“Parazit” filmindəki zirzəmi-mənzil uydurma deyil, Seulun minlərlə sakini məhz belə mənzillərdə yaşayır

O Ki Çxol gün işığının düşmədiyi kiçik bir zirzəmi otağında yaşayır
Image caption O Ki Çxol gün işığının düşmədiyi kiçik bir zirzəmi otağında yaşayır

Cənubi Koreya istehsalı olan "Parazit" filmi iki ailə haqqındadır - biri zirzəmidə, digəri möhtəşəm malikanədə yaşayır. Varlı ailə həm də ölkələr gəzib çoxlu pul xərcləyir.

"Parazit" sənədli film deyil, dramdır. Ancaq real həyatda da bərbad zirzəmilərdə yerləşən mənzillər var. Seulda minlərlə insan belə şəraitdə yaşayır.

BBC Koreya xidmətinin əməkdaşı Culi Yun onların bir neçəsiylə söhbət edib.

O Ki Çxolun birinci mərtəbədəki otağına heç gün işığı düşmür.

Ona görə də otaq bitkilərinin hamısı məhv olub.

Yoldan keçənlər O Ki Çxolun otağının içini görə bilirlər
Image caption Yoldan keçənlər O Ki Çxolun otağının içini görə bilirlər

Yoldan keçənlər alçaq pəncərədən asanlıqla bu kiçik otağın içini görə bilirlər.

Yeniyetmələr bəzən düz pəncərənin qabağında siqaret çəkirlər, hərdən tüpürürlər də.

Yayda mənzilinin havası dözülməz dərəcədə nəm olur və O Ki elə hey kiflə mübarizə aparmaq məcburiyyətində qalır.

Darısqal vanna otağında əl-üz yuyan yoxdur, tavansa o qədər alçaqdır ki, başı dəyməsin deyə O Ki orada ayaqları aralı şəkildə durmalı olur.

"Bura köçəndən sonra bədənimdə gah göyərmələr, gah cızıqlar əmələ gəldi - bəzən pilləkəndə büdrəyib ayağımı burxutdum, bəzən qolum divarın betonuna sürtüldü", deyən O Ki Çxolun 31 yaşı var, logistika sahəsində çalışır.

"Ancaq vaxt keçdikcə vərdiş etdim, artıq bütün cadar və nahamar səthlərin, künclərin yerini bilirəm".

О Ки Чхоль
Image caption O ki Çxol vanna otağında dik dayana bilmir

"Parazit" filmi iki zidd aləmin bir-birilə toqquşması haqqında dolaşıq bir tarixçə haqqındadır. Cənubi Koreyanın ən məşhur rejissorlarından biri olan Pon Çjun Xo kasıb Kimlərlə varlı Pakların həyat şərtləri arasındakı fərqləri çox dəqiq nümayiş etdirib. Paklar ailəsi Seulun hündür təpələrindən birindəki malikanədə yaşayır, Kimlərsə alaqaranlıq və dar zirzəmidə.

Seulda minlərlə cavan adam məhz belə mənzillərdə yaşayır. Onlar durmadan çalışır və hər şeyə qənaət edərək pul toplayırlar ki, gələcəkdə normal mənzil ala bilsinlər.

Сцена из "Паразитов" Fotonun müəllifi CJENM/BBC
Image caption "Parazit" filmindəki Kim ailəsinin vanna otağı O Ki Çxolun mənzilindəkindən çox da fərqlənmir
Filmdə Pakların evi geniş, təmiz və işıqlıdır Fotonun müəllifi CJENM
Image caption Filmdə Pakların evi geniş, təmiz və işıqlıdır

Seul binalarının birinci mərtəbələrindəki mənzillər təsadüfən meydana çıxmayıb - bu, Cənubi Koreya tarixindəki hadisələrin nəticəsidir. Onları bir neçə on il əvvəl, Şimali Koreyayla münaqişənin qızğın dövründə tikiblər.

1968-ci ildə Şimali Koreyanın xüsusi təyinatlı dəstələri Seula daxil olmuşdular. Onlara Cənubi Koreyanın o dönəmdəki prezidenti Pak Çon Xini öldürmək əmri verilmişdi.

О Ки Чхоль
Image caption O Ki Çxol gün işığını görmək və təmiz hava almaq üçün küçəyə çıxmalı olur

Onda bu plan baş tutmamışdı, ancaq iki Koreya arasındakı münasibətlər kəskin pisləşmişdi. Elə həmin il Şimali Koreya ABŞ-ın "Pueblo" kəşfiyyat gəmisinə hücum edərək onu ələ keçirmişdi.

Bu ölkənin silahlı agentləri Cənubi Koreya ərazisinə girmiş, ölkədə bir neçə terror hadisəsi törətmişdilər.

Münaqişənin böyüyəcəyindən ehtiyat edən Cənubi Koreya hökuməti tikinti normalarını dəyişmiş, azmərtəbəli yeni binalarda zizəmi və ya yarızirzəmi sahələrin olmasını məcburi norma halına gətirmişdi.

Şimali Koreyayla toqquşma ehtimalı və ya hər hansı fövqəladə hal üçün nəzərdə tutulan bu sahələr əhali üçün sığınacaq rolunu oynamalıydı.

Başlanğıcda zirzəmiləri əhalinin istifadəsinə vermək qadağan olunmuşdu. Ancaq 1980-ci illərdə ölkədə kəskin mənzil çatışmazlığı problemi yaranmış, ən çox da Seulda özünü büruzə vermişdi. Ona görə də hökumət qadağanı aradan qaldırmaq məcburiyyətində qalmışdı.

Сеул
Image caption Seulda ciddi səviyyədə də mənzil çatışmazlığı problemi var

Bu problem BMT-nin 2018-ci il hesabatında da öz əksini tapıb. Sənəddə qeyd olunur ki, iqtisadiyyatının böyüklüyünə görə dünya üzrə 11-ci yeri tutan Cənubi Koreyada aztəminatlı ailələr və gənclər üçün əlçatan mənzil çatışmazlığı problemi mövcuddur.

Bir neçə on ildir ki, ölkənin yaşı 35-dən az olan vətəndaşları qazanclarının yarısını mənzil kirayəsinə ödəyirlər.

Daşınmaz əmlak qiymətlərinin sürətli artışı nəticəsində yarızirzəmi mənzillər bir çoxları üçün yeganə seçimə çevrilib. Bu kiçik ölçülü otaqlar üçün ayda təxminən 450 dollar ödəmək lazımdır. 20-30 yaş arası gənclərin orta aylıq gəliriisə 1700 dollardır.

Yarızirzəmi mərtəbələrdə yaşayanların bir çoxu digər şəhər sakinlərinin onlara həm məcazi, həm də hərfi mənada yuxarıdan aşağı baxmasından xoşlanmır, amma bundan şikayətlənməyənlər də var.

О Ки Чхоль
Image caption O Ki Çxol deyir ki, öz yarızirzəmi mənzilində yaşamaq xoşuna gəlir

"Bilirsinizmi, mənimçün öz mənzilim həqiqətən rahatdır. Mən qənaət edə bilmək üçün burada yaşayıram və buna nail ola bilirəm. Amma insanların mənə yazığı gəldiyini də görürəm" - O Ki Çxol belə deyir.

"Parazit" filmində Kimlər ailəsi Pakların evinə daxil olmağa cəhd edirlər - xidmətçi və repetitor olaraq. Filmin bu yerində Pakların kiçik oğlu onlardan pis iy gəldiyini deyir.

Kimlər ailəsinin böyüyü Kim Kitxek bu iydən xilas olmağa çalışanda qızı sakit şəkildə deyir ki, "Bu, zirzəminin iyidir. Orda yaşamağa davam etdikcə, bu iy bizdən getməyəcək".

Pak Çjun Cun (sağdakı) deyir ki, yarızirzəmi mənzildə yaşamaq ideyasını o, dərhal bəyənib
Image caption Pak Çjun Cun (sağdakı) deyir ki, yarızirzəmi mənzildə yaşamaq ideyasını o, dərhal bəyənib

26 yaşlı fotoqraf Pak Çjun Cun sözügedən filmi yarızirzəmi mənzilə köçəndən dərhal sonra izləyib. Onun da niyyəti qənaət etmək olub və bu kiçik mənzildə həm özünə, həm də rəfiqəsinə yer olmasına sevinib.

Ancaq filmə baxandan sonra beyninə girib ki, onların yaşadığı otaqdan da iy gəlir: "Kim ailəsinin üzvləri kimi, məndən də iy gəlməsini istəmirdim".

Bütün yayı mənzildə ətirli çubuqlar yandıran Pak Çjun antinəm cihazını da heç söndürməyib. O, divarları rəngləmək, bütün qırıq-sökükləri düzəltmək və yaşadığı yeri normal mənzilə çevirmək qərarına "Parazit" filminə baxandan sonra gəldiyini deyir:

"Yer səviyyəsindən aşağıda yaşadığım üçün insanların mənə yazığı gəlməsini istəmirdim".

Pak və rəfiqəsi Şim Min yaşayış şəraitlərini necə yaxşılaşdırdıqlarını nümayiş etdirən videobloq açıblar.

Təmir işlərinə bir neçə ay sərf etməli olsalar da, indi onlar öz mənzillərindən razıdırlar.

Пак Чжунь Джун и его подруга
Image caption Pak Çjun və rəfiqəsi öz yarızirzəmi mənzillərini birlikdə təmir ediblər

"Valideynlərim bu mənzili birinci dəfə görəndə dəhşətə gəlmişdilər. Əvvəlki sakin hədsiz siqaret çəkən olduğu üçün otaqda kəskin iy qalmışdı, anamsa o iyə dözə bilmirdi" - Pak Çjun belə deyir.

Əvvəlcə Pakın rəfiqəsi yarızirzəmi mənzilə köçmək ideyasına qəti etiraz edibmiş:

"Zirzəmilərdən heç xoşum gəlmirdi. Onların təhlükəli yer olduğunu düşünürdüm. Çünki özüm çoxmənzilli evdə böyümüşəm və zirzəmilər mənə şəhər həyatının qaranlıq tərəfini xatırladırdı. Ona görə də sevgilim üçün çox narahat idim".

Шим Минь в отремотированной квартире

Ancaq videbloqun izləyiciləri onları dəstəkləyən şərhlər yazıblar. Hətta bəziləri qeyd ediblər ki, mənzilin yeni görünüşü onlarda qibtə hissi yaradır.

"İndi mənzilimizi çox bəyənirik və gördüyümüz işlə fəxr edirik" deyən Şim onu da əlavə edir ki, axıra qədər burda yaşamaq fikrində deyillər və nə vaxtsa daha yaxşı mənzilə köçəcəklər.

Şəxsi mənzil almaq üçün O Ki Çxol da qənaət edir. Hazırda ən çox təəssüfləndiyi şey odur ki, pişiyi günəşi görmür...

кошка

Şəkillərin müəllifi: Culi Yun

Bu barədə daha geniş