Fransada parlament seçkilərinin 1-ci turu keçirilir

Fransada parlament seçkilərinin 1-ci turu keçirilir Fotonun müəllifi AFP

İcmalçılar bu seçkilərin Fransanın yeni prezidenti Fransua Ollandın nəzərdə tutduğu islahatların keçirilməsi üçün mühüm əhəmiyət kəsb etdiyini qeyd edirlər.

Bugünkü seçkilər Fransa parlamentinin aşağı palatası Milli Asambleyadakı 577 yer uğrunda keçirilir.

Seçkilər majoritar qaydada keçirilir. İlk turda seçilmək üçün namizəd 50%-dən çox səs yığmalıdır. Əks halda azı 12.5% səs toplamış namizədlərin iştirakı ilə iyunun 17-də

seçkilərin 2-ci turu keçiriləcək.

Müxbirlərin sözlərinə görə Fransua Ollandın partiyası üçün parlamentin aşağı palatasında çoxluğa nail olmaq vergi və dövlət xərcləri sahəsində hazırlanan islahatların uğurla keçirilməsi üçün vacibdir.

Seçkilərin diqqəti çəkən daha bir aspekti sağ və sol qüvvələrin, xüsusilə də, bu qüvvələrin ifrat qanadları arasında rəqabətin nəylə bitəcəyilə bağlıdır.

Marin Le Penin başçılıq etdiyi ifrat sağçı "Milli Cəbhə" son prezident seçkilərində nümayiş etdirdiyi uğurlu çıxışını bu dəfə də təkrar etməyə və Milli Assambleyada təmsil olunacaqlarına ümid edir.

İcmalçılara görə, seçki majoritar prinsipinə söykəndiyindən 1-ci tur partiyaların nüfüzunu əks etdirdiyi halda, bir həftədən sonra keçiriləcək 2-ci turda koalasiyaların qurulamsı daha çox səmərə verə bilər.

Sosialistlərin müttəfiq solçu partiyalar ilə əldə etdikləri razılığa əsasən, 2-ci turda hər dairədə sol qüvvələr koalisiyasının ən çox səs toplamış namizədi iştirak edəcək.

Sağ partiyalar arasında isə belə bir razılıq əldə olunmayıb, və bu səbəbdən sağ qüvvələrə verilən səslərin parçalanacağı güman edilir.

Bu səbəbdən təhlilçilər Fransua Ollandın ətrafında birləşən solçu qüvvələrin parlamentdə çoxluq formalaşdıra biləcəyini zənn edirlər.

Fransua Ollandın höküməti gələn ay parlamentə yenidən nəzərdən keçirilmiş büdcəni təqdim etməlidir.

Fransada parlament seçkilərində qələbə qazanmaq üçün namizəd seçicilərin azı 25 faizi səs verdiyi dairədə səslərin mütləq çoxluğunu qazanmalıdır.

Əks halda azı 12,5 % səs toplamış namizədlər arasında seçkilərin 2-ci turu keçirilməlidir.

Bu dəfəki parlament seçkilərində əsas mövzulardan biri də Marin Le Penin başçılıq etdiyi ifrat sağçı "Milli Cəbhə" partiyasının necə çıxış edəcəyi ilə bağlıdır. Prezident seçkilərində bu partiyanın lideri 3-cü nəticə göstərmişdi.

Seçkilərdə ən maraqlı rəqabətin Fransanın şimalında yerləşən Henin Beaumont sənaye şəhərində olacağı güman edilir. Burada yarış Marin Le Pen ilə ifrat solçu qüvvələrin parlaq lideri Jean Luc Melenchon arasında gedir.