bir qab yemək yeyim" cümləsi ilə təsvir etmək olar. Özünü bu cür dilə tutmaqla sanki yenidən həyata qayıdırsan, gerçəkliyə qayıdırsan - anlayırsan ki, sən hələ sağsan və yaşamağa davam etməlisən".

Lindsay Ostrom sevgi ilə hazırlanan bu sadə yeməklərin nə qədər vacib olduğunu anlayıb.

O, ailə üzvlərindən və dostlarından yeməklərin reseptlərini öyrənərək onları özünün bloqunda dərc edib, bloqlar silsiləsinə isə "Qırılmış Ürəyi Qidalandırarkən" adı verib, #feedingabrokenheart haştaqı altında Instagram-da insanlara kədərli vəziyyətdən çıxmağa kömək edən yeməklərin şəkillərini yerləşdirib.

Fotonun müəllifi Instagram
Image caption #feedingabrokenheart haştaqı ilə Instagram-da yerləşdirilən yemək təsvirləri

Kədərin ardınca gələn şok hissinin ilkin mərhələsində iştahımızın itməsinə çox vaxt "vur və ya qaç" kimi sadə reaksiyanın işə düşməsi cavabdehdir, ABŞ-ın Maryland Universitetinin nevrologiya üzrə professoru Lisa Shulman deyir.

Professor Shulman-ın xəstəxanada işləməsi onun ölüm hadisələrinə öyrəncəli olmasını nəzərdə tutsa da, əri Bill öləndə bu hadisədən sonra qarşılaşdığı çətinliklər onu şoka salmışdı.

Bunun nəticəsi olaraq o, kədər və beyin haqqında "İtkidən Əvvəl və Sonra" adlı bir kitab yazıb.

O, kədərin orqanizmə necə təsir göstərdiyini və yeməyin bu zaman necə kömək etdiyini anlamaq istəyib.

Travmatik itkiyə məruz qalarkən beyin insan üçün, bir növ, təhlükəsizlik səddi rolunu oynayır, ən ağrılı xatirələrimizi bloklayır və yalnız hisslərimiz hesabına emal edə biləcəyimizə həmin səddi keçməyə imkan verir, professor Shulman qeyd edir.

"Kədərlənən zaman bizimlə ətraf mühit arasında sanki bir yorğan və ya boşluq əmələ gəlir və bu, bizim emosional sarsıntımızı azaltmağa kömək edir, - o deyir. - Düşünürəm ki, bu da yeməyin dadının nüanslarını qiymətləndirməkdə çətinlik yarada bilər".

Sağalmaq üçün bu xatirələri tədricən canlandırmaq lazımdır və bu işdə yemək öz rolunu oynaya bilər, professor Shulman deyir.

"İrəliləmək üçün bu işdə bizə kömək edən yeməkdən istifadə edə bilərik, - o deyir. - Mən həyatımıza məna verən və xatirələrimizi canlandırmağa kömək edən yeməklərə diqqət yetirərdim. Özümün misalında deyə bilərəm ki, mən ərimin xahiş etdiyi reseptlərə uyğun yeməklər bişirirdim - bununla özüm üçün, bir növ, rahatlıq tapırdım".

Fotonun müəllifi Katie Horwich
Image caption Amy deyir ki, atası çiy soğanı yeməklərə əlavə etməyi çox xoşlayardı

Bir neçə il bundan əvvəl Amy-nin atası öləndə, yemək Amy üçün atasına daha yaxın olmaq üçün bir vasitəyə çevrilib.

O, Rumıniya mənşəli yəhudi miqrant olub, ixtisası memarlıq olub, lakin eyni zamanda uğurlu "pastrami" (basdırma ət) biznesi də varmış.

Amy deyir ki, atası çiy soğanı yeməklərə əlavə etməyi çox xoşlayardı.

"Əksər yeməklərə doğranmış soğan səpərdi", - Amy deyir.

O, özü çiy soğan dadını xoşlamasa da, atasının xatirəsinə görə həftədə bir neçə dəfə çiy soğan yeməyə başlayıb.

"Soğanı sanki onun adından yeyirdim", - o deyir.

O, atasının onları nəyə görə xoşladığını anlamaq üçün özünü onun bəyəndiyi qoğalları da yeməyə məcbur edib. Beləliklə, yemək onun üçün xüsusi bir mərasimə çevrilir.

Ölülərlə yemək vasitəsiylə bir növ əlaqə hiss etmək ideyası yeni fikir deyil.

Məsələn, Qədim Romada, məzarın üst hissəsindən aşağıya doğru kanal açmaq və həmin kanal vasitəsiylə "axirət dünyasında olan" mərhuma yemək və içki "çatdırmaq" adi iş sayılıb.

Hindular rəsmi olaraq iki gün çəkən matəm müddəti ərzində yalnız vegetarian yeməklər yeyir.

Əsasən Buddist ölkəsi sayılan Yaponiyada "tsuya" adlanan bir mərasim var. Bu mərasim zamanı mərhumun fotoşəkli önünə bişmiş düyü ilə dolu və düyü kütləsinə şaquli sancılmış yemək üçün istifadə olunan cüt çubuğu olan bir kasa yerləşdirilir.

Meksikada mərhum üçün məhlədə "novenario" adlı matəm mərasimi doqquz gün çəkir və həmin dövr ərzində ləzzətli və ya eyni zamanda acı bibəri çox olan yeməklər bişirilir.

Texasdakı Baylor Universitetinin dosenti Candi Cann deyir ki, Çin kimi adət-ənənəyə diqqət yetirilən cəmiyyətlərdə ölüləri yeməklə təmin etmək ənənəsini indi bir qədər müasirləşdirmək cəhdləri edilir.

"Portağal, xurma, ananas, bişmiş donuz əti kimi yeməkləri gətirmək əvvəllər adi hal idi. Ancaq indi Amerika yeməklərinə də daha tez-tez rast gəlmək olur - McDonald-s tipli kartof qızartması və içkiləri, BigMac kotleti, - o deyir. - Bəzən insanlar həmin yeməkləri yeyir və ya sonradan qəbiristanlıq işçiləri gəlib qəbirləri həmin yeməklərdən təmizləyir".

Bu cür hallar Qərb dünyasında az yayılsa da, ABŞ-ın cənubunda qəbir üstünə yemək gətirilməsi hallarına rast gəlmək olur, professor Cann deyir: "Bu yeməklər mərhum yad edilərkən birgə yeyilir. Misal üçün Yeni Orleanda bu, "jambalaya" (bişmiş ət və tərəvəz - red.) ola bilər, Texasda isə kartofdan hazırlanmış yemək və ya piroq ola bilər"

"Bu mərasimin əsas ideyası yeməyi paylaşaraq yemək, bu yolla və mərhum insan artıq aralarında olmadığı halda yerli icma üzvləri arasında əlaqələri, reinteqrasiyasını möhkəmləndirməkdən ibarətdir".

Beləliklə, ölənlər bizi tərk etsələr də, onların xoşladıqları yeməkləri yeməklə mərhum insan xatirələrdə yaşayır.

Çox vaxt ölənə görə kədər hissi çəkmək anormal bir hal kimi qəbul edilir.

Professor Cann qeyd edir ki, çox vaxt insanlar bu hadisəni "keçmişdə qoymağa" tələsirlər, halbuki bunun əvəzində onlar öz yemək rituallarını yaradaraq mərhumlarla emosional əlaqəni davam etdirmək üçün matəmdən sonra ən yaxşı şəfa tapmaq şansını qazana bilərlər.

Bu barədə daha geniş