MSK: Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə və Rauf Arifoğlunun dairələrinin nəticələri ləğv edilib

Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə və Rauf Arifoğlunun dairəsinin nəticələri ləğv edilib Fotonun müəllifi AZERTAG, APA
Image caption Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə və Rauf Arifoğlunun dairəsinin nəticələri ləğv edilib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlunun lider olduğu dairələrin nəticələri ləğv edilib, MSK-dan BBC News Azərbaycancaya təsdiqlənib.

Bunlar müvafiq olaraq, 35 saylı Xətai III, 74 saylı Lənkəran Kənd, 33 saylı Xətai I Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairələridir.

Hüseynbala Mirələmov və Hadi Rəcəbli hakim Yeni Azərbaycan Partiyasından, Çingiz Qənizadə və Rauf Arifoğlu bitərəfdirlər.

MSK həmçinin 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətləri müvafiq dairə seçki komissiyalarına göndərib.

Fevralın 9-da Azərbaycandan erkən parlament seçkisi keçirilib. Bu seçkilərində 125 mandat uğrunda 1300-dən çox namizəd mübarizə aparıb. Ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olub.


Nəticələri ləğv olunan dairələrin lider namizədləri qərarı necə qarşıladı?

35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı bu dairədən lider namizəd olmuş Rauf Arifoğlu bildirib ki, "komanda və seçicilərindən fərqli olaraq, o, bu xəbəri məmnuniyyətlə qarşılayıb".

"İctimai rəydəki bu manipulyasıyanı nəzərə alaraq, mən 13 fevral tarixində MSK və ictimaiyyətə bir müraciət ünvanladım. Təklif etdim ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsində seçkinin nəticələri ləğv olunsun və seçki təkrar keçirilsin", o Facebook səhifəsində yazıb.

"Mənim də tələbimi təmin edən MSK-nın qərarı ilə dairədə nəticələrin ləğv olunması yeni yarış imkanı yaradır", o qeyd edib.

Yeni Azərbaycan Partiyası iki namizədinin lider olduğu dairələrin nəticələrinin ləğvi ilə bağlı BBC News Azərbaycancaya şərh verməyib.

BBC News Azərbaycanca hələlik nəticələri ləğv olunmuş dairələrin lideri olmuş namizədlərlə danışa bilməyib.


Ayna-Zerkalo nəşrinin baş redaktoru Elçin Şıxlı nəticələrin ləğv olunmasının əsas səbəbi kimi "bu seçkilərdə şikayətlərin sayının hədsiz çox olduğunu" göstərib.

"Xüsusi şikayətlər olub. Düşünürəm ki, şikayətlərin dalı gələcəksə, başqa dairələrin nəticələri də ləğv oluna bilər", BBC News Azərbaycancaya müsahibəsində bildirib.

"Arta bilər... Ancaq mənə elə gəlir ki, bir müddət sonra bu parlamentimiz də deyəcək ki, özüm-özümü bəyənmədim".

Elçin Şıxlı hesab edir ki, dairələrin ləğv edilməsi, keçirilən aksiyalara su səpmək yox, bu gedən proseslərə, keçirilən aksiyalara biganə olmamağın nəticəsidir.

Siyasi təhlilçi Rauf Mirqədirov BBC News Azərbaycancaya deyib ki, "3-4 dairənin, hətta beş dairənin ləğvi ölkədəki narazılığın miqyasına uyğun addım deyil".

"Cəmiyyətin pozitiv dəyişiklərə inamının illüziyasının yaradılması istənilirsə, o zaman heç olmasa 15-20 dairənin nəticəsi ləğv olunmalıdır və bu, bizim hakimiyyət üçün çox ciddi addım olardı."

Onun sözlərin görə, bu, "cəmiyyətin narazılığının aşağı salınmasına" gətirib çıxarardı.

"...burada məqsəd beynəlxalq təşkilatlara hesabat vermək üçündür ki, biz şikayətlərə baxmışıq və 4-5 dairəni ləğv etmişik. Ancaq bu, ciddi addım deyil".

Azərbaycanın Mərkəzi Seçki Komissiyası səsvermənin "uğurlu" keçdiyini və MSK-nin bu seçkidə "analoqu olmayan fəaliyyət göstərdiyini" bəyan edib.

Qurum sədri Məzahir Pənahov 9 fevralda keçirdiyi mətbuat konfransında məntəqələrdə baş vermiş hadisələrlə bağlı sosial mediada yayılmış bütün görüntülərin araşdırılacağını və pozuntulara yol verən bütün aşağı seçki komissiyalarının cəzalandırılacağını deyib.

Seçkini izləyən beynəlxalq müşahidəçilər bəyanatlarında "məhdudlaşdırıcı qanunvericilik və siyasi mühitin Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olduğunu" bildiriblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatı şərhində "çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmadıqlarını", lakin "...iddia olunan və özünü biruzə verən pozuntuların müfəssəl şəkildə araşdırılacağını və qanun çərçivəsində bütün zəruri tədbirlərin həyata keçiriləcəyini" bildirib.

Bu barədə daha geniş