Nigeriyada bir neçə xristian kilsəsində partlayışlar baş verib

Nigeriya Fotonun müəllifi AFP

Nigeriyada bazar günü ölkənin müxtəlif məntəqələrindəki xristian kilsələrdə bir neçə partlayış baş verib.

Bazar günü səhər tezdən Abuca şəhərindəki xristian kilsəsində baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb.

Bir müddətdən sonra partlayış Cos şəhərinin xristian kilsəsində baş verib. Partlayış nəticəsində azı 1 nəfər - polis əməkdaşının öldüyü xəbər verilib.

Şahidlərə görə, partlayışdan sonra odlu silahdan açılmış atəş səsləri eşidilib.

Təsdiqlənməmiş xəbərlərə görə, Nigeriyanın şimalında yerləşən Damataru məntəqəsində də 2 partlayış baş verib. Deyilənə görə, bu partlayışlarda kilsə yaxınlığında baş verib.

Partlayılar nəticəsində çox adam yaralanıb.

Birinci partlayışa görə məsuliyyəti üzərinə Boko Haram islamçı qrupu götürüb.

Partlayışların kilsələrdə Milad bayramı ilə bağlı xristian mərasimlərinin keçirildiyi zaman baş verdiyi qeyd olunur.

Nigeriyadakı BBC müxbiri partlayışların əlaqəli şəkildə baş verə bildiyini istisna etmir.