İngiltərə alimləri: insan papilloma virusu peyvəndi uşaqlıq boynu xərçənginin qarşısını 90% alır

Şəklin mənbəyi, Getty Images
İngiltərə alimləri aşkar ediblər ki, insan papilloma virusu - İPV (human papillomavirus -HPV) peyvəndi uşaqlıq boynu xərçənginin qarşısını 90 faiz alır.
"The Lancet" tibb jurnalında dərc edilmiş məqalədə bildirilir ki, alimlər İngiltərədə 2008-ci ildən etibarən yeniyetmə qızlara vurulan İPV peyvəndinin təsirlərini araşdırıblar.
Araşdırma zamanı məlum olub ki, preparat xərçəngdən əvvəlki prosesləri və uşaqlıq boynu xərçəngini 87% önləyir.
Kings College London Universitetinin araşdırmada iştirak etmiş professoru Peter Sasieni peyvəndin təsirinin "böyük olduğunu" deyib.
İngiltərənin Xərçəng Araşdırma institutu əldə olunan nəticələrin "tarixi əhəmiyyət daşıdığını" açıqlayıb və peyvəndin insanları "xilas etdiyini" təsdiqləyib.
Uşaqlıq boynu xərçənginin bütün növləri viruslardan törəyir, ona görə də mütəxəssislər peyvəndlə bu xəstəliyi tamamilə yox etmək istəyirlər.
Alimlər həmçinin qeyd ediblər ki, İPV peyvəndi vurulmuş şəxslər, böyük ehtimal, daha az yaxma testi verə biləcəklər.
İngiltərədə 11-13 yaşlı qızlara bu peyvəndi pulsuz vururlar.
2019-cu ildən etibarən İPV peyvəndi oğlanlara da tətbiq edilir.
Araşdırmanın nəticələrinə görə, peyvəndləmə proqramı 450 xərçəng şişinin və 17200 xərçəngin formalaşmasının qarşısını alıb.
Peyvəndin qoruyucu təsirinin nə qədər olması və hansısa məqamda ikinci dozaya ehtiyac yaranıb-yaranmayacağıyla bağlı mübahisələr davam edir.
İPV oxşar tipli viruslar qrupuna verilən addır, tibbi ədəbiyyata "human papillomavirus" olaraq düşüb.
Uşaqlıq boynu xərçənginin 99%-də İPV var.
İndiyədək tibbə 100 İPV növü məlumdur.
Ümumdünya Səhiyyə Təşkilatının bu xəstəliyə qarşı mübarizə proqramı çərçivəsində 100 ölkədə peyvəndləmə kampaniyası həyata keçirilir.