Neftin qiymətinin düşməsi Azərbaycana necə təsir edə bilər?

Bakı

Şəklin mənbəyi, Getty Images

Həftənin ilk günündə Asiya bazarında neftin qiyməti təxminən 30 faiz aşağı düşüb.

Təhlilçilərə görə, bundan ən çox zərərçəkən neft ölkələri arasında Azərbaycan da ola bilər.

Brent markalı neftin bir barelinin qiyməti 31 dollara enib. Mütəxəssislər bunu istehsalçı ölkələr arasında "qiymət davasının" başlaması ilə izah edirlər.

Asiya birjalarında da həftənin ilk günü kəskin enişlərlə başlayıb.

Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı cümə günü Rusiyanı neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağa inandıra bilməyib.

Bundan sonra Səudiyyə Ərəbistanı həftə sonu neft qiymətlərini endirib.

Koronavirus neftə olan tələbatı azaldıb

Səudiyyə Ərəbistanı, Rusiya, OPEC və OPEC üzvü olmayan digər neft istehsalçıları arasında koronavirusun təsiri ilə neftə tələbatın azalmasından sonra hansı strategiyanın tətbiq olunacağı ilə bağlı fikir ayrılığı var.

Rusiya Səudiyyə Ərəbistanının neft hasilatını gündə 1,5 milyon barel azaltmaq təklifinə razılıq verməyib.

Nəticədə, neft qiymətləri 2016-cı ilin yanvar ayında olan səviyyəyədək enib.

Mütəxəssislər neft qiymətlərinin tezliklə son 16 ildə ən aşağı səviyyəyə enə biləcəyini söyləyirlər.

Azərbaycan üçün mümkün fəsadları nə ola bilər?

"Dünyada iqtisadiyyatı neftdən ən çox asılı olan üç ölkədən biri Azərbaycandır", - İqtisadi təhlilçi Natiq Cəfərli deyir.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi institutlar çalışmadığından - "yəni bizdə birja yoxdur, bazar dəyərini müəyyənləşdirən mexanizmlər yoxdur, qiymətli kağızlar bazarı yoxdur, manat inzibati qaydada tənzimlənir" - bunun Azərbaycana mənfi təsirləri Rusiyadan daha ciddi olacaq.

Natiq Cəfərli əlavə edir ki, neftin qiyməti 30-40 dollar arasında qalarsa, Azərbaycanda ümümdaxili məhsul yenidən azalacaq, manata basqı artacaq, devalvasiya reallaşa və inflyasiya arta bilər.

"Əgər qiymətlər doğrudan da 30 dollar civarında olacaqsa və iki il belə sürəcəksə, bu zaman ölkənin iqtisadiyyatı çökəcək, manat ciddi dəyər itkisinə məruz qalacaq, xarici ticarətdə mənfi saldo yaranacaq, bank sektoru növbəti depressiyaya düşəcək, devalvasiya qaçılmaz olacaq".

O əlavə edir ki, bütün bunlar ciddi qiymət artımı ilə müşahidə oluna bilər.

Şəklin mənbəyi, Getty Images

Rusiya ilə OPEC arasında danışıqlar niyə nəticəsiz bitdi?

İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, neftin qiymətinə daha ciddi və daha təməl səciyyəli təsir göstərən amil ötən həftəsonu OPEC ilə Rusiya arasında Vyana danışıqlarının nəticəsiz bitməsidir.

Natiq Cəfərli xatırladıb ki, 2015-ci ilin böhranından sonra neftin qiymətinin artmasını təmin edən əsas səbəb - 2016-cı ilin noyabr ayında Rusiya ilə OPEC arasında neft hasilatının azalmasına dair razılığın əldə edilməsi olub.

"Bunun nəticəsində dünya bazarında neftin qiymətini süni şəkildə olsa da yüksək səviyyədə saxlamaq mümkün olub," - iqtisadçı xatırladıb.

Təhlilçinin qənaətincə, Rusiyanın indi OPEC ilə anlaşmasını pozmasının əsas səbəbi Moskvanın ABŞ-dakı şist neft istehsalçılarını bazardan sıxışdırıb çıxarmaq istəyi ola bilər.

"Rusiya hesab edir ki, neftin qiyməti 2 il 30 dollar olaraq qalarsa, ABŞ-da şist neft istehsalçılarının bir çoxu müflis olacaq, nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən yüksək (təqribən 50-60 dollar arası) qiymət formalaşa bilər. Bu qiyməti isə uzun zaman saxlamaq mümkün olacaq", - təhlilçi bildirib.

Bu strateji xətti davamlı şəkildə yerinə yetirmək üçün Rusiya addımlar atacaqsa, bu zaman neftin qiymətinin azı 1-2 il ərzində aşağı səviyyədə, yəni 30-40 dollar arasında qalması ehtimalı çox yüksəkdir, Natiq Cəfərli hesab edir.

Onun fikrincə, belə olacağı halda, bundan ən çox zərərçəkən neft ölkələri arasında Azərbaycan da ola bilər.