Azərbaycan MN: "Atəşkəs pozulub"

əsgər

Şəklin mənbəyi, GETTY IMAGES/BULENT KILIC

Azərbaycan və Ermənistan sərhədində atəşkəs pozulub, Yunanıstanın məşhur kurortu və Kritdən sonra ikinci ən böyük adası Evbeyada yanğınlara görə insanlar tərxliyə edilir,- daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Ermənistanı Naxçıvan istiqamətində atəşkəsi pozmaqda ittiham edib.

Azərbaycan Müdafiə Naziriyi bazar ertəsi bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mövqeləri atəşə tutulub. Bu barədə Ermənistan tərəfinin şərhi hələ ki, məlum deyil.

Azərbaycan MN bildirib ki, avqustun 9-u gecə saatlarında Naxçıvanın Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi Ermənistanın Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsindən atəşə tutulub.

Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur və Müdafiə Nazirliyi "qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu" qeyd edir.

Son günlərdə Azərbaycanla Ermənistan sərhədi boyunca atışma hallarının sayı artıb.

Hər iki ölkə atəşkəsi pozmaqda bir-birini ittiham edir.

Şəklin mənbəyi, Reuters

Yunanıstan və Türkiyədə meşə yanğınları davam edir

Yunanıstanın Evbeya adasından yanğınlara görə 2000-dən çox insan təxliyə edilib.

Ölkənin məşhur kurortu və Kritdən sonra ikinci ən böyük adası Evbeyada yanğınsöndürənlər bir neçə gündür dağıdıcı yanğının öhdəsindən gəlməyə çalışırlar.

Yunanıstanda bu günlərdə başlayan və 56 min hektar ərazini əhatə edən meşə yanğınları hələ də davam edir.

Paytaxt Afinanın şimal -şərqində yerləşən Evbeya adasının turistləri və sakinləri həftə sonunda bərə ilə materikə aparılıb. Adadakı evlər yanıb, elektrik xətləri zədələnib.

Bu həftənin əvvəlində yanğın paytaxt Afinaya da yaxınlaşsa da, indi orada vəziyyətin yaxşı olduğu bildirilir. Ancaq küləkdən asılı olaraq yanğının yayılma ehtimalı da var.

Hazırda Yunanıstanda baş verən təbii fəlakətin əsas səbbələrindən biri kimi isti hava göstərilir. Ölkənin bəzi bölgələrində temperatur 47 dərəcəyə çatıb.

İndi tempratur aşağı düşsə də, ölkədə 30 ildir ki, belə bir anomal yüksək temperatur dövrü müşahidə olunmadığı bildirilir.

Bu yay meşə yanğınları Yunanıstandan başqa, Albaniya, Bolqarıstan, Şimali Makedoniya və Türkiyə, eləcə də ABŞ -ın Kaliforniya ştatında davam edir.

Türkiyənin 30 -dan çox şəhərində 240 meşə yanğınından 5 -inin davam etdiyi də bildirilir.

Lakin hazırda yanğın təhlükəsi olan yaşayış məntəqələri yoxdur.