Koronavirus pandemiyası nə vaxt bitəcək?

koronavirus Fotonun müəllifi Getty Images

Koronavirusa görə bir çox ölkədə həyat dayanıb, insanlar evlərinə qapanıblar, şəhərlər kabus halına gəlib. Bəs, bu böhran nə vaxt bitəcək, insanlar nə vaxt normal həyatlarına dönə biləcəklər?

İngiltərənin Baş naziri Boris Jhonson 12 həftə ərzində vəziyyətin yaxşılaşacağına və “koronavirusu yola sala biləcəklərinə” inandığını deyib.

Ancaq qarşıdakı 3 ayda yoluxma halları azalmağa başlasa belə, bu, böhranın bitməsi demək olmayacaq. Koronavirusun yaratdığı dalğanın sakitləşməsinə bəlkə də illər lazım gələcək.

Gündəlik həyatın bir çox sahələrində tətbiq edilən məhdudiyyətlər uzun müddət davam edə bilməz, bunun sosial və iqtisadi fəsadları çox ağır olar.

“Heç bir ölkənin vəziyyətdən çıxış strategiyası yoxdur”

Bütün ölkələrin vəziyyətdən çıxış strategiyasına ehtiyacı var, həyatı normal məcrasına qaytarmaq lazımdır. Ancaq koronavirus yox olmayacaq və onun yayılmasına qarşı məhdudiyyətlər aradan qaldırılanda yoluxma sayları artacaq.

Edinburq Universitetinin infeksion epidemiyalar üzrə eksperti professor Mark Woolhouse deyir ki, “Çıxış yolu strategiyalarıyla bağlı böyük problemlərimiz var. Nəinki Britaniyanın, heç bir ölkənin belə strategiyası yoxdur”.

Fotonun müəllifi Getty Images

İnsanlıq böyük bir elmi və sosial imtahanla üz-üzədir.

Böhrandan çıxmağın üç əsas yolu var

  • peyvənd;
  • müəyyən sayda insanın koronavirusa qarşı immunitet qazanması;
  • cəmiyyətin/davranışların mütəmadi olaraq dəyişməsi.

Bunların hər biri virusun yayılma imkanlarını məhdudlaşdıracaq.

Peyvən 12-18 ay sonra hazır olacaq

Peyvənd insanların immunitetini gücləndirəcək, virusa yoluxan insanların ölməsinə imkan verməyəcək.

Hesab olunur ki, əhalinin 60 faizinin bu virusa qarşı immunitet qazanması epidemiya riskini aradan qaldıracaq. Buna “sürü immuniteti deyilir”.

ABŞ-da insanlar üzərində ilk peyvənd təcrübəsi ötən həftə baş tutub. Prosesi sürətləndirmək üçün ilk növbədə heyvanlar üzərində eksperiment aparmaq qaydasına əməl edilməyib.

Peyvəndlə bağlı araşdırmalar böyük sürətlə irəliləyir. Ancaq onların uğurla nəticələnəcəyinə və dünya miqyasında peyvəndləmənin başlayacağına hələ ki, zəmanət yoxdur.

Ən optimist proqnozlara görə, koronavirusa qarşı peyvənd 12-18 ay ərzində kütləvi istifadəyə verilə biləcək. İndi tətbiq edilən son dərəcə kəskin sosial məhdudiyyətləri nəzərə alsaq, bunun çox uzun müddət olduğunu deyə bilərik.

“Peyvəndi gözləmək strategiya deyil” - professor Woolhouse BBC-yə açıqıamasında belə deyib.

İngiltərənin qısa müddətli strategiyası yoluxma sayının mümkün qədər az olmasına çalışmaq və xəstəxanalara təzyiqi azaltmaqdır. Çünki reanimasiyalarda yataq yerlərinin çatışmaması ölüm hallarının artması demək olacaq,

Yoluxmaların sayı azalanda (yenidən artana qədər) bəzi məhdudiyyətləri aradan qaldırmaq olar. Ancaq yoluxmalar yenidən artmağa başlayarsa, məhdudiyyətləri bərpa etmək lazım gələcək.

Toplumun immunitet qazanması 2 ildən çox çəkə bilər

İngiltərə hökumətinin elm məsələləri üzrə məsləhətçisi Patrick Vallance yeni artmaların nə zaman baş verəcəyini və bununla bağlı təqvim hazırlamağın mümkünsüz olduğunu deyib.

Bu, sürü ümmuniteti məsələsini aktuallaşdıran daha bir məqamdır.

İmperial College London-un əməkdaşı professor Neil Ferguson belə vəziyyətin yaranmasına bir neçə il vaxt lazım gələ biləcəyini deyib: “Yoluxma saylarını toplumun ancaq kiçik bir hissəsinin xəstə olduğu səviyyəyə gətirmək lazımdır. 2,5 il belə davam edərsə, yoluxma faktları artıq müəyyən kəsimdə immunitetin olduğu cəmiyyətlərdə baş verəcək”.

Fotonun müəllifi Reuters

Ancaq immunitetin uzunömürlü olub-olmayacağı da sual altındadır. Qrip əlamətləri olan digər koronaviruslarda immunitet çox aşağı düşür və insanlar dəfələrlə bu viruslara yoluxa bilirlər.

Professor Woolhouse hesab edir ki, yoluxmaların sayını azaltmaq üçün davranışlarımız mütəmadi olaraq dəyişməlidir.

Hər hansı epidimeyaya yol verməmək üçün hazırda həyata keçirilən bəzi tədbirlər davamlı olmalı və ya test yoxlamalarının əhatəsi genişlənməli, xəstələrin təcridi davam etdirilməlidir.

“Covid-19” infeksiyasına qarşı dərmanların icadı başqa strategiyaların da inkişafına kömək edə bilər.

Xəstəliyin başqalarına keçməsini əngəlləmək üçün artıq ilk əlamətlərdə bu dərmanların qəbuluna başlamaq olar.

Xəstələrin xəstəxanalarda müalicəsi də ölüm hallarını azaltmağa kömək edər və reanimasiyaların işini yüngülləşdirər.

İngiltərə hökumətinin səhiyyə məsələləri üzrə baş məsləhətçisi professor Chris Whitty isə BBC-nin çıxış yolu strategiyası barədə sualına cavab olaraq bunları deyib:

“Əlbəttə, perspektiv üçün çıxış peyvənddir. Hamımız onun tezliklə hazır olmasını istəyirik. Elm qlobal miqyaslı çarələr tapacaq”.

Əlaqəli mövzular

Bu barədə daha geniş