Koronavirus və hamiləlik: risk altındasınızmı?

  • Philippa Roxby
  • BBC-nin səhiyyə məsələləri üzrə müxbiri
Burnunu silən hamilə qadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Burnunu silən hamilə qadın

Koronavirus pandemiyasıyla bağlı hamilə qadınlara infeksiyadan qorunmaq üçün xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bəs, virusun hamiləlik dövründəki riskləri nədən ibarətdir?

Covid-19-un hamilə qadınlar üçün yaratdığı təhlükələr tam olaraq bilinməsə də, görünən odur ki, onlar bu xəstəliyi digərlərindən daha ağır keçirmirlər.

"Çox böyük risklər olsaydı, indiyə qədər bilərdik," - London İmperiya Kollecinin doğum mütəxəssisi professor Christop Lees belə deyir.

Əksəriyyət kimi, hamilə qadınlar da xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar.

Xəstəliyin ancaq ağır halı onlar üçün ciddi problemlər yarada bilir, ancaq bu, çox nadirən baş verir.

Ciddi səviyyədə ürək ağrıları olan hamilə qadınlar yüksək risk qrupuna aid edilirlər və onlara evdən çıxmamaq, başqalarıyla üz-üzə təmasdan yayınmaq, yalnız həkimlərlə ünsiyyətdə olmaq tövsiyə edilir.

Bəzi viruslar hamiləlik üçün daha təhlükəli ola bilir, ancaq koronavirusla bağlı hələ ki, belə hallara rast gəlinməyib.

Körpənin yarımçıq doğulması riski varmı?

Covid-19-a yoluxmuş qadınlarda doğuşun vaxtından əvvəl baş verməsiylə bağlı xəbərlər yayılır. Ancaq buna nəyin səbəb olduğunu müəyyən etmək çətindir.

Londondakı "Queen Charlotte's and Chelsea" xəstəxanasının həkimi Ed Mullins deyir ki, "Səbəbi göstərilən hallar bunlar ola bilər - körpənin səhhətində problem yaranması və ya oksigen çatışmazlığına görə ananın daha yaxşı müalicəyə ehtiyac duyması".

Körpə ana bətnində böyüdükcə qadının ağciyərlərinə, ürəyinə və qan dövranına təzyiq artır. Xəstəliyin ağır halı bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemləri yarada bilər.

Bu əlamətlərin müşahidə edildiyi hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdırlar.

"Qızdırma verən ağır xəstəliklər vaxtından əvvəl doğuma gətirib çıxara bilər," - Oksford Universitetinin ana və uşaq sağlamlığı üzrə mütəxəssisi professor Marian Knight belə deyir.

Ancaq o qeyd edir ki, koronavirusla bağlı tənəffüs problemi olan qadınlarda körpənin yarımçıq doğulması yox, "Qeysər kəsiyi" adlı cərrahi müdaxilə vasitəsilə erkən doğum halları müşahidə edilir.

Koronavirusa yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər yoxdur.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı,

Anasının əlini tutmuş körpə

Virus hamilə qadından körpəyə keçə bilərmi?

Bəli, keçə bilər. Bir neçə belə hala rast gəlinib, ancaq körpələrin vəziyyəti yaxşı olub və onların xəstəxanadan çıxarılmasına icazə verilib. Çində aparılmış bir araşdırmaya görə, Covid-19 xəstəliyi keçirən anaların doğduğu 33 körpədən 3-də virus aşkar edilib.

Bu körpələrin ana bətnindəmi, doğuş prosesindəmi, yoxsa anayla təmas zamanımı yoluxduğunu təsbit etmək çətindir.

Mütəxəssislər virusun körpənin inkişafına mənfi təsir etməsiylə bağlı dəlillər olmadığını deyirlər.

Hamiləsinizsə və virusa yoluxduğunuzu düşünürsünüzsə, nə etməlisiniz?

Soyuqlama və ya buna bənzər əlamətlər hiss edirsinizsə, yeddi gün boyu evdən çıxmayın.

Müntəzəm müayinələr üçün həkim qəbuluna yazılmısınızsa, klinikaya və ya həkiminizə vəziyyətiniz barədə məlumat verin.

Ancaq vəziyyətiniz ağırlaşsa, səhiyyə müəssisələriylə əlaqə saxlamalısınız.

Qadınların çoxunda xəstəlik yüngül əlamətlərlə və bir neçə günə keçib gedir.

Hamilə qadınlar işləyə bilərlərmi?

Hamiləsinizsə və evdən işləyirsinizsə, davam etməlisiniz.

Hamiləliyin 28 həftəsi tamam olmayıbsa, müdafiə vasitələrindən istifadə etməklə və başqalarından 2 metr uzaqda dayanmaqla evdən kənarda da işləyə bilərsiniz.

28-ci həftədən sonra və üstəlik, başqa bir nasazlığınız da varsa, lazımsız sosial təmaslardan yayınmalısınız.