DİN: "Paster ləqəbli reperin mahnısına görə həbsi iddiası əsassızdır"

Paster - Pərviz Quliyev Fotonun müəllifi Facebook
Image caption Paster ləqəbli Pərviz Quliyev

Paster ləqəbli reperin "Götürəcəm ölkəni necə Paşabank" ifadəsinə görə saxlanması iddiası yalandır, tamamilə əsassız iddiadır, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya deyib. Onun sözlərinə görə, reper "xırda xuliqanlıq" və "polisin qanuni tələbinə əməl etməməkdə" təqsirli bilinib.

Paşa Bank "adı hallanan şəxsin saxlanması ilə bağlı xəbərlərin belə həqiqətə uyğun olub-olmadığını" bilmir, şəxsin saxlanması ilə bağlı "hər hansı hüquqi tədbirlər görülmədiyini" bəyan edir.

Sosial mediada yayılan məlumatlarda iddia edilir ki, Paster ləqəbli reper Paşa Bankın adı keçən bir repinə görə 30 günlük həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, reper Paster - Pərviz Quluzadə adlı şəxs "polisin qanuni tələbinə əməl etmədiyi üçün" saxlanıb.

"Adı çəkilən şəxs ictimai asayişin pozulmasına yönəlik hərəkətlər edib. Polis onu nizam-intizama dəvət edib. O isə polisin qanuni tələbinə tabe olmayıb. Binəqədi Rayon Məhkəməsi də onun barəsində "xırda xuliqanlıq" və "polisin qanuni tələbinə əməl etməməklə" bağlı qərar çıxarıb".

Paşa Bank bu gün Facebook rəsmi hesabında yaydığı açıqlamada bildirir ki, "adı hallanan şəxslə" bağlı hər hansı hüquqi tədbirlər görülməyib, şəxsin bankla hər hansı bir bağlılığı və ya əlaqəsi yoxdur.

Cümə axşamı günü sosial şəbəkələrdə Paster ləqəbli reperin 30 günlük həbs edildiyini və buna oxuduğu bir battle-repin səbəb olduğu xəbəri yayılıb. İddialara görə, Paster bir repində "Götürəcəm ölkəni necə Paşabank" ifadəsini işlədib və bu cümlə onun həbsinə səbəb olub.

Paşabank Azərbaycanda fəaliyyət göstərən Paşa Holdingə daxildir. Paşa Holdingə ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın yaxın qohumu Mir Camal Paşayev rəhbərlik edir.

Reperin saxlanması xəbərindən bir qədər sonra ona məxsusluğu təsdiqlənməmiş İnstagram səhifəsində belə bir təkzib paylaşılıb:

"Pasterin battle-ə görə saxlanılması xəbəri dezinformasiyadır. Təxribatlara uymayın, Pərviz istirahətdədir. Bir neçə günə onun yeni single-ı online olacaq".

BBC News Azərbaycanca Pərviz Quluzadənin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Bu barədə daha geniş