"Bu hissləri görməməzliyə salmaq olmur". Londonda quldarların abidələri söküləcək

Aksiya iştirakçıları Bristolda Edvard Colston-un heykəlini çaya atıblar.

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı,

Aksiya iştirakçıları Bristolda Edvard Colston-un heykəlini çaya atıblar.

Londonda qul ticarəti ilə əlaqəli insanların şərəfinə qoyulmuş abidələr və küçə adları sökülməli və ya dəyişdirilməlidir, Londonun meri Sadiq Khan bildirib.

O, Londonun görməli yerlərinin şəhərin çoxmillətli əhalisi və tarixini nə dərəcədə əks etdirdiyini qiymətləndirəcək bir komissiya yaradacaq.

Bu açıqlama Bristolda qul taciri Edward Colstona abidənin sökülməsiylə müşayiət edilən etirazlardan sonra verilib.

Mer hansı abidələrdən bəhs edir?

Paytaxtın bütün görməli yerləri, o cümlədən xatirə lövhələri, abidələr, küçə adları və küçə sənət əsərləri xalq yaddaşında yer tutmağa nə qədər layiq olduğu baxımından yenidən nəzərdən keçiriləcək.

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı,

Edinburq şəhərində 1-ci vikont Melvill, Henry Dundas-ın abidəsi. Vikont qul ticarəti qadağasına hər cür müqavimət göstərib və nazir olaraq bu prosesi ləngidib.

Sadiq Khan qeyd edib ki, London dünyanın ən çoxmillətli şəhərlərindən biridir, lakin evlərin üzərindəki lövhələr və küçə adları, əsasən kraliça Victoria dövrünün İngiltərəsini əks etdirir.

"Xoşagəlməz həqiqət, xalqımızın və şəhərimizin sərvətlərinin böyük bir hissəsinin qul ticarəti sayəsində formalaşmasıdır və bu ictimai məkanda da əks olunub, - o deyib. - Lakin digər icmaların paytaxtımızın həyatına verdiyi töhfələr bilərəkdən nəzərə alınmayıb".

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Londonda, Yamaykada əkin sahələrinin sahibi olan qul taciri Robert Milligan-ın abidəsi yığışdırılıb. Bildirildiyinə görə, bu, ictimaiyyətin xahişi ilə edilib.

Ötən şənbə günü Londonda nümayişçilərin bir hissəsi parlament binası yaxınlığındakı meydanda Winston Churchill-ə abidənin üzərinə qraffiti yazıları çəkiblər.

Fəallar və tarixçilər dəfələrlə Churchill-i irqçi dünyagörüşünə malik olmaqda ittiham ediblər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Parlament binası qarşısında Winston Churchill-in heykəli Polis tərəfindən qorunur.

Ancaq britaniyalıların əksəriyyəti keçmiş baş nazirə İkinci Dünya müharibəsi illərində faşizmlə mübarizədə göstərdiyi səylərə görə hörmət edirlər.

London meri qeyd edib ki, Churchill-in abidəsi onun yaratdığı komissiyanın aparacağı qiymətləndirməyə daxil edilməyəcək. O deyib ki, məktəblilər Churchill, Gandi və Malcolm X daxil olmaqla məşhur tarixi şəxsiyyətlər barədə məlumatı "onların bütün çatışmazlıqları ilə öyrənməlidirlər".

Londonda qul ticarəti ilə birbaşa əlaqəli olan şəxsiyyətlərə həsr olunmuş bir neçə abidə var.

Onların arasında ispan koloniyalarına qul satan South Sea şirkətinin bir hissəsinə sahib olmaqla sərvət qazanan ser Thomas Guy, agentləri vasitəsi ilə Afrika və Karib adalarında qulları satın almaqla qul ticarətinin inkişafına şərait yaradan ser John Cass da olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Londonda qul taciri ser Thomas Guy-ın abidəsi onun adını daşıyan xəstəxananın qarşısında durur

Qul taciri Thomas Guy-ın abidəsi London körpüsünün yaxınlığında durur.

Docklands rayonunun keçmişinə həsr olunmuş muzeyin qarşısında XIX əsrdə, o cümlədən insan alveri də edən West India Docks şirkətinin qurucusu Robert Milligan-a abidə qoyulub. Artıq ona və kölə ticarəti ilə əlaqəli olan digər şəxslərə qoyulmuş abidələrin yığışdırılması ilə əlaqədar tələbnamə təqdim olunub.

"Gəlin dinc işləyək"

Minneapolis-də afroamerikalı George Floyd-un ölümü Britaniyanın bir neçə şəhərində kütləvi etirazlar yaradıb.

Bununla əlaqədar olaraq, Baş nazir Boris Johnson Afro-Karib icmasını təmsil edən "Voice" ("Səs") qəzetində ölkənin qaradərili əhalisinə müraciət edib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

İyunun 7-də minlərlə etirazçı Londonun küçələrinə çıxıb

Baş nazir qeyd edib ki, hökumət George Floyd-un qətlindən qaynaqlanan qəzəb və ədalətsizlik hissini görməməzliyə salmaq fikrində deyil. Eyni zamanda o qeyd edib ki, polisə hücum edən və insanların əmlakına qəsd edən bir azlıq yaxşı bir məqsədə kölgə sala bilər.

"İctimai əmlaka və ya polisə qarşı qəsd edənlər, hamımızın təhlükəsizliyini təmin etməyə çalışan polislərə xəsarət yetirən insanlara qanunun tam qüvvəsi tətbiq olunacaq," - Baş nazir xəbərdarlıq edib.

Onun sözlərinə görə, Britaniya son onilliklərdə irqçiliyə qarşı mübarizədə böyük addımlar atıb, lakin hələ çox iş görülməlidir.

"Biz, rəhbərlik edən şəxslər bu hissləri qulaqardına vura bilmərik, çünki təəssüf ki, onlar sərt reallığa söykənir,"- o, müraciətində deyir.

Baş nazir etirazlar zamanı küçələrdə sosial məsafəni gözləyənlərə təşəkkür bildirməklə yanaşı kütləvi etirazların koronavirus epidemiyası ilə mübarizəyə çətinlik yaratdığını qeyd edib.

Abidələrin sökülməsinə gəlincə, Johnson deyib: "Ölkəmizdə demokratiyadır. Şəhər mənzərəsini dəyişdirmək istəyirsinizsə, seçkilərdə namizədliyinizi irəli sürün və ya bunu edənə səs verin".

"Beləliklə, gəlin bütün icmalar və cəmiyyətlər də daxil, dinc və qanuni qaydada birgə işləyək ki, irqçilik və ayrıseçkiliyə qalib gələ bilək".

Oxucular bunu necə başa düşüb?

Məqaləyə şərhlər yazan oxucular Baş nazirin sözləriylə əməllərinin üst-üstə düşmədiyini qeyd edirlər.

Bununla əlaqədar, onlar Covid-19-a yoluxmuş Baş nazirin müşaviri Dominic Cummings-in əhvalatını qeyd edirlər.

Şəklin mənbəyi, PA Media/Instagram

Şəklin alt yazısı,

Rəssam Banksy-nin İnstagram-dakı səhifəsində bir rəsm və təklif yerləşdirilib: Colstun-un heykəlini yerinə qaytarmaq və kompozisiyaya heykəli yıxan üç nümayişçini də əlavə etmək. Bu yolla, heykəli yerində görmək istəyənləri və istəməyənləri razı salmaq olar, müəllif istehzalı qeyd edib.

Ms Braun adlı oxucu birbaşa Baş nazirə müraciət edərək yazıb ki, görəsən, o, eyni məsləhəti müşaviri Dominic Cummings-ə də veribmi?

"Qanunlara əməl olunmasından narahat olsaydınız, ondan başlamalı idiniz, amma yox, o, qaydaları pozduqda dediniz ki, o, dürüst və ləyaqətlə davranır. Sizin öz adamlarınız üçün özünüzün qanunu var, sonra da bizə qalanlar üçün olan qanundan danışırsınız".

Oxucu soruşur, görəsən, Johnson buna bənzər müraciətini digər qəzetlərdə - Guardian, Telegraph, Times və FT-də də yerləşdiribmi?

"Yoxsa bütün qanun pozucularının əvvəlcədən qaradərililər olduğunu düşünürsünüz?" deyə soruşur.

CB kimi özünü adlandıran oxucu isə bunları yazıb: "Bu bəyanatın məqsədi həmrəylik ifadə etmək deyil. İrqçiliyin Britaniya cəmiyyətinin ayrılmaz bir hissəsi olduğunu qəbul etmək deyil. Hər hansı bir dəstək vermək deyil.

Məqsəd etirazçıları zorakılıq və asayişin pozulması ilə əlaqələndirməkdir. Bu, xaincəsinə bütün hərəkatı legitimlikdən məhrum etmək və eyni zamanda utanmaz şəkildə özünü təbliğ etmək cəhdidir. "