Tokio 2020 Olimpiya Oyunları başa çatıb

Tokio 2020 Azərbaycan

Şəklin mənbəyi, Patrick Smith/Getty images

Şəklin alt yazısı,

Azərbaycan Olimpiadaya 44 idmançı ilə qatılıb

Yaponiya paytaxtı Tokioda Yay Olimpiya Oyunları bu gün başa çatıb.

Tokio Olimpiadasının açılışı kimi Covid-19-a görə bağlanış mərasimi də tamaşaçı olmadan keçirilib.

Olimpiya estafeti Parisə ötürülüb və növbəti Yay Olimpiadası 2024-cü ildə orada keçiriləcək.

Medal balansına görə komanda yarışında Tokio-2020 Olimpiadasında ABŞ yığması birinci yeri tutub - cəmi 113 medal qazanılıb, onlardan 39 qızıl, 41 gümüş və 33 bürünc.

İkinci yerdə Çindir - cəmi 88 medal (38-32 -18), üçüncü yerdə isə Yaponiyadır - 58 medal (27-14-17).

Azərbaycan 67-ci yeri tutub - 7 medal (0-3-4), Ermənistan 69-cudur - 4 medal (0-2-2), Gürcüstan 33-cü yerdədir - 8 medal (2-5-1), Türkiyə 35-ci yerdədir- 13 medal (2-2-9).

Azərbaycanın 7 medalı

Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycan yığması üçü gümüş və dördü bürünc olmaqla ümumilikdə 7 medal qazanaraq çıxışlarını başa vurub.

Karateçilər İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) Azərbaycanın Olimpiya yığmasına 3 gümüş medal qazandırıblar.

Qadın güləşçi Mariya Stadnik (50 kq), Yunan-Roma üslubu üzrə güləşçi Rafiq Hüseynov (77 kq), boksçu Alfonso Dominquez (81 kq) və cüdoçu İrina Kindzerska (+78 kq) Azərbaycana 4 bürünc medal qazandırıblar.Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanı 44 idmançı təmsil edib.

Üçüncü bürünc medal

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı,

Rafiq Hüseynov - Arxiv foto - 2020

Tokio Olimpiadasında bügün Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rafiq Hüseynov 77 kq çəki kateqoriyasında Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

33 yaşlı Rafiq Hüseynov üçüncü yer uğrunda qarşılaşmada Ermənistan güləşçisi Karapet Çalyanı məğlub edib.

Rafiq Hüseynovun medalı Azərbaycan Olimpiya komandasının Tokioda sayca 3-cü bürünc medalıdır.

İkinci medal

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı,

Alfonso Dominguez - iyun 2020

Azərbaycan boksçusu Alfonso Dominges "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yarımfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopez ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan idmançımız Olimpiadada mübarizəni bürünc medalla başa vurub.

Bu çəki dərəcəsində final qarşılaşmasının digər iştirakçısı yarımfinalda rusiyalı İmam Xataevi məğlub edən Böyük Britaniya boksçusu Bencamin Uittaker olacaq.

Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

26 yaşlı Alfonso Dominguez 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olaraq Azərbaycana qızıl medal qazandırıb.

Azərbaycanın Tokioda ilk medalı

Şəklin mənbəyi, Lintao Zhang/Getty Images

Azərbaycan "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb, Azərbaycan Cüdo Federasiyası açıqlayıb.

İyulun 30-da 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska bürünc medal uğrunda görüşdə rəqibi, çinli Şiyan Ksu-nu məğlub edib.

İrina Kindzerska 2017-ci ildə Cüdo üzrə Dünya Çempionatında və 2019-cu ildə Avropa Oyunlarında bürünc medal, 2021-ci ildə Dünya Cüdo Ustaları yarışında gümüş medala layiq görülüb.

Azərbaycan boksçusu Alfonso Dominguez isə rəqibi, türkiyəli Bayram Malkana 5:0 qalib gələrək azı bürünc medalı təmin edib, Azərbaycan Milli Olimpiya Komitəsi bildirib.

26 yaşlı boksçu 2019-cu ildə Avropa Oyunlarında qızıl medal qazanmışdı.

"Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçirilib.

Açılış mərasimində iştirak etmiş rəsmi qonaqlar arasında ABŞ-ın birinci xanımı Jill Biden və Fransa Prezidenti Emmanuel Macron da olub.

Tokio 2020 Olimpiya Oyunlarında Azərbaycanı 44 idmançı təmsil edir.

Koronavirus pandemiyası səbəbindən Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunları 2020-ci ilin yayında təxirə salınmışdı.

Tokioda fövqəladə vəziyyət olimpiada dövründə də davam edəcək.

Olimpiadanın böyük hissəsi, eləcə də açılış mərasimi tamaşaçısız keçiriləcək. Mərasimdə yalnız 950 nəfər iştirak edəcək.

Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxanların açılış mərasimi zamanı stadionun qarşısında etiraz aksiyaları keçirəcəyi gözlənilir.

Aparılmış son sorğuya əsasən, yaponiyalıların 55 faizi virusun yayılacağından ehtiyat etdikləri üçün Olimpiadanın keçirilməsinə qarşıdır.

Yaponiyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, oyunların avqustun 8-nə qədər davam edəcəyi nəzərdə tutulur.

2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın 42 yarış məkanında baş tutacaq.

Tokio 2020 Olimpiya Oyunları zamanı rekord sayda - 33 yarış və 339 tədbir keçiriləcək.