Obama ABŞ tərəfindən İrana qarşı güc işlədilə biləcəyini bəyan edib

Peres_Obama Fotonun müəllifi Getty

Prezident Obama İrana qarşı güc işlədilə biləcəyini istisna etmir, lakin diplomatik səylər çərçivəsində imkanların hələ tükənmədiyini də qeyd edir.

ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməyinin qarşısını almaq üçün, "çəkinmədən" gücdən istifadə edəcək, lakin eyni zamanda vurğulayıb kı diplomatiyanın imkanları hələ tükənməyib.

Barak Obamanın qənaətincə son həftələr ərzində bucür danışıqlardan yalnız İran höküməti faydalanıb, çünki bu mövzuda spekulyasiyalara dünya bazarlarında neftin bahalaşmasına gətirib.

ABŞ-da İsrail lobbisi qarşısında çıxış edən prezident Obama Tehranla münasibətlərdə müharibə mövzusunun yersiz hallandırılmasının əleyhinə olduğunu qeyd edib.

Bundan əvvəl İsrail prezidenti Şimon Peres İranın "dünya üçün təhlükə kəsb etdiyini" bildirmişdi.

ABŞ və onun müttəfiqləri Tehranın nüvə silahı üzərində işlədiyini deyirlər, Tehran bu ittihamları rədd edir.

Obamadan sonra çıxış edən İsrail prezidenti Şimon Peres İrana qarşı sərt danışaraq, İranın dünya üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb:

"İran terrorun mərkəzi, sponsoru və maliyyə donorudur. İran bütün dünya üçün təhlükədir”, Şimon Peres deyir.

Bugün ABŞ prezidenti Barak Obama Ağ Evdə İsrailin Baş naziri Benjamin Netanyahu ilə danışıqlar aparacaq.