Yunanıstan Türkiyə ilə sərhəddə 10000-dək migrantın qarşısını kəsib

Miqrantlar

Şəklin mənbəyi, Getty Images

Yunanıstan Türkiyənin quru sərhədini keçən 10 minə yaxın miqrantın qarşını kəsdiyini bildirib.

Bu arada Yunanstan polisi yeddi qayıqda hərəkət edən 500-dək miqrantın Lesbos, Samos və Chios adalarına gəlib çıxdıqları barədə məlumat verib.

Həmin adalarda mövcud olan miqrant düşərgələri bundan əvvəl oralara gəlmiş miqrantlarla artıq doludur.

Türkiyə Avropa İttifaqı ölkələrinə yollanan miqrantların qarşısını kəsməyəcəyini bildirib.

Prezident Recep Tayyip Erdoğan Suriyadakı vətəndaş müharibəsindən qaçan insanların sayının öhdəsindən Türkiyənin artıq gələ bilməyəcəyi barədə xəbərdarlıq edib.

Onun bu xəbərdarlığı bu həftə Suriyanın şimalındakı İdlib əyalətində həyata keçirilən hava hücumlarından sonra azı 33 türk əsgərinin öldürülməsindən sonraya təsadüf edib.

Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis bazar gününə ölkəsinin Milli Təhlükəsizlik şurasının iclasını təyin edib.

Avropa İttifaqının sərhəd mühafizəsi agentliyi Frontex, Avropanın Türkiyə ilə sərhədlərində "yüksək hazırlıq vəziyyətinə" gətirildiyini bildirib.