Rusların nəzarət etdiyi Laçın yolu yaxınlığında Azərbaycan-Türkiyə hərbi təlimləri

Laçın rayonu

Şəklin mənbəyi, MOD.GOV.AZ

Laçın rayonunda Azərbaycan və Türkiyə hərbçilərinin birgə taktiki təlimi başlayıb, Əfqanıstanın Pəncşir vilayətində Talibanla gərgin mübarizə aparan əfqan müqavimət qrupunun lideri sülh danışıqlarına hazır olduğunu bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçirilir

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib", - nazirliyin məlumatında deyilib.

"Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib", MN qeyd edib.

Laçın şəhərinin özü 5 km eni olan Laçın koridoruna daxildir.

10 noyabr 2020 il tarixli Üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq, Laçın dəhlizinə hazırda Rusiyalı sülhməramlı qüvvələr nəzarət edir.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ordusunun nəzarətində olan hissəsi istisna olmaqla, keçmiş DQMV-nin qalan ərazisi və Laçın dəhlizi Rusiya sülhməramlılarının məsuliyyət zonasını təşkil edir.

Həmin zonanın perimetr xətti boyu Rusiya hərbçiləri 27 keşikçi post qurub və bu perimetr xətti onlar tərəfindən qorunur.

Rusiya ötən müddət ərzində özünün məsuliyyət zonası ərazisində dronlar əleyhinə taktiki təlim, səyyar minomyotlarla "şərti düşmənə qarşı" döyüş taktikası təlimi də daxil olmaqla, vaxtaşırı olaraq həbri manevrlər keçirib.

Rusiya hərbçilərinin məsuliyyət zonasının xaricində olan ərazilər Azərbaycan Ordusunun nəzarəti altındadır.

Əfqanıstan: Əhməd Məsud Talibanla sülh danışıqlarına hazır olduğunu bildirib

Şəklin mənbəyi, Getty Images

Əfqanıstanın Pəncşir vilayətində Talibanla gərgin mübarizə aparan əfqan müqavimət qrupunun lideri sülh danışıqlarına hazır olduğunu bildirib.

Əhməd Məsud din xadimlərinin irəli sürdükləri danışıqlar yolunu dəstəklədiyini söyləyib və Talibanı hücuma son qoymağa çağırıb.

Daha əvvəl yayılan məlumatlarda Talibanın Pəncşirdə sürətlə mövqe tutduğu bildirilirdi.

Paytaxt Kabilin şimalındakı Pəncşir vilayəti Taliban hakimiyyətinə qarşı müqavimətin ən bariz nümunəsidir.

İslamçı qrup üç həftə əvvəl Qərbin dəstəklədiyi hökumətin dağılmasından sonra avqustun 15-də Kabildə hakimiyyəti ələ keçirərək Əfqanıstanın qalan hissəsini nəzarətə götürdü.

Əhməd Məsud Facebookda bildirib ki, Taliban hücumları dayandıracağı təqdirdə Əfqanıstanın keçmiş təhlükəsizlik qüvvələri və yerli milislərdən ibarət Əfqanıstan Milli Müqavimət Cəbhəsi mübarizəni dayandırmağa hazır olacaq.

Talibandan buna dərhal cavab gəlməyib.

Pəncşir vilayətində 150-200 min insan yaşayır. Bura 1980 -ci illərdə Əfqanıstan Sovet işğalı altında olduğu və Talibanın 1996-2001-ci illərdəki əvvəlki hakimiyyəti dövründə müqavimət mərkəzi olub.