Rusiyada gəmi qəzası ilə bağlı matəm günü elan edilib

Xilasedicilər Fotonun müəllifi AP
Image caption Xilasedicilər

Onların 80 nəfəri xilas edilib. Tatarstanda Volqa çayında batmış "Bulqariya" gəzinti gəmisində 208 nəfər adam var idi.

Gəmi bazar günü sahildən təxminən 3 km aralıda suyun altına gedib.

Bildirilir ki, gəminin birdən birə bir tərəfi aşağı çöküb və o, çox qısa vaxt müddətində tamamilə batıb.

Gəmidə xeyli sayda uşağın olması bildirilir. Ümumi 208 nəfərdən 80 nəfər xilas olunub, 12 nəfərin cəsədi aşkar edilib. Beləliklə 100 nəfərdən artıq insanın taleyi naməlum qalır.

Hadisə yerində xilasetmə işləri gedir. Bu işlərə təxminən 330 nəfər cəlb olunub. Artıq suyun altında gəmi nəzərdən keçirilib. Xilasedicilərin dediyinə görə, burada onlar böyük sayda cəsəd görüblər. Prezidentl Medvedevlə görüşdə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu xilasedicilərin rəyinə istinadən bildirib ki, hadisə yerində sağ adam tapmaq ümidi faktiki yoxdur.

Prezident Medvedev çərşənbə axşamı 12 iyulu gəmi qəzasındə həlak olmuşlara görə ümummilli matəm günü elan edib.

Rusiya mətbuatına görə, gəmi guman ki, həddən artıq yüklənmişdi. 1955-ci ildə inşa edilən "Bulqariya" gəmisi 140 sərnişin üçün nəzərdə tutulub. İndi məlum olunduğuna görə çay gəzintisinə bundan xeyli artıq insana bilet satılmışdı.

Hazırda texniki nasazlıq və gəminin həddən artıq yüklənməsi qəzaya əsas səbəblər kimi nəzərdən keçirilir. İstintaqa görə, başqa səbələrdə istisna edilmir.