ÜST: Dünya koronavirus barədə "öyrənilməmiş ərazidədir"

koronavirus

Şəklin mənbəyi, Getty Images

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyib ki, dünya koronavirus barədə "öyrənilməmiş ərazidədir".

Qurum virusun "unikal" olduğunu, lakin düzgün tədbirlərlə qarşısının alına bilinəcəyini deyib.

ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus təkid edir ki, virusla mübarizə aparmaq olar, lakin bunu dərhal etmək lazımdır. "Seçim yoxdur", - o deyib.

Onun sözlərinə görə, hər ölkə epidemiyanın qarşısının necə alınması barədə özü qərar verməlidir, çünki bu, unikal xarakterə malik unikal virusdur.

Bununla belə, bir çox ölkələrdə artıq görülən tədbirlər görünür ki, virusun yayılmasının qarşısını alır.

3000 ölü

Çinin koronavirusdan daha 42 vətəndaşının ölməsi barəsində xəbər verməsindən sonra, dünyada bu virusdan ölənlərin sayı 3 mini keçib.

Bütün dünyada baş verən ölüm hallarının 90 faizindən çoxu Çinin Hubei əraizinin payına düşür. Bundan başqa, ölüm halları daha 10 ölkədə qeydə alınıb.

İranda 50-dən çox, İtaliyada isə 30-dan çox insan koronavirusdan ölüb.

Bu virusdan ölüm riski virusa yoluxmuş insanların ümumi sayının 2-5 faizini təşkil edir.

Müqayisə üçün - qripdən ölənlərin sayı adətən virusa yoluxmuş insanların ümumi sayının 0,01 faizini təşkil edir.

Lakin ağır respirator sindromlar olan sars və mers viruslarından ölənlərin sayı koronavirusdan ölənlərin sayından xeyli yüksək olub.