Britaniya: Baş nazirin müşavirinin hərəkətinə görə hökumət üzvü istefa verib

Douglas Ross
Şəklin alt yazısı, Britaniyada karantin qaydalarını pozmaqda ittiham olunan Baş nazirin böyük müşaviri Dominic Cummings-lə bağlı qalmaqalın genişlənməsi fonunda hakim partiyadan Douglas Ross öz istefasını elan edib.

Britaniyada karantin qaydalarını pozmaqda ittiham olunan Baş nazirin böyük müşaviri Dominic Cummings-lə bağlı qalmaqalın genişlənməsi fonunda hakim partiyadan hökumət üzvü öz istefasını elan edib.

Şotlandiya işləri üzrə nazir müavini Douglas Ross istefasını çərşənbə axşamı günü təqdim edib. Twitter-də öz addımını izah edən Ross yazıb ki, o vəzifəsində qalsa, karantinə görə xəstə qohumlarına baş çəkə bilməyən öz seçicilərinə yanlış siqnal göndərmiş olardı.

"Əzizləri ilə vidalaşmayan seçicilərim var; birlikdə yas tuta bilməyən ailələr; hökumətin qaydalarına əməl etdikləri üçün xəstə qohumlarını ziyarət etməyən insanlar. Mən onların hamısının səhv olduqlarını və hökumətin bir böyük məsləhətçisinin haqlı olduğunu söyləyə bilmərəm", - qərarını izah edən nazir müavini bildirir.

Hökumət istefa qərarının "təəssüf doğurduğunu" bildirir.

Dominic Cummings

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Dominic Cummings könüllü şəkildə istefaya çıxmaq niyyətində olmadığını vurğulayıb.

Bazar ertəsi keçirilən mətbuat konfransında Dominic Cummings öz uşağı və xəstə arvadını 260 mil (təqribən 418 km) məsafədə yerləşən valideynlərinin yanına aparması barədə danışarkən öz addımının əsaslandırılmış olduğunu və buna görə təəssüf hissi keçirmədiyini deyib.

O, həmçinin könüllü şəkildə istefaya çıxmaq niyyətində olmadığını vurğulayıb.

Böyük müşavir koronavirus simptomlarının üzə çıxmasından 15 gün sonra ailəsini Barnard Castle şəhərinə aparıb.

Cənab Cummings-ə əsasən, o öz görmə qabiliyyətini yoxlayırdı ki, Londona qayıda bilib-bilməyəcəyini müəyyən etsin. O, xəstəliyi zamanı görmə qabiliyyətində bəzi problemlərin yaşandığını bildirib.

Bundan əvvəl Britaniyada Mühafizəkarlar partiyasından olan bir neçə deputat Baş nazirin böyük müşaviri Dominic Cummings-i koronavirusla bağlı karantin qaydalarını pozduğu barədə ittihamlar fonunda istefa verməyə çağırıb.

Observer və Sunday Mirror qəzetlərində dərc olunmuş məqalələrdə Dominic Cummings-in iki dəfə ölkənin şimal-şərq regionuna səfər etdiyi iddia olunub.

Downing Street həmin ittihamların "yalan" olduğunu bəyan edib, Nazirlər Kabinetinin naziri Grant Shapps deyib ki, Dominic Cummings istefaya göndərilməyəcək.

Downing Street mətbuatın yaydığı yeni iddialara cavab olaraq bildirib ki, hökümət öz "vaxtını kampaniya aparan qəzetlərdən çıxan saxta ittihamlar axınına cavab verməyə sərf etməyəcəyik".

Bu arada Mühafizəkarlar partiyasından bir sıra deputatlar Baş nazirin böyük müşavirini istefa verməyə çağırıblar.

Mühafizəkarlar partiyasının üzvü ser Roger Gale, deyib ki, "Baş nazirin işçiləri üçün bir qanun, qalanlar üçün isə başqa bir qanun ola bilməz".

Mühafizəkarlar partiyasından deputat Caroline Nokes öz Twitter səhifəsində yazıb: "Bizim əksəriyyətimiz üçün bir qayda, başqaları üçün isə fərqli qaydalar ola bilməz".

Hakim partiyadan olan daha bir deputat Damian Collins deyib ki, Cummings hökümətdən getsə, bu, hökümət üçün "daha yaxşı olar".

Daha bir mühafizəkar deputat Craig Whittaker deyib ki, Cummings-in mövqeynii müdafiə etmək çətindir.

Cənab Cummings bazar günü Londondakı evinin qarşısında jurnalistlərə istefa vermək niyyətində olmadığını və "doğru hərəkət" etdiyini söyləyib.

Britaniya höküməti karantin rejimi ölkədə tətbiq olunmağa başlayandan insanlara evdə qalmağı məsləhət görüb. Koronavirus simptomları özünü göstərdiyi halda isə insanlara ev şəraitində özünütəcrid rejimində qalmaq hələ də tövsiyə olunmaqdadır.