Tom və Jerry: siçan-pişik cizgi filminin 80 yaşı tamam olur

Tom və Cerri Fotonun müəllifi Alamy

Pişik onunla bir evdə yaşayan zəhlətökən siçan balasından qurtulmaq üçün hiyləgər bir plan qurur: tələyə pendir qoyub onu tutmaq istəyir. Pişiyin məkrli niyyətini dərhal anlayan siçan balası isə sakitcə pendiri götürüb qaçır.

Yəqin ki, sonra baş verənlərdən xəbərdarsınız. Demək olar ki, bütün bölümlər eyni sonluqla bitir: məkrli planlarına özü qurban gedən pişik ağrıdan qıvrıla-qıvrıla qışqırır.

Filmin süjeti hər kəsə bəlli olsa da, tarixçəsini bilən azdır - böyük şöhrət, "Oscar" mükafatı, soyuq müharibə illərində "dəmir pərdə" arxasındakı gizli studiya.

Bu həftə "Tom və Jerry"-nin (Tom və Cerri və ya Tom və Ceri- red.) 80 yaşı tamam olur. Necə oldu ki, onlar tarixin ən komik duetinə çevrildilər?

"Tom və Jerry" böhran və məyusluq dövründə "doğulmuşdular". Multiplikatorlar William Denby Hanna və Joseph Roland Barbera-nın çalışdığı "Metro Goldwyn Mayer" şirkəti Mickey Mouse kimi çox populyar personajlar yarada bilmiş rəqiblərinin uğurunu təkrarlamağa çalışırdı.

O vaxt 30-a yaxın yaşları olan Hanna və Barbera darıxmaqdan bezib yeni ideyalar axtarmağa başlayırlar. Sadə konfliktli və qaçdı-qovdulu siçan-pişik qovğaları Barbera-nın xoşuna gəlirdi, amma bu mövzu artıq yüzlərlə dəfə ekranlaşdırılmışdı.

Onların ilk birgə işi "Puss Gets the Boot" ("Çəkməylə vurulan pişik") filmi olur (1940). Bu filmdə Toma oxşayan pişiyin adı Casper, siçanın adı isə Cinks idi.

Film böyük populyarlıq qazanır, ən yaxşı qısa animasiya filmi kimi "Oscar" alır. Ancaq bu mükafata Hanna və Barbera yox, MGM layiq görülür.

Əvvəlcə studiyanın menecerləri onlara təklif etmişdilər ki, sadəcə bu mövzuya fokuslanmasınlar, digər layihələr də düşünsünlər.

Ancaq Texas kinoteatrlar şəbəkəsinin kiçik filmlər şöbəsinin direktoru Besa Short-dan gələn məktub hər şeyi dəyişir. Həmin məktubda o soruşurdu ki, "pişik və siçan haqqında o gözəl multfilmin" yeni bölümlərinə nə vaxt baxa biləcək. Bundan sonra Casper və Cinksin adı dəyişdirilərək Tom və Cerri qoyulur.

Fotonun müəllifi LMPC via Getty Images
Image caption Tom və Jerry gah dalaşır, gah da dostlaşırdılar, ancaq onların yumoru həm böyüklərin, həm də uşaqların xoşuna gəlirdi

Barbera-nın sözlərinə görə, filmdə personajların danışıb-danışmaması fikri xüsusi müzakirə olunmayıb. Multfilmin yaradıcıları Charlie Chaplin-in filmlərini izləyərək böyümüşdülər və bilirdilər ki, yumorun dialoqlara ehtiyacı yoxdur.

Filmin musiqisini bəstəkar Scott Bradley bəstələyib, Tomun insan səsinə bənzəyən çığırtısı isə Hanna-nın öz ifasındadır.

Sonrakı iyirmi ildə Hanna və Barbera yüzdən çox yeni seriya hazırlayıblar. Hər seriya üçün şəkillərin çəkilməsinə bir neçə həftə vaxt və 50 min dollara qədər vəsait lazım gəlirdi deyə, il ərzində istehsal edilən seriyaların sayı çox olmurdu.

O illər "Tom və Jerry"nin qızıl dövrü hesab edilir. Şəkilləri əllə çəkilən qəhrəmanların və çoxsaylı detalları olan dekorasiyaların axıcı animasiyası bu multfilmə bir neçə "Oscar" və Hollywood filmlərində epizodik rollar qazandırmışdı.

"Filmə uşaq vaxtı baxmısınızsa və hətta ilk dəfə indi baxacaq olsanız belə, hansı bölümün nə vaxt çəkildiyini deməyə çətinlik çəkərsiz. Bu animasiyada qəribə bir xüsusiyyət var - həmişəyaşıldır, heç vaxt solmur. Şəkillər də belədir - biz muzeyə gedib oradakı əsərlərə baxanda onların 17-18-ci əsrlərdə çəkildiyini bilirik, ancaq zamanın fərqi yoxdur, çünki onları bu gün də başa düşürük. Cizgi filmləri də belədir. Zamanla biz başa düşdük ki, animasiya keçici əyləncə növlərindən biri yox, böyük incəsənətdir" - filmin tarixçisi Jerry Beck belə deyir.

Fotonun müəllifi Alamy
Image caption 1945 - "Lövbərləri qaldırmaq" filmində Jerry Jean Kelly ilə rəqs edir
Fotonun müəllifi Getty Images
Image caption 1953 - pişik və siçan balası "Dangerous When Wet" (La-Manşı fəth etmək) filmində üzgüçü Esther Williams-la eyni epizodda çəkiliblər

1950-ci illərin ortalarında prodüser Fred Quimby təqaüdə çıxandan sonra Hanna və Barbera MGM-in animasiya şöbəsinə rəhbərlik etməyə başlayırlar. Qarşıda şirkətdə ixtisarlar olacağı gözlənir. Televiziyanın artan populyarlığından qorxan menecerlər başa düşürlər ki, yeni bölümlər çəkmədən, köhnələri nümayiş etdirməklə kifayətlənəndə gəlir, demək olar ki, azalmır.

1957-ci ildə şirkətin animasiya şöbəsi bağlanır, Hanna və Barbera öz studiyalarını yaradırlar.

Bir neçə il sonra MGM Tom və Jerry-ni ekranlara qaytarmaq qərarına gəlir, ancaq bu dəfə yaradıcılarının iştirakı olmadan.

1961-ci ildə studiya qənaət məqsədilə serialı Praqadakı tərəfdaşına verir. Chicago-dan olan animator Gene Deitch layihəyə rəhbərlik edir, ancaq büdcə məhdud, animatorlarsa məlumatsız idilər.

Çex studiyası gizli şəkildə digər animasiyalar üçün də (məsələn, "Popayya" multfilminə) yeni bölümlər çəkirdi. Titrlərdə çex soyadları Amerika sayağı yazılırdı ki, tamaşaçılarda kommunizmlə bağlı assosiasiyalar yaranmasın.

"Praqadakı multiplikatorlar "dəmir pərdə" ucbatından "Tom və Jerry"nin bir bölümünü də görməmişdilər" - sonralara Deitch çex radiosuna müsahibəsində belə demişdi.

Deitch in rəhbərliyi altında çəkilmiş 13 seriya davamlı olaraq serialın ən pis hissələri sayılırdı. Deitch bu haqda müsahibələrində də danışırdı, bir dəfə isə demişdi ki, fanatlardan biri onu ölümlə hədələyib.

Ondan sonra serial Chuck Jones-a keçir. Həmin vaxt bu rejissorun ən populyar filmi "Looney Tunes" hesab olunurdu. Onun variantında Tom-a qalın qaşlar çəkirlər. Getdikcə o, Jones-un Dr Seuss-un kitabı əsasında çəkdiyi digər multfilmindəki Qrinç adlı pişiyə oxşamağa başlayır.

Fotonun müəllifi Alamy
Image caption Chuck Jones 1963-67-ci illər ərzində "Tom və Jerry"nin 23 üç seriyasını çəkib

72 yaşlı Mark Kausler Tom və Jerry ilə keçən uşaqlığını yaxşı xatırlayan çox adamdan biridir. Filmin ilk bölümlərinə baxmaq üçün atasını elə hey St. Louis-dəki kinoteatra çəkib aparan Kausler "Tom və Jerry"dən ilhamlanaraq sonralar özü də multfilm personajları çəkməyə başlayıb və animasiya sahəsində uzun və uğurlu karyera qura bilib.

"Cizgi filmi ilk növbədə görünüşünə, musiqisinin ritminə, həmin ritmdə musiqinin necə çalışmasına əsaslanır. Bu, çox gözəl formuluydu - bütün elementlər bir-biriylə əlaqəliydi. Onlar bu əlaqələri söküb yenidən yığanda, yeni adamlarla, başqa rəssamla çalışmağa başlayanda, nəticə mənə süni göründü" - Kausler belə deyir.

Fotonun müəllifi Mark Kausler
Image caption Kausler "Dovşan Roceri kim satıb?" və "Pişik Feliks" filmlərini çəkib

Hanna və Barbera onun təhsil aldığı multiplikatorlar məktəbinə gələndə sevindiyini yaxşı xatırlayan Kausler özü "Tom və Jerry" üçün işləyə bilməyib - bu sahəyə gec gəldiyi üçün.

MGM-də "televiziya" sözünü işlətmək qadağanıydı, Ancaq Hanna və Barbera öz şirkətlərini qurandan sonra bu yeni icadı mənimsəyə bilirlər. Büdcələri kiçik olsa da, bölümləri daha uzun çəkməyə başlayırlar, öz animasiya stillərini televiziyaya uyğunlaşdırırlar və daha az vaxt və pul xərcləməyin bir neçə üsulunu fikirləşib tapırlar.

Onillər boyu cizgi filmləri uşaqlar üçün televiziyanın əsas komponenti olub. İlk uğurların əldə edildiyi 1960-cı illərdə Geklberri Finn və Ayı Yogi kimi personajlar ortaya çıxıb.

Sonra yeniləri yaranıb - "The Flintstones" və "Scooby-Doo".

1970-ci illərdə Hanna və Barbera "Tom and Jerry"yə dönürlər.

Televiziya nizamlayıcılarının həmin dövrdəki qaydalarına görə, əvvəlki bölümlər "çox sərt" hesab olunur. Pişiklə siçan balasının dost olduğu yeni bölümlər əvvəlkilərin uğurunu təkrarlaya bilmir.

Fotonun müəllifi Bettmann via Getty
Image caption Hanna (solda) və Barbera (sağda) MGM-dəki köhnə komandadan mümkün qədər çox adam cəlb etməyə çalışırdılar
Fotonun müəllifi Warner bros via Getty Images
Image caption 1960-cı illərdə Hanna və Barbera həm də "The Jetsons" serialını çəkmişdilər

O dövrdə çəkilmiş bir çox başqa cizgi filmləri kimi, "Tom and Jerry"də ağ irqdən olmayanların siyasi baxımdan qeyri-korrekt şəkildə təsvir edilməsi ittihamına tuş gəlib.

Tom-un "Bir cüt ayaqqabı" (Mammy Two-Shoes) adlı sahibəsini - cənub ləhcəsiylə danışan, kadrlarda bədəninin qurşaqdan yuxarısı göstərilməyən afroamerikalı mürəbbiyəni irqçi karikatura adlandırlar. Bəzi bölümlərdə "blackface" zarafatların; o cümlədən, asiyalıların və Amerika aborigenlərinin alçaldıcı təsvirlərinin olduğu qeyd edilir.

1960-cı illərdə bu seriyalar televiziyada göstərməyə başlayanda o tip səhnələrin bəzilərini kəsirlər, Tom-un sahibəsini isə Jones-un komandasının hazırladığı yeni personajlarla əvəz edirlər. Hazırda qeyri-korrekt olan seriyaları əvvəlki kolleksiyalardan və yayım platformalarından çıxarırlar. 2014-cü ildə "Amazon" şirkəti cizgi filmə "irqi ayrıseçkilik" xəbərdarlığı əlavə edib.

"Tom and Jerry" öz zarafatyana zorakılığı və qara yumoruyla hələ də bütün dünyada məşhurdur. Bu multfilmi istər Yaponiyanın, istərsə də Pakistanın uşaq kanallarında görmək olar. Onun motivləri əsasında mobil telefonlar üçün hazırlanmış oyunu isə təkcə Çində 100 milyon adam köçürüb.

Təəccüblü də olsa, serial hələ də xəbər proqramlarının mövzusu olmağa davam edir.

2016-cı ildə misirli məmur onu Yaxın Şəqrdə münaqişələri aktivləşdirməkdə günahlandırıb, İranın dini lideri isə ölkəsi və ABŞ arasındakı münasibətləri ən azı iki dəfə "Tom və Jerri"ylə müqayisə edib.

Fotonun müəllifi India Today via Getty Images
Image caption Hindistanda serialı bir neçə dildə nümayiş etdirirlər
Fotonun müəllifi Getty Images
Image caption İraqda Domiz qaçqınları üçün düşərgə, 2014

BBC-nin uşaq kanalları da istisna deyil: Britaniyada uşaqlar bu filmi çox sevirlər, 2015-ci ildə keçirilmiş sorğulardan sonrasa onun böyüklər arasında da ən populyar animasiya olduğu aşkara çıxıb.

80 il ərzində pişik və siçan balası özlərini müxtəlif janrlarda sınayıblar - Tom və Jerry -nin balaca olduğu "uşaq" variantından tutmuş 1992-ci ildə hər ikisinin danışdığı və mahnı oxuduğu tammetrajlı filmə qədər.

Hanna 2001-ci ildə, Barbera 2006-cı ildə vəfat edib. Bundan bir il əvvəl Barbera-nın adı son dəfə "Tom və Jerry" serialının titrlarında yazılıb - ilk dəfə Hanna-sız.

"Biz bir-birimizi çox gözəl başa düşürdük və birimiz o birimizin işinə hörmətlə yanaşırdıq" - Barbera Hanna ilə münasibətləri haqqında belə demişdi.

Fotonun müəllifi Alamy
Image caption 1992-ci ildə tammetrajlı "Tom və Jerry" filmi çox da böyük kassa uğuru qazanmamışdı
Fotonun müəllifi Warner Bros Animation
Image caption 2014-cü ildən etibarən filmin yeni versiyası nümayiş etdirilir

"Tom və Jerry"nin indiki sahibi "Warner Brothers" şirkəti Milad bayramı ərəfəsində bu adla yeni film yayımlamaq istəyir. Layihə haqqında çox az məlumat var. Filmdə aktyorlar Chloë Grace Moretz and Ken Jeong çəkildiyi bilinir.

Jerry Back "Tom və Jerry"nin azalmayan populyarlığını personajlarla adamlar arasında ortaq nöqtələrin çox olmasıyla izah edir:

"Məncə, insanların bir çoxu özünü Jerriyə bənzədə bilər, çünki hər birimizin həyatında bizə mane olan şəxslər var. Məsələn, müdir, ev sahibi, siyasətçi və ya hər hansı bir şəxs. Biz öz həyatımızı yaşayırıq, onlarsa gəlib hər şeyi dağıdırlar".

Bu barədə daha geniş