"İnfeksiyaya görə təşəkkür, Zelenski!" - Ukraynada etirazçılar Çindən təxliyə edilənləri daşıyan avtobusa hücum edib

Ukraynanın Novıye Sanjarı şəhərində etirazçılar Çindən təxliyə edilmiş adamları daşıyan avtobuslara daş atırlar Fotonun müəllifi Reuters
Image caption Ukraynanın Novıye Sanjarı şəhərində etirazçılar Çindən təxliyə edilmiş adamları daşıyan avtobuslara daş atırlar

Ukraynanın Novıye Sanjarı şəhərində onlarla etirazçı koronavirusun yayıldığı Çindən təxliyə edilmiş insanları daşıyan avtobuslara hücum edib.

Təxliyə edilənlər şəhərin Poltava bölgəsindəki xəstəxanaya aparılıblar. Onlar orada 14 gün karantində saxlanılacaqlar.

10 minə yaxın əhalisi olan şəhərin sakinləri virusun şəhər boyunca yayıla biləcəyindən qorxurlar.

Ukrayna Prezidenti Volodimir Zelenski əhalini həmrəylik göstərməyə və "hamının insan olduğunu" xatırlamağa çağırıb.

Cümə axşamı günü 45 ukraynalı və 27 xarici ölkə vətəndaşı Çində koronavirusun yayılmağa başladığı Uhan şəhərindən Ukraynanın Xarkov şəhərinə uçublar.

Sonra onları 6 avtobus Noviye Sanjarı şəhərindəki xəstəxanaya aparıb. Etirazçılar onları tonqal yandıraraq və daş ataraq qarşılayıblar.

Fotonun müəllifi Reuters
Image caption Polis təxliyə edilənləri karantinə aparan avtobusun yolunu açmağa çalışır

Ukraynanın Səhiyyə Nazirliyi sərnişinlər arasında xəstə insanın olmadığını bildirib.

Ukraynanın diplomatik missiyası bildirib ki, 3 ukraynalı və bir qazaxıstanlı qızdırması olduğu üçün Çində saxlanılıb.

Fotonun müəllifi Reuters
Image caption Onlarla etirazçı təxliyə edilənlərin şəhərə gətirilməsinə etiraz edir

Ukraynanın Baş naziri, səhiyyə və daxili işlər nazirləri şəhərdəki gərginliyi azaltmağa çalışmaq üçün Noviye Sanjarı şəhərinə gediblər.

Ölkənin yerli mediasında yayılan görünülərdə Ukraynanın daxili işlər naziri Arsen Avakovun etirazçılarla söhbəti görünür.

"Söhbət virusa yoluxmuş insanlardan yox, sağlam insanlardan gedir", - o, etirazçılara deyib.

Fotonun müəllifi Reuters
Image caption Ukraynanın Baş naziri, səhiyyə naziri və daxili işlər naziri şəhərdəki gərginliyi azaltmağa çalışmaq üçün Noviye Sanjarı şəhərinə gediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski verdiyi açıqlamada ukraynalıları mərhəmət göstərməyə və etiraz nümayişlərindən çəkinməyə çağırıb.

"Sərnişinlərdən çoxu 30 yaşından gəncdir. Onlar bir çoxlarımızın övladları kimidir", - o deyib.

"Covid-19" adlandırılan virusa ümumilikdə 76 min nəfərin yoluxduğu, 2 mindən çox adamın isə öldüyü bildirilir.

Ölümlərin çox hissəsi Çinin payına düşüb.

Bu barədə daha geniş