Putin-Erdoğan görüşü: İdlibdə atəşkəs barədə razılaşma əldə olunub

Putin və Erdoğan

Şəklin mənbəyi, Mikhail Svetlov/Getty Images

Cümə axşamı günü Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü vaxtı Suriyanın İdlib əyalətində atəşkəs barədə razılıq əldə olunub. Atəşkəs Suriya vaxtı ilə gecə yarısında qüvvəyə minməlidir.

Vladimir Putin və Recep Tayyip Erdoğan həmçinin İdlibdə təhlükəsizlik dəhlizinin yaradılacağını elan ediblər. Bu barədə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Vladimir Putinin mətbuat katibi prezidentlərin 3 saat ərzində təkbətək formatda müzakirə apardığını deyib. Daha sonra onlara nümayəndə heyətləri qoşulub, Dmitri Peskov Rusiyanın RİA Novosti agentliyinə bildirib.

Türkiyə Suriyanın hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır, Recep Tayyip Erdoğan görüşdən sonra bəyan edib.

"Biz Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsiplərindən çıxış edirik. Bununla yanaşı əminik ki, beynəlxalq terrorizmlə mübarizənin zəifləməsinə imkan verməməliyik", - deyə Vladimir Putin bildirib.

Fevralın 27-də Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qüvvələrinin hava zərbələrində 30-dan çox türk əsgəri həlak olub. Türkiyə hücumdan sonra "Bahar qalxanı" əməliyyatına başlayıb. Türkiyə hərbçiləri İdlib ətrafındakı Suriya hökumət qüvvələrinin mövqelərinə zərbələr endirildiyini bildirir.

Son günlər Moskva ilə Ankara arasında bəyanatlar mübadiləsi vəziyyəti daha da gərginləşdirib.

Kremldə keçirilən görüşün əvvəlində Rusiya prezidenti Suriyada türk hərbçilərinin ölümü ilə əlaqədar başsağlığı verib.

Vladimir Putin deyib ki, hədəflərə zərbələr endirilərkən türk əsgərlərinin yerləri barədə məlumata malik olmayıblar. "Təəssüf ki, telefon danışığımda əvvəlcədən söylədiyim kimi, Suriya ordusu da daxil olmaqla, heç kim onların yerləşdiyi mövqeləri bilmirdi".

Türkiyə prezidenti öz növbəsində, Rusiya paytaxtındakı danışıqların "Suriyada dərhal atəşkəsə səbəb olacağına" ümid etdiyini bildirdi.

"Burada qəbul etdiyimiz qərarlar həm bölgəni, həm də ölkələrimizi rahatlaşdıracaq", - Anadolu agentliyi Recep Tayyip Erdoğan-ın sözlərini iqtibas edir.

Şəklin mənbəyi, Getty Images

Rusiya prezidentinin mətbuat katibi deyib ki, dialoqun əsas məqsədi "böhranın mənbəyi, onun səbəbləri və zərərli fəsadlarını başa düşməkdir". Dmitri Peskov gələcəkdə belə hallarının qarşısını almaq üçün birgə tədbirlərin işlənilməsinin əhəmiyyətini qeyd edib.

2018-ci ilin sentyabr ayında Rusiya, Türkiyə və İran İdlibdə atəşkəsin elan olunması və təhlükəsizlik zonasının yaradılması haqqında razılığa gələndə, nəzərdə tutulurdu ki, Türkiyənin himayəsi altında olan mötədil qüvvələr tədricən cihadçıları məğlub edəcək.

Ancaq Rusiya bu planların kağız üzərində qaldığını hesab edir. Moskva dəfələrlə bəyan edib ki, Türkiyə İdlibdəki təhlükəsizlik zonasından sılahlıları çıxartmaq barədə öz öhdəliyini yerinə yetirmir.

Erdoğan, öz növbəsində, Putini Suriyanı tərk etməyə çağırır. Ötən həftə "Bahar Qalxanı" əməliyyatını elan edən Türkiyə hərbiyyəsi İdlib ətrafındakı Suriya hökumət qüvvələrinin mövqelərinə zərbələrin endirildiyini bildirir.