Kofe "qadınları depressiyadan qoruyur"

kofe Fotonun müəllifi Getty
Image caption Ekspertlər deyir ki, kafeinsizləşdirilmiş kofe eyni təsiri göstərmir.

Gündə iki fincan və ya daha artıq kofe içən qadınlarda depressiyaya düşmək riski aşağıdır - yeni təhqiqatın nəticələri belə göstərir.

Kofenin nədən belə təsir göstərdiyi aydın deyil, amma tədqiqat müəllifləri inanır ki, kofenin tərkibindəki kafein beyin maddəsinin kimyəvi tərkibində dəyişiklik edir. Kafeinsizləşdirilmiş kofe eyni təsiri göstərməyib.

Daxili Tibb Arxivləri dərgisində nəticələri çap olunmuş araşdırma 50 min tibb bacısı üzərində aparılıb.

Eskpertlər indi kofe və beyin arasında əlaqəni tapmaq üçün daha dərin araşdırma aparmağı tövsiyə edirlər.

Onlar deyir ki, qadınlara əhvali-ruhiyyələrini qaldırmaq üçün daha çox kofe içməyi məsləhət görmək hələ çox tezdir.

Kafein

Harvard Tibbi Məktəbinin komandası 1996-2006 illər ərzində qadınların sağlamlığını müşahidə ediblər və onların kofe qəbuluna dair sorğuya əsaslanıblar.

2600-dən artıq qadın bu müddət ərzində depressiyaya düşüb.

Onların çoxu ya heç kofe içməyən, ya da az içən qadınlar olublar. Onlarla müqayisədə daha çox kofe içənlərdə depressiya halı az olub.

Bir həftədə bir və ya daha az kafeinli kofe içən qadınlarla müqayisədə, gündə iki və ya üç fincan kofe içənlərdə depressiyaya düşmək riski 15 faiz aşağı olub.

Gündə dörd və ya daha artıq fincan kofe içənlərdə isə risk 20 faiz azalıb.

Müntəzəm kofe içənlər əsasən həm də, siqaret çəkənlər və alkoqol qəbul edənlər, kilsəyə az gedənlər və ya heç getməyənlər, hər hansı icma qruplarına üzv olmayanlardır.

Onların həmçinin çəkisi çox yüksək olmur, amma qan təzyiqləri yüksək olur və diabet xəstəliyinə malik olurlar.

Bütün bu müxtəlif faktlar nəzərə alınmaqla çox kofe içməyin depressiyanı aşağı salması fikri dəyişməyib.