Moskvada Lujniki bazarı bağlanıb

Lujniki bazarı Fotonun müəllifi Ria Novosti
Image caption Lujniki bazarı 1990-cı illərin əvvəlində yaradılmışdı.

Moskvanın ən böyük və tanınmış bazarlarından olan Lujniki bazarı iyulun 1-dən fəaliyyətini dayandırır. Rusiya paytaxtının mərkəzində nəhəng Lujniki stadionunun yanında yerləşən bazarda minlərlə satış nöqtəsi var idi.

Ümumilikdə təxminən 3000 satış nöqtəsi, konteyner və 2 mərtəbəli pavilyonlarda pərakəndə və topdan satış həyata keçirilirdi.

Şəhər hökumətində bildirilir ki, artıq ərazinin səhmana salınması işləri başlanıb. Buranı istirahət zonasına çevirmək planlaşdırılır. Habelə şəhər hökuməti ticarət kompleksinin yerində yeni idman obyektləri inşa etmək əzmindədir. 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək və Lujnikidəki obyektlərin çempionatın keçirililməsində istifadə olunacağı qeyd edilir.

Lujniki tacirlərinə yeni iş yerləri

Lujnikidə çalışan işçilərə yeni iş yerləri təklif olunduğu bildirilir. Söhbət təxminən 12 min iş yerindən gedir, onların 2 mini Moskva şəhərinin ərazisindədir, 10 mini isə Moskva vilayətindəki bazarların ərazisindədir.

Bu arada mətbuata görə, heç də bütün iş adamları şəhərin mərkəzindəki yerini şəhərdən kənar bir ərazidə iş yerlərinə dəyişməkdən məmnun deyillər. Bazar işçilərinin hüquqlarını Dumada təmsil olunan "Ədalətli Rusiya" partiyası müdafiə etmək əzmindədir. Partiya lideri Sergey Mironov deyib ki, onun partiyası vəziyyətə nəzarət edəcək və iş adamlarına qarşı ədalətsizlik və qanunsuzluğun qarşısının alınması üçün əlindən gələni edəcək.

Bəzi müşahidəçilərə görə, Lujnikidən gedən tacirləri 2 il əvvəl Çerkizov bazarının bağlanmasından sonra bəzi tacirlərin yaşadığı aqibət gözləyir. Həmin şəxslər özlərinə yeni məqbul yer tapa bilməmişdilər və biznesdən getmək, yaxud da onun növünü dəyişmək qərarına gəlmişdilər.

Qısa tarixcə

Lujniki bazarı 1990-cı illərin əvvəllərində yaranmışdı. Moskvanın mərkəzində və Vladimir Leninin heykəli ucaldılmmış bir ərazidə yerləşən bazarda əsas etibarıyla gündəlik tələbat malları satılırdı. Bura, bağlanmış Çerkizov bazarıyla yanaşı Moskvanın ən iri və tanınmış mal bazarlarından sayılırdı.