Qafqaz dindarları niyə radikallaşır?

Fotonun müəllifi Alekper
Image caption Təhlilçilər düşünür ki, hazırda Azərbaycanda nüfuzlu dini lider “demək olar yoxdur”

Siyasi durğunluq, yoxsulluğun geniş vüsət alması və azadlıqların boğulması son illər Qafqazda dini ekstremizmə meyllənmələrin əsas səbəbləridir.

Çərşənbə günü Vaşinqtondakı Carnegie Qlobal Araşdırma Mərkəzində “Qafqazda Siyasi İslam” mövzusunda təşkil olunmuş forumun iştirakçıları belə qənaətdədirlər.

Mərkəzin təhlilçisi Bayram Balçı və Bakıdan olan siyasi icmalçı Hikmət Hacızadə Azərbaycanda radikal qruplaşmalar sırasında iranmeylli Şiə cərəyanları ilə yanaşı, Vəhhabilik və Nurçuluğun da adını çəkiblər.

Ölkədə dini təriqətlərin radikallığa meyl göstərməsi rəsmi səviyyədə qismən etiraf olunsa da, təhlilçilərin təbirincə, əsl həqiqətlər ictimaiyyətdən gizlədilir.

“Hazırda hakimiyyətlə dindarlar arasında çəkişmənin yeni dalğasının şahidi oluruq. Buna baxmayaraq, həbs edilən dindarın günahını müəyyən etmək müşgül məsələdir”, deyib Hacızadə.

“Stalin müsəlmanları”

Azərbaycan dindarlarının 65 faizi Şiə, qalanı Sünni təriqətinə xas olsa da, yalnız 20 faiz müsəlman əhli şəriət qaydaları ilə yaşayır, digərləri isə “dünyəviliyi” təmsil edirlər.

Hacızadə keçmiş Sovet ideyalogiyasından miras qalmış mədəni müsəlmançılığı, “Stalin müsəlmanları” adlandırır.

Ancaq onun təbirincə, son illər Vəhhabizm və Nurçuluq başda olmaqla, müxtəlif təriqətlər, hətta "Yahova şahidləri" ölkədə ayaq tuta biliblər.

Dini cərəyanlar əsasən gücləndiklərində diqqət cəlb edirlər və dərhal da hakimiyyətin repressiyasına məruz qalırlar.

Belələri əvvəllər ölkəni sakitcə tərk edirdilər, indi qalıb mübarizə aparmağa da meyllənənləri var.

“Qanuna görə, xarici təhsilli din xadimləri ölkə ərazisində fəalyyət göstərə bilməz”, xatırladıb cənab Hacızadə və əlavə edib ki, bu halda Nurçuların vəziyyəti nisbətən yüngüldür, belə ki, onlar ölkə daxilində məktəblər yaratmaqla, genişlənməyə üstünlük verirlər.

Ən mütərəqqi cərəyan

“Nurçuluq Azərbaycan daxil olmaqla, Qafqazda ən mütərəqqi hərəkata çevrilməkdədir”, əlavə edib Bayram Balçı.

Buna baxmayaraq, onun fikrincə, Türkiyə ilə birbaşa bağları olan cərəyan “hazırda əsasən gözləmə mövqeyindədir, nəinki radikallaşma”.

Siyasi İslamdan bəhs edərkən, cənab Hacızadə Bakıda mənzillənən eyniadlı partiyanın adını çəkib.

Vaxtı ilə demokratik qüvvələr tərəfindən dəstəklənib dövlət qeydiyyatına salınmış İslam Partiyası ndi təklikdə fəalliyyət göstərir və əsasən İran ideologiyasının təmsilçisinə çevrilib.

Təhlilçinin təbirincə, hazırda Azərbaycanda nüfuzlu dini lider “demək olar yoxdur”.

Rəhbərlik etdiyi “Far”mərkəzinin Bakıda dindarlar arasında keçirilmiş sorğusuna istinadən, cənab Hacızadə respondentlərin yalnız 4 faizinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) lideri Allaşükür Paşazadəyə rəğbət bəslədiyini açıqlayıb.

Bununla yanaşı, QMİ rəhbəri ölkədəki nüfuzu ilə məsələn, İranın ali dini liderindən irəlidədir.

Hacızadə ölkəboyu dini radikalizmin əsasən cənuub regionu və Bakıətrafı bir neçə kənddə ağırlıq təşkil etdiyini düşünür.

Ekstremist “ixracı”

Dini ekstremizmdən bəhs edərkən isə, məruzəçilər Qafqazdan xaricə terrorçu “ixracına” diqqət çəkiblər.

“Azərbaycanlı dini ekstremistlərin bir hissəsi Çeçenistan və Əfqanıstanda döyüşürlər, hətta onlardan biri Quantanamo həbsxanasında saxlanılırdı, təzəlikcə azad edilib”, deyib Hacızadə.

İnternet, onun təbirincə, “radikallaşmış dindarların əsas təbliğat silahıdır”.

Bu yaxınlarda həyatını itirmiş anti-İslam yazarı Rafiq Tağının qətlinə çağırış etmiş İran Ayətullahı Lənkəraninin internetdə yayınlanmış bəyanatları Bakıda ziyalıların qəzəbinə səbəb olub, deyə o xatırladıb.

İran qisas alır

Son zamanlar Azərbaycanla İran arasında artan gərginlikdən bəhs edən Hacızadə, Bakının İsrail ilə əməkdaşlığının İranda ən yüksək səviyyədə tənqidinə diqqət çəkib.

Bayram Balçı əlavə edib ki, dini radikalizm, ümumilikdə, İranın Qafqazda xarici siyasətinin əsas elementinə çevrilməkdədir.

Belə ki, iranmeylli Şiə cərəyanları Azərbaycan, Gürcüstan və hətta Rusiyada möhkəmlənməkdədirlər.

Öz növbəsində, Qafqazda dini rıçaqlarını qorumağa çalışan digər ölkə - Türkiyə özünün Dini İşlər üzrə dövlət idarəsi və Diaspora vasitəsilə eyni işi məharətlə icra edir.

Moskva dindarlarla bacarmır

Carnegie Fondunun Moskva Mərkəzinin əməkdaşı Alexey Malashenko isə radikal İslamçıların Qafqazda Şəriət üsul-idarəsinin hökmünə çalışdıqlarını düşünür.

Onun fikrincə, cənubla müqayisədə, Şimali Qafqazda islamçılar artıq buna qismən də olsa, nail olublar.

“Dağıstan, İnquşetiya və Kabardino-Balkar regionlarında şəriət demək olar ki, Rusiya Federal qanunlarını üstələyib. İnsanlar mədrəsələrdə təhsil alır, içki içmir, çadraya bürünürlər”, deyib təhlilçi.

Digər ekspert Sergei Markedonov isə Rusiya hökumətinin dindarlarla faktiki olaraq bacarmadığına, siyasi qərarların “dişsizliyinə” diqqəti çəkib.

Çıxış yolu…. Yoxdur?!

Bəs Qafqazda dini radikallaşma necə əngəllənməli?

ABŞ və beynəlxalq ictimaiyyət işə necə yardım edə bilər?

Bu suallara Vaşinqton konfransında cavab tapılmadı.

Cənab Hacızadə deyib ki, məsələn, Azərbaycanda hökumət “heç kəsi dinləmir”, o, sadəcə həbs edir.

“Repressiya ilə problem həll etmək olmaz, bu əks nəticələr verə bilər”, əlavə edib təhlilçi.

Digər məruzəçilər də Qafqazda dini radikallaşmanın artıq “az qala qarşısıalınmaz problemə çevrildiyini” narahatlıqla vurğulayıblar.

Bu barədə daha geniş