Evlilikdə işgəncələrə məruz qalan Mariamın hekayəsi

protest in Armenia
Image caption Qadınların Resurs Mərkəzi və Qadınlara Dəstək Mərkəzi Ermənistan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçirib

Ermənistan Prokurorluğu 20 yaşlı Mariam Qevorkyanın qaynanası və əri tərəfindən müntəzəm surətdə işgəncələrə məruz qalması üzrə daha əvvəl bağlanmış cinayət işinə yenidən baxacaq.

Üç il müddətinə həbsə məhkum edilmiş Mariamın əri əfv edilmişdi, qaynanası isə cəza tədbirindən qaça bilib. Lakin bazar ertəsi Baş Prokurorluqdan qadının Sankt-Peterburqdan Yerevana gətirilməsi üçün tədbirlər görüldüyünü bildiriblər.

Bazar ertəsi bir neçə ictimai təşkilat, o cümlədən, Qadınların Resurs Mərkəzi və Qadınlara Dəstək Mərkəzi Ermənistan Baş Prokurorluğu qarşısında etiraz aksiyasını təşkil edib.

Piketdə Mariam Qevorqyan və onun atası da iştirak edib. Qız əhvalatını daha öncə tədqiqatçı jurnalistlərə söylədiyinə görə, bu dəfə mediaya danışmaq istəməyib və yalnız “yeganə istəyini” xatırladıb: “Əhvalatı mümkün qədər çox adam bilsin ki, heç kəsin başına gəlməsin”.

“İşgəncəli həyat”

İki il bundan əvvəl Ermənistanın Ararat rayonunda yaşayan Mariam Qevorqyan Rusiyaya 26 yaşlı David Ziroyana ərə gedib. Davidin anası əvvəlki gəlininin gözləri tutulmağa başladığına görə, “ərini bədbəxt etməmək üçün” boşandığını söyləmişdi.

“Hələ Ermənistanda qaynanamın mənimlə münasibətləri gərgin idi. Fikirləşdim ki, Davidin yanında hər şey düzələr. Lakin iki aydan sonra Sankt-Peterburqda milad günü yanvarın 6-da onlar məni döyməyə başladılar”, - deyir Mariam.

O, daha sonra da əri tərəfindən müxtəlif bəhanələrlə döyüldüyünü bildirir. “Döyür ki, yavaş-yavaş süpürürəm, döyür ki, göyü səliqəsiz arayıram, döyür ki, qapını bərk vururam, çox danışıram...”

Sankt-Peterburqda Mariam qaynanası, qaynatası və iki qayınları ilə bir evdə yaşayıb. Söyləyir ki, küçəyə bir neçə dəfə, o da təzə gələndə çıxıb. Gənc qadın qolunda çəngəllə əri və qaynanası tərəfindən yetirilən, isti ütü ilə qolu və beli üzərindəki zədələri göstərib, deyir ki, onu qayınlarından başqa bütün ailə üzvləri döyürdü.

Image caption Mariam Qevorkyan ailə qurmamışdan əvvəl

“Hər dəfə bir bəhanə tapıb, deyirdilər ki, mən onların ailəsinə xətər yetirmişəm. Sonra qaynanam başlayırdı... Bir neçə dəfə alışqanla və bükülmüş kağızla döşümü, dilimi yandırıb, oxlovla başıma vurur, saçlarımdan elə dartırdı ki, ağzım açılırdı. Dilimin üstünə sabış qoyub deyirdi: ağrının nə olduğunu hiss elə...”, Mariam “Hetk” nəşrinin (İz) tədqiqatçı jurnalistlərinə danışıb.

Ərinin yanına Mariamı iki həftə buraxıblar, ondan sonra onu küncdə ayaq üstə durmağa məcbur ediblər. Qızın ayaqları ağramağa başlayanda stul veriblər və o, aylarla oturmuş vəziyyətdə yatıb. Ona yalnız soyuq suda çimməyə və paltarını əllə yumağa icazə veriblər, o şərtlə ki, iki dəqiqədə yuyub qurtarsa, döyməyəcəklər.

“Bir neçə dəfə “kömək edin, mənə burada işgəncə verirlər” yazıb, dördüncü aşağı atmışam. Lakin onlar bunu bilib, yenə döyüblər”, Qevorqyan deyir.

Mariamın atası Hamazasp deyir ki, bir neçə dəfə zəng edib qızı ilə danışmaq istəyib, lakin onu on dəqiqə gözləməyə məcbur etdikdən sonra trubkanı qıza veriblər.

“Mən hiss etdim ki, nə isə elə deyil. Uzun sorğulardan sonra Davidin keçmiş arvadını tapdım. Onun anası dedi: necə ki gec deyil, qızını geri qaytar”, - deyir atası.

Qaynanası Haykanuş Mariamın atasının zəngləri haqda cox vaxt xəbər verməyib, deyib ki, “o, daha heç kəsə lazım deyil”. Nadir hallarda atası ilə telefonda danışanda qaynanası da yanında olurmuş.

“Mən onlara yalvarırdım: pasportumu verin, evimizə qayıdım, lakin qaynanam deyirdi: Yox, sən bizim qulumuzsan, - xatırlayır Mariam. – O, öz köklüyündən hirslənirdi, qabağıma 9 buxanka çörək qoyub yeməyə məcbur edirdi. Geri qaytaranda, qusduğumu da yeməyə məcbur edirdi”.

Xilas

10 aydan sonra, ötən il sentyabrda Mariam evdən qaçıb: “Üz-gözüm eybəcər halda, ayaqlarım şişmiş hara gedə bilərdim? Qaranlıq düşəndə qonşumuz Tanya gilə getdim. O, milisə müraciət etməyi məsləhət etdi. Mən qorxurdum ki, onlar pul verib hər şeyi mənə qarşı çevirə bilərlər. Dedim, Ermənistana getmək istəyirəm. Sonra bir mərtəbə yuxarı qalxıb, piləkənlərin üstündə oturdum ki, səhər kilsəyə gedib kömək istəyim. Tanya onlara bir söz demədi. Lakin həmin gün evdən qaçdığıma görə ərim məni buçaqla vurdu. Yəqin, onlar elə biliblər ki, Tanya xəbər tutar, gözlədilər, yaralarım sağalsın və oktyabrın 15-də məni Ermənistana yola saldılar”.

Qevorqyan söyləyir ki, Ermənistanda Davidin əvvəlki arvadı Monika (adı öz istəyi ilə dəyişdirilib) onlara gəlib və onunla da eyni cür rəftar etdiklərini söyləyib: “Doğrusu, onun bədənini yandırmayıblar. Lakin hamilə olanda, uşaqdan azad olmağa məcbur ediblər. Monika dedi ki, gözunun biri döyülməkdən kor olub”.

Ziroyanların Ermənistandakı qohumları Mariamın ailəsinə pul təklif ediblər ki, hüquq-mühafizə orqanlarına müraciət etməsinlər.

Cinayətə görə əfv

Image caption Mariam Qevorkyan bir illik ailə həyatından sonra

Oktyabrın 25-də Maiam Qevorkyanın və Monikanın Ararat polis şöbəsinə şikayətlərinə əsasən, David Ziroyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin “bilərəkdən başqasının səhhətinə orta ağırlıqda xətər yetirmək” və “döymək” maddələri üzrə cinayət işi açılıb. Onun anası eyni maddələrlə, lakin cinayətin “xüsusi qəddarlıqla” törədilməsi bəndi üzrə ittiham olunub.

Müstəntiq Artur Avetyan Mariamın atası Hamazaspa deyir ki, rusiyalı həmkarlarının köməyilə Davia Ziroyanı Ermənistana gətiriblər. “Lakin kağıza yazılmışdı ki, o, taqsırını boynuna alıb və könüllü gəlib”, - deyir Hamazasp. “Qardaşımla getdik prokuror Arsen Arsenyanın yanına, yarım saat gözlədik və birdən gördük ki, onun kabinetindən kök bir adam çıxır. Sonra mən öyrəndim ki, o, Davidin vəkilidir. Elə o vaxtdan prokuror öz münasibətini dəyişdi və başladı onları müdafiə etməyə”.

Üzləşdirmə zamanı Mariamın sabiq əri ittihamları təkzib edib, deyib ki, arvadını bircə dəfə vurub, bədənindəki xəsarətləri ərə getməzdən alıb, bir qismini də özü özünə yetirib.

İttihama əsasən, David Ziroyan 3 il müddəinə həbsə məhkum edilə bilərdi, lakin o, müstəntiqin qərarı ilə əfv edilir və cinayət işinə xitam verilir. David bircə gün də azadlıqdan məhrum olmur.

Cinayət işi bərpa edilir

Etiraz aksiyası iştirakçılarına baş prokurorun mətbuat katibi Sona Truzyan deyib ki, Mariamın qaynanası Haykanuş Mikayelyan aşkar edilib və onun Ermənistana gətirilməsi üçün tədbirlər görülür.

Ermənistan Polisindən isə məlumat verilib ki, Haykanuş Mikayelyanın cinayət işi üzrə istintaq aparılır.

Qadınlara Dəstək Mərkəzinin nümayəndəsi Hasmik Qevorqyan iddia etdiyinə görə, cinayət işi üzrə istintaq aparan müstəntiq müttəhimin qohumudur. “Məhz buna görə o, əfv edilib, işi bağlayıblar, və buna məhəl qoyan yoxdur. Biz dövlət instansiyalarına çatdırmaq istəyirik ki, artıq iki ailə zorakılığın qurbanıdır, cinayət törədənlər isə cəzalandırılmayıb”, - deyib Hasmik Qevorqyan.

Aksiya iştirakçıları öz tələblərini yazılı surətdə Baş Prokurorluğa təqdim ediblər. Sənədin bir surəti də ölkə prezidentinə göndəriləcək.

Bu barədə daha geniş