Əfqanıstanda tiryək biznesi: ABŞ ölkədən çıxdı, indi nə olacaq?

  • Aleksey Kalmıkov
  • BBC News Rusca
Xaşxaş və günəş - Əfqanıstan iqtisadiyyatının əsas resursları

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Xaşxaş və günəş - Əfqanıstan iqtisadiyyatının əsas resursları

Əfqanıstanın əsas rifah mənbəyi narkotiklərdir. 20 illik hərbi müdaxilə dövründə amerikalılar bunun qarşısını ala bilmədilər. Talibançıları günahlandırdılar, heroin laboratoriyalarını bobmaladılar, 10 milyard dollara yaxın pul xərclədilər, amma tiryək və heroinin istehsalı və xammalı artmaqda davam etdi. Onların cəhdləri niyə baş tutmadı və indi - taliblər hakimiyyətə gələndən sonra vəziyyət necə olacaq?

Az məhsullu illər istisna olmaqla, tiryəkin və heroinin dünya üzrə təhcizatının 80 faizindən çoxunu Əfqanıstan təmin edir. Əfqanların yoxsulluğa, epidemiyaya, işsizliyə və zorakılığa qarşı bir resepti var - daha çox xaşxaş əkmək. BMT-nin məlumatına görə, pandemiya şəraitində keçən 2020-ci il ərzində əkin sahələrinin həcmi 37 faiz artıb.

Müasir tarixdə bu ölkədəki narkotik ticarətinə cəmi bir dəfə və məhz taliblərin dövründə qalib gəlmək mümkün olub.

Ötən əsrin sonlarında - Taliban ilk dəfə hakimiyyətə gələndə terrorçu-narkotik alverçisi imicindən qurtulmaq, beynəlxalq miqyasda qəbul olunmaq üçün xaşxaş əkməyi qadağan etmişdilər. 3 il ərzində bu qadağaya məhəl qoyan olmamışdı.

2000-ci ildə taliblər bu məsələyə daha ciddi yanaşmağa başladılar: buldozerləri və jurnalistləri sahələrə göndərib bir neçə kəndlini nümayişkaranə şəkildə həbs etdilər. Bu üsul işə yaradı - əkin sahələrinin həcmi 90 faiz, dünya bazarında heroinin miqdarı 3 dəfə azaldı.

Amma belə taktika yerli əhali tərəfindən narazılıqla qarşılandı, onların taliblərə dəstəyini azaltdı, çünki onsuz da dilənçi vəziyyətində yaşayan kəndlilər son gəlirlərindən məhrum oldular. Üstəlik, xarici siyasətdə də uğur qazandırmadı, beynəlxalq dəstəyə nail olmaq baş tutmadı: 11 sentyabr hadisəsi baş verdi, amerikalılar gəldi və taliblər hakimiyyəti itirdilər.

Növbəti il əvvəlki vəziyyət bərpa olundu, xaşxaş yenidən öz yerini möhkəmlətdi və çox keçmədən xammal və hazır məhsul karvanları yenidən xaricə yola düşdü.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Yandırmaq, əzmək, kəsib tökmək, qadağan etmək - zorakı üsulların heç biri xaşxaş becərilməsinə mane ola bilmədi

20 il sonra tarix yenidən təkrarlanır. Taliblər yenə hakimiyyətdədirlər, yenə beynəlxalq dəstəyə ehtiyacları var, dünya birliyi isə Əfqanıstandan gələn tiryək axının qarşısını almaq istəyir.

Vəziyyət yenə dəyişəcəkmi? Narkotik ticarətinin böhranıyla bağlı analizlərdə və ona qarşı 20 illik mübarizə təcrübəsində bu sualın cavabı var.

Amerikalıların məğlubiyyəti

Əfqanıstanın kənd təsərrüfatı (başqa sözlə, tiryək istehsalı) üzrə mütəxəssis, Dr. Adam Pain başda olmaqla, Əfqanıstan Araşdırma və Qiymətləndirmə Bölməsinin (AREU) üzvləri hesab edirlər ki, "2001-ci ildən başladılan, xaşxaş becərilməsinə mane olmağa, ya da heç olmasa, tənzimləməyə hesablanmış kampaniya aşkar uğursuzluğa düçar oldu".

Fevral ayında, amerikalıların Əfqanıstandan xaotik evakuasiyasından yarım il əvvəl dərc etdirdikləri hesabatda ekspertlər bu uğursuzluğu narkotik ticarətinin bütün mənfi yan təsirlərini eyni vaxtda və kompleks şəkildə zərərsizləşdirilməyə hesablanmış strategiyanın olmamasıyla izah edirlər.

Problemlər bunlardır: vətəndaş müharibəsi, cinayətkarlıq, əhalinin böyük hissəsi üçün alternativ qazanc mənbələrinin olmaması, daha çox gənclər arasında yayılmış narkomaniyadan qaynaqlanan sosial-tibbi böhran.

Bunların hər birini ayrı-ayrılıqda və tez bir zamanda həll etməyə çalışırdılar. Çünki həm rəsmi Vaşinqton, həm də yerli hökumət ölkədəki hakimiyyət dəyişikliyinə, o cümlədən ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarına rəğmən, narkotik ticarətinin və heroin axınının artdığını deyən tənqidçilərə nəyləsə cavab verməliydilər.

Nəticə etibarilə anti-narkotik siyasətdə zorakı üsullara üstünlük verildi: qadağan etmək, məhv etmək. Amerikalılar taliblərin laboratoriyalarını bombaladılar, 2018-ci ildə 400-500 laboratoriyadan 200-nün məhv edildiyini açıqladılar. Ancaq bu, heroin istehsalının həcmini azaltmadı - sadə texnologiyalar tezliklə yeni laboratoriyalar qurmağa imkan verdi.

"Problemləri ancaq texniki üsullarla həll etməyə çalışırdılar. Əkinləri məhv etmək, başqa məhsullar becərmək, qadağalar tətbiq etmək - bu vasitələrin heç biri qarşıya qoyulan məqsədlərin bircəciyini belə həll etmədi" - Adam Pain belə yazır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Əfqanlara xaşxaş əvəzinə istənilən bitkini, məsələn, zəfəran əkməyi təklif etdilər. Gözəl idi, amma yetişmədi

Rəqəmlər amansızcasına onun dediklərini təsdiq edir.

Dövlət Departamentinin məlumatına görə, 1992-93-cü illərdə Əfqanıstanda 20 min, 2000-ci ildəsə artıq 65 min hektar ərazidə xaşxaş əkilmişdi. ABŞ-ın hərbi müdaxiləsi dövründə əkin sahələri daha 4 dəfə artaraq 260 hektara çatdı.

BMT-nin qiymətləndirməsinə görə, ölkədəki iqtisadi aktivliyin 10 faizini opiatlar təşkil edir, onların istehsalı, ixracı və istifadəsi isə Əfqanıstanın rəsmi ixrac statistikasından 2 dəfə çoxdur. Qiymətlərin və məhsuldarlığın pik həddə çatdığı 2017-ci ildə bu ən ümummilli təsərrüfata - xaşxaş əkini və satışına cəlb olunmuş insanların toplam 1,4 milyard dollar xalis gəliri oldu. 2020-ci ildə isə məhsulun ucuzlaşması, sintetik opiatların və metamfetamininin populyarlaşması nəticəsində gəlirlər 3 dəfə azaldı.

Adam Pain-in və problemlə uzun illər yerində məşğul olan digər həmmüləlliflərin qənatlərini dünyadakı narkotik ticarəti, münaqişələr və yoxsulluq arasında əlaqələri öyrənən digər alimlərin araşdırmaları da təsdiqləyir.

Taliblər narkotikləri qadağan edə bilərlərmi?

London Universitetinin professoru Jonathan Goodhand başda olmaqla, bir qrup araşdırmaçı ötən il oxşar hesabat dərc etmişdilər. Bu ilin avqustunda taliblər bir-birinin ardınca şəhərləri ələ keçirəndə Goodhand özünün heç də ümidverici olmayan proqnozunu yazdı:

"Hadisələrin istənilən istiqamətdə inkişafı - taliblərin qələbəsi, vətəndaş müharibəsi və ya atəşkəs, hansı olur-olsun, Əfqanıstanın kölgə narko-iqtisadiyyatında heç bir dəyişiklik gözlənilmir. Hamı problemi həll etməyə söz verir, ancaq onun kökü çox dərindədir".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Amerikalılar Əfqanıstanın xaşxaş sahələrini azalda bilmədilər. Onların həcmi 4 dəfə artdı

Amerikalılar Əfqanıstanda olanda əkin sahələrinin xeyli hissəsinə taliblər nəzarət edirdilər, narkobiznesdən əldə olunan gəlirlərin üçdə biri onların payına düşürdü. Taliban illik büdcəsini açıqlamır. Müxtəlif təxminlərə görə, bu məbləğ 400 milyon-1,5 milyard dollar aralığındadır. Bu şərti rəqəmin üçdə birini taliblər narkotik istehsalına və ticarətinə himayəlik vasitəsilə əldə edirlər.

Büdcənin digər hissəsini aşkarlığa taliblərdən daha az meylli olan xarici donorların yardımı; qızıl, lazurit, zümrüd, kömür, mərmər, mis və digər faydalı qazıntıların kustar yolla hasilatı da daxil olmaqla, qanuni və o qədər də qanuni olmayan Əfqanıstan biznesində reketçilik vasitəsilə qazanılan pullar təşkil edir.

Nə donorlar, nə də mədənlər talibləri (o cümlədən, Əfqanıstanın hər hansı başqa hakimiyyətini) ölkədəki həyatın və iqtisadiyyatın fundamenti olan narkotiklərdən dərhal imtina etməyə imkan verəcək qədər çox vəsaitlə təmin edə bilməzlər.

Bundan başqa, son onillikdə narkotik alverçiləri Əfqanıstan opiatları üçün xarici bazarı genişləndirməklə yanaşı, daxili bazar da yaradıblar. Əvvəllər ayrı-ayrı rayonların və əhali qruplarının problemi sayılan məsələ artıq ümummilli böhrana çevrilməkdədir.

40 milyon əhalisi olan Əfqanıstanda narkotik asılılığından əziyyət çəkənlərin sayı 2,5 milyona çatıb və bu, dünya üzrə ən böyük göstəricilərdən biridir - ortalama göstəricidən 2 dəfə çoxdur. Ölkədə müalicə və reabilitasiya sistemi mövcud deyil, sintetik narkotiklərin getdikcə daha çox əlçatan olması isə problemi daha da dərinləşdirir.

Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin dünya üzrə əsas narkotik istehsalçılarına - Əfqanıstan, Kolumbiya və Myanmaya həsr olunmuş "Drugs & (dis)order" layihəsinə rəhbərlik edən Goodhand deyir ki, "Narkotik ticarəti həm taliblərin, həm onlara qarşı mübarizəyə cəlb edilənlərin, həm də bütövlükdə əhalinin mövcudluq strategiyasında çox mühüm rol oynayır. Təəssüf ki, bu faktor dünya heroin bazarının böyüməsinə gətirib çıxaracaq, Əfqanıstanda və ona qonşu ölkələrdə artmaqda olan narkomaniya epidemiyasına təkan verəcək".

Başqa sözlə, narkobiznes Əfqanıstandakı vətəndaş müharibəsini qızışdırmağa, ekstremistlərin büdcələrini artırmağa, gənc nəslin sağlamlığını korlamağa və qonşu ölkələrlə münasibətlərdə gərginlik yaratmağa davam edəcək.

Ötən əsrin sonlarında olduğu kimi, taliblər dövlət quruculuğuna xaşxaş becərməyi və narkotik satmağı ciddi şəkildə qadağan etməklə başlaya bilərlər. Amma ən varlı və yaxşı silahlanmış NATO ölkələrinin təzyiqi altında belə fəaliyyət göstərmiş rəqabətli və gəlirli narkotiklər bazarını tənzimləməyə administrativ resursları yetəcəkmi?

İqtisadiyyatı və cəmiyyəti narkotik asılılığından xilas etmək üçün taliblərə pul, ümummilli dəstək, işlək səhiyyə, ölkədə sülh və dünya tərəfindən qəbul olunmaq lazımdır. Eyni zamanda, onlara bu ənənəvi-gəlirli biznesdən imtina etmək üçün qərarlılıq, digərlərinə mane olmaq üçün hakimiyyət və güc lazımdır.

Narkotiklərin qadağan edilməsiylə bağlı fərman problemi həll etməyə bilər.