Koronavirus: dünya pandemiyaya "hazır olmalıdır"

Ümumdünya Səhiyyə Təşkilatı bu gün Koronavirus pandemiyasına hazırlıqlı omağı bildirib Fotonun müəllifi Getty Images

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünya mümkün koronvirus pandemiyasına daha hazırlıqlı olmalıdır.

ÜST bildirib ki, indi bu yayılmanı pandemiya adlandırmaq tezdir, lakin ölkələr buna "hazırlıqlı olmalıdırlar".

Pandemiya bir yoluxucu xəstəliyin dünyanın bir çox yerində və ya bütün yer kürəsində insandan-insana asanlıqla yayılmasıdır.

Tənəffüs xəstəliyinə səbəb olan Covid-19 virusunun daha çox yayılması halları davam edir, Cənubi Koreya, İtaliya və İranda baş verənlər narahatlıq doğurur.

ÜST hazırda Azərbaycanda koronavirusa (COVID-19) yoluxma halının qeydə alınmadığını bildirib.

Bununla yanaşı, infeksiyaların çoxu virusun əsl mənbəyi olan Çindədir, burada indiyədək təxminən 77 min insanın bu virusa yoluxduğu və 2600-dən çox şəxsin isə öldüyü bildirilir.

İndiyədək təxminən 30-a yaxın ölkədə 1200-dən çox koronavirus hadisəsi təsdiqlənib və 20-dən çox ölüm hadisəsi qeydə alınıb. İtaliyada bazar ertəsi günü daha dörd ölüm hadisəsi ilə bağlı xəbər yayılıb, bununla da bu ölkədə ölümlərin sayı yeddi nəfərə çatıb.

Ümumdünya birjalarında virusun iqtisadi təsiri ilə bağlı narahatlıqlar müşahidə olunub.

Çin hökuməti Covid-19-a qarşı "səylərini davam etdirmək" üçün gələn ay Milli Xalq Konqresinin illik toplantısını təxirə salacağını elan edib.

Kommunist Partiyasının verdiyi qərarları təsdiqləyən qurum 1978-ci ildən bəri hər il görüşüb.

Ümumdünya Səhiyyə Təşkilatı ölüm faizləri ilə bağlı hələlik dəqiq məlumatın olmaması ilə bağlı xəbərdarlıq etsə də, Covid-19-dan ölən insanların nisbəti 1-2 faiz arasında olduğu deyilir.

Bazar ertəsi günü İraq, Əfqanıstan, Küveyt, Oman və Bəhreyn ilk koronavirusa yoluxma hadisəsini açıqlayıblar, bu şəxslərin hamısı İrandan gələn insanlarla təmasda olub.

Bəhreyn rəsmiləri xəstəliyə yoluxmuş bir şəxsin məktəb avtobus sürücüsü olduğunu və nəticədə bir neçə məktəbin bağlandığını bildiriblər.

Digər fəaliyyətlər:

İtaliyanın A qrupu və Avropa Liqasında keçiriləcəyi gözlənən bəzi futbol matçları virusun yayılmasının qarşısını almaq üçün bağlı qapılar arxasında keçiriləcək, İtaliyanın idman naziri deyib.

Koronavirus qorxusu investorları etibarlı bir sığınacaq axtarmağa vadar etdiyi üçün qızıl yeddi ildə ən yüksək qiymətə çatıb.

Cənubi Koreyanın populyar qrupu BTS fanatlardan TV şoularından uzaq durmağı xahiş edib.

Şimali Koreya koronavirusun yayılması ehtimalına qarşı 380 xarici vətəndaşa karantin tətbiq edib.

ÜST nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bazar ertəsi günü jurnalistlərə açıqlamasında İran, İtaliya və Cənubi Koreyada son günlərdə baş verən yeni halların sayının "çox narahatedici" olduğunu söyləyib.

Bununla yanaşı, o, "hal-hazırda bu virusun qlobal səviyyədə yayılmasının, geniş miqyaslı ağır xəstəliyin və ya ölümün şahidi deyilik" deyib.

"Bu virusun pandemiya potensialı varmı? Təbii ki, var. Ora çatmışıqmı? Qiymətləndirməmiz göstərir ki, hələ yox".

"Bütün ölkələrə ümid, cəsarət və inam verməli olan əsas mesaj bu virusun qarşısının alına biləcəyidir. Həqiqətən də bunu edən bir çox ölkə var," - cənab Tedros deyib.

"İndi pandemiya sözündən istifadə faktlara uyğun gəlmir, lakin şübhəsiz qorxuya səbəb ola bilər".

Ancaq ÜST-ün sağlamlıqla bağlı fövqəladə hallar proqramının rəhbəri Mayk Rayan "pandemiyaya hazırlaşmaq üçün mümkün hər hər hazırlığı görməyin" vaxtının gəldiyini söyləyib.

""Pandemiya" sadəcə sözdür"

Təhlilçi James Gallagher

Sağlamlıq və Elmi məsələlər üzrə müxbir

Koronavirus pandemiyadırmı? Hələlik ÜST bunu istisna edir. Qurum virusun tapıldığı ölkələrin sayının, xəstəliyin şiddətinin və cəmiyyətə təsirinin pandemiya səviyyəsinə çatmadığını iddia edir.

Ancaq bəzi elm adamları eyni mənzərəni qiymətləndirərək, artıq o mərhələyə çatdığımızı düşünür, bəziləri isə bu ehtimalın başımızın üstündə olduğunu söyləyirlər. Cənubi Koreyada baş verən hadisələr, İran və İtaliyada son günlər baş vermiş ölüm halları narahatlıq doğurur.

Ölümlər bu iki ölkədə açıqlanmamış daha çox hadisənin olduğunu və virusun artıq bir neçə müddətdir orada mövcudluğunu göstərir.

Ancaq nəticədə pandemiya sözü məhz budur - bir söz - daha çox pulun kilidini açmayacaq və ya ÜST-ə yeni səlahiyyətlər verməyəcək. Qurum artıq virusu "qlobal bir fövqəladə vəziyyət" elan edərək ən yüksək xəbərdarlığı verib.

Virusun əsas simptomları nələrdir?

İnfeksiyanın əsas əlamətləri yüksək temperatur, öskürək və nəfəs darlığıdır.

Pandemiya nə deməkdir?

Pandemiya yeni bir virusun bütün dünya üzrə geniş yayılması deməkdir.

Minlərlə insanın ölümünə səbəb olmuş H1N1 (quş qripi) 2009-cu ildə pandemik elan edilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı daha yayılan yoluxucu xəstəliklərə "pandemiya" adı vermir, lakin bu terminin "qeyri-rəsmi" istifadə edilə biləcəyini bildirir.

İnfeksiya daha geniş yayılarkən onu məhdudlaşdırmaq üçün ölkələrə ÜST tərəfindən verilən tövsiyə eyni olaraq qalır.

Ən pis təsir görən ölkələr hansılardır?

Cənubi Koreya bazar ertəsi daha 231 yoluxma hadisəsi barədə məlumat verib, ümumilikdə 830 yoluxma hadisəsi və 8 nəfərin ölümü ilə Çindən sonra ikinci ən çox virus hadisəsinin qeydə alındığı ölkədir.

11 hərbçinin virusa yoluxmasından sonra, təxminən 7,700 hərbçi karantinə alınıb.

Lakin ən böyük virusa yoluxanlar ölkənin cənub-şərqində Daegu şəhəri yaxınlığında bir xəstəxana və dini qrupla əlaqələndirilir.

Avropada isə İtaliya bu virusa yoluxanların daha çox qeydə alındığı ölkədir. Burada yoluxanların sayı 229-dur və ölkə həftəsonu virusun daha geniş yayılmaması üçün çox ciddi addımlar atıb.

Lombardiya və Veneto bölgələrində bir neçə kiçik şəhər karantinə alınıb. Növbəti iki həftə ərzində 50.000 sakin xüsusi icazə olmadan yaşadığı yeri tərk edə bilməz.

Bölgədən kənarda da bir çox müəssisə və məktəb fəaliyyətini dayandırıb və idman tədbirləri ləğv edilib.

Trend-in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bazar ertəsi elan edilən üç ölüm hadisəsinin hamısı Lombardiyada olub.

Rəsmilər bildiriblər ki, virusun ölkəyə necə girdiyi hələlik məlum deyil.

Çində dövlət mediası bildirib ki, hökumət vəhşi heyvanların istehlakına qadağa qoyub və qadağan olunmuş növlərin ovlanması, daşınması və ticarəti ilə mübarizə aparıldığını elan edib.

Virus hadisəsinin Wuhan şəhərində vəhşi heyvan satan bir bazardan başladığı düşünülür.

Yeni yoluxma hadisələrinin çoxunun Wuhanda baş verdiyi bildirilib. Rəsmi məlumatlara görə, ən çox zərər çəkən Hubei əyaləti xaric, digər yerlərdə yeni infeksiyaların sayı azalmaqda davam edir.

Çində ölənlərin sayı 2663-ə çatıb.

İran hökuməti bazar günü bu ölkədə 61 virusa yoluxmanı təsdiqləyib. Yoluxmanın əksəriyyəti Qum şəhərində qeydə alınıb.

Bu virusa yoluxanların 12 nəfəri ölüb ki, bu da Çindən kənarda ən yüksək ölüm göstəricisidir.

Bazar ertəsi Qumda bir millət vəkili təkcə bu şəhərdə 50 ölüm hadisəsinin olduğunu söyləyərək, hökuməti baş vermiş hadisəni ört-basdır etməkdə günahlandırıb. Ancaq ölkənin səhiyyə nazirinin müavini bu iddianı tez bir zamanda yalanlayıb.

Azərbaycanda dövlət qurumları bildiriblər ki, ölkəyə gələn və yüksək temperaturlu şəxslər dərhal karantinə alınırlar. Amma rəsmi qurumlar hələ ki, Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alınmadığını bildiriblər.

Azərbaycan İranla həmsərhəd olsa da, hələ ki, bu ölkə ilə sərhədləri bağlamayıb, amma sərhəd-keçid məntəqələrində dezinfeksiya işlərinin aparıldığını bəyan edib.

Türkiyə isə İrana görə Azərbaycanla yeganə quru sərhədini, Naxçıvanla həmsərhəd olan Dilucu Gömrük Qapısını müvəqqəti bağlayıb.

Bu barədə daha geniş