Yəmən: Ənvər Əvlakinin öldürüldüyü xəbər verilir

Ənvər Əvlaki Fotonun müəllifi AFP

Yəmənin müdafiə nazirliyi əl-Qayda liderliyində şübhəli bilinən radikal islamçı Ənvər Əvlakinin öldürüldüyünü bildirir.

Amerikada “qlobal terrorçu” kimi tanınan islamçının öldürülməsi barədə məlumatlar Vaşinqton tərəfindən təsdiq olunub.

Bildirilir ki, bir sıra hücumların təşkilində günahlandırılan islamçının qətlinə əmri şəxsən prezident Barak Obama verib.

Müdafiə nazirliyi Əvlakinin onu "müşayiət edən şəxslərlə" bərabər öldürüldüyünü bildirməklə kifayətlənib.

Bundan əlavə təfsilatlar verilmir.

Dron zərbəsi?

Hərçənd ki, tayfa mənbələrinə istinad edən AFP agentliyi islamçının əl-Qayda istehkamı sayılan Marib vilayətindəki hava zərbəsində öldürüldüyünü xəbər verib.

Həmlənin Amerika plotsuz təyyarəsi yoxsa Yəmən qüvvələri tərəfindən həyata keçirildiyi dəqiqləşdirilməyib.

Hadisə barədə məlumat yerli televiziya ilə yayımlanıb.

BBC müxbiri Gordon Correra radikallaşmaya meylli olan adamlarla media vasitəsilə ünsiyyət yaratmaq qabiliyyətinə malik islamçının qətlə yetirilməsini mühüm hadisə kimi dəyərləndirib.

Ölüm xəbəri Əl-Qaydaya qarşı mübarizənin Yəməndəki siyasi böhrandan təsirlənməsi ilə bağlı narahatlıqlara təsadüf edir.

Prezident Əli Abdulla Saleh ordu və tayfa liderlərinin hakimiyyətə qarşı ayaqlanması ilə müşayiət olunan geniş etiraz hərəkatı ilə üzləşməkdədir.

Detroyt İmamı

Əvlaki 9/11 hücumlarında iştirak etmiş iki nəfərin gəldiyi Detroyt məscidinin imamı olub.

Ötən ilin noyabr ayında islamçı öz videomüraciətində “iblisin tərəfində” olan amerikalıların qətlinə çağırıb.

ABŞ-da anadan olmuş Əvlaki 2007-ci ildən bəri Yəməndə gizlənib.