Azərbaycanda koronavirusa görə buraxılış imtahanı təxirə salınıb

students

Şəklin mənbəyi, FREDERICK FLORIN

Azərbaycanda martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salınıb.

Dövlət İmtahan Mərkəzi bildirib ki, bu, koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması yönündəki tədbirlər çərçivəsində edilir.

İranda koronavirusa yoluxma halları aşkar ediləndən bir neçə gün sonra Azərbaycanda da bu ölkədən gələn 3 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Azərbaycan İranla sərhədlərini bağlayıb, bazar ertəsi günü isə bütün təhsil müəssisələrində tədrisi 4 günlük dayandırıb.

Dövlət İmtahan Mərkəzinin bildirib ki, təxirə salınmış imtahanın yeni vaxtı bir həftə öncədən elan olunacaq.

Martın 9-da ölkənin bir çox şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinf şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi martın 1-də keçirilib.

Martın 2-də Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb.

Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkənin bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.