Rusiya polisi qurama narkotika həbslərində ittiham olunur

Təcridxana Fotonun müəllifi AFP

Rusiyanın narkotiklərlə mübarizə üzrə rəsmiləri deyir ki, 2011-ci ildə narkotiklərlə bağlı 40 mindən artıq adama hökm oxunması onların narkotiklərlə mübarizədə uğurunun göstəricisidir. Ancaq insan haqları fəalları polisi kütləvi saxtalaşdırmalarda ittiham edir.

Yelena Kuznetsova oğlu Romanın azadlıqda son dəqiqələrinin şahidi olub. Roman mənzilindən çıxaraq aşağı düşüb ki, bu yaxınlarda satdığı motosiklə görə ona borclu olan adamla görüşsün.

Mənzilin pəncərəsindən xanım Kuznetsova görüb ki, oğlunu qəfildən nömrəsiz avtomobilə saldılar. O, pilləkanlarla aşağı qaçıb və maşını izləməyə başlayıb. Avtomobil Romanı Federal Narkotiklərə Nəzarət Xidmətinin (FNNX) Moskva yaxınlığındakı Ximki bölməsinə aparıb.

Orada Roman Kuznetsovun çantası əlindən alınıb. Bir saat sonra isə rəsmi yoxlanış zamanı çantadan 18 ədəd kiçik həşiş bağlaması tapılıb. Bağlamalar siqaret qutusunda gizlədilibmiş.

Sonra istintaq olub. Ekspertlər həşiş bağlamalarının eyni həşiş dəstəsindən olub-olmadığını müəyyənləşdirə bilməyiblər.

Əlavə ekspertiza xahişi rədd edilib.

“Oğluma günahsızlığını sübuta yetirmək hüququ verilmədi”, xanım Kuznetsova deyir.

Doqquz ay sonra cənab Kuznetsov narkotiklər satmağa cəhddə günahlandırıldı. O, altı il həbs cəzasına layiq görüldü.

Xanım Kuznetsova inanır ki, narkotiklər qəsdən oğlunun çantasına qoyulub. O hesab edir ki, Rusiyada rəsmilər narkotiklərlə mübarizədə yaxşı statistika əldə etmək məqsədilə oğlunu yalandan günahlandıblar.

Fotonun müəllifi BBC World Service
Image caption Xanım Kuznetsova oğlunun çantasına narkotiklərin qəsdən qoyulduğuna inanır.

"Tez-tez eşidirik ki, FNNX böyük sayda narkotiklər müsadirə edib. Amma bütün bu statistika mənim oğlumunku kimi kiçik halların əsasında iddia olunur", o deyir.

“Qeyri-real” hallar

Rəsmi rəqəmlər cəlbedici səslənir. Rusiyada hər yeddi məhkəmə hökmündən və hər beş həbsdən birinin arxasında narkotiklərlə bağlı cinayətlər durur.

2011-ci ildə 42 mindən artıq adam narkotik satmaqda, buna cəhd etməkdə və yaxud böyük miqdarda qadağan olunan narkotika saxlamaqda müqəssir bilinərək həbsə göndərilib.

Ancaq insan haqları fəalları deyir ki, Rusiyada narkotiklərlə bağlı qurama hallar geniş yayılıb və nəzəri cəhətdən müstəqil olan məhkəmələr uydurma istintaqlara göz yumur.

İddia olunur ki, korrupsiyalaşmış polis və anti-narkotik işçiləri rüşvət almaq üçün bir çox hallarda həbsə atmaq hədələrindən istifadə edir.

Roman Xabarov Voronej şəhərində yaşayan keçmiş polis işçisidir. O deyir ki, narkotiklərlə bağlı məsələlərdə qurama dəlillər indi geniş yayılmış bir təcrübədir.

"Mən deyərdim ki, yüngül narkotiklər gəzdirmək hallarının 80 faizi həqiqətə uyğun deyil. Heroin kimi ağır narkotiklərlə bağlı isə bu rəqəm aşağı ola bilər. Ancaq yenə də, ümumi rəqəm çox böyükdür", o deyir.

Xabarov hesab edir ki, bu halların çoxu yaxşı statistika yaratmaq üçün rəsmilər tərəfindən uydurulur.

"Bu elə bir cinayətdir ki, qurban yaratmaq lazım deyil, onu uydurmaq çox qənaətli yoldur", o deyir.

Muzdlu şahidlər

Fotonun müəllifi BBC World Service
Image caption Viktor Ivanov statistikanın yaxşılaşdırılması üçün işlərin saxtalaşdırıdlığı barədə ittihamları rədd edib.

Kuznetsova oğlunun günahsızlığını sübuta yetirməyə çalışarkən belələrinə rast gəlib. O, FNNX-nin araşdırdığı digər şəxslərin qohumlarının izlərinədək gedib çıxıb.

Dörd müxtəlif məhkəmə işinin təfərrüatlarını müqayisə edəndə o anlayıb ki, şahid kimi istifadə olunanlar və ya əməliyyatçılara narkotik alışını aşkarlamaqda kömək edənlər eyni adamlardır. O zamandan bəri, həmin şahidlərdən bəziləri də narkotika ittihamları ilə həbsə atılıb.

Keçmiş şahidlərdən biri deyir ki, təzyiq altında ifadə verib. Bundan başqa, narkotik aludəçisi olan həmin kişi deyir ki, polis ona mükafat olaraq narkotika verib.

Nəzarətdə

FNNX-nin rəhbəri Viktor İvanov deyir ki, onun orqanı insanları müqəssir élan etmir – bunu məhkəmələr edir.

Cənab İvanov Roman Kuznetsov kimi fərdi hallarla bağlı şərh verməkdən boyun qaçırdı.

“Bizim istintaqa prokurorlar tərəfindən baxılır, onlar müstəqildir və hər hansı pozuntular olarsa, açıq deyərlər”.

O, FNNX-nin yerli şöbələrində əməliyyatçıların yaxşı statistika təqdim etməsi üçün təzyiq altında olması iddialarını rədd edir.

"Rəqəmlərin arxasınca düşmək yanlışdır. Biz narkotik daşıma infrastrukturunu məhv etməliyik və həbslər zamanı yalnız müsadirə yox, təchizatçıların zəncirini aşkar etmək də vacibdir", o deyir.

Eyni şahidlər

Digər Ximki sakini Vitali Aptikeyev ötən il belə bir cinayətkar zəncirin üzvü olmaqda müqəssir bilinib. O, böyük miqdarda narkotika satmağa yardım ittihamı ilə doqquz il yarım müddətinə həbs olunub.

Ancaq onun şahidləri Roman Kuznetsovun əleyhinə ifadə verən şəxslər olub.

Onun xanımı Yekaterina Misçenko işdə onlarla saxtalaşdırma aşkar edərək ona yenidən baxılmasına nail olub.

Apellyasiya zamanı ağır ittihamlar atılıb və cənab Aptikeyev barəsində hökmdən 8 il çıxarılb.

Xanım Misçenko deyir ki, günahsız insanı qurama ittihamlarla həbsə atdırdığı üçün FNNX-ni məhkəməyə vermək istəyir.

1 faizdən də aşağı məhkəmə işlərinin bəraətlə bitdiyi ölkədə Aptikeyevin şikayətinin təmin olunması sensasiya kimi qarşılanıb.

Amma günahsızlığını sübuta yetirməyə çalışan minlərlə insanın məhkəmələrin onların işinə ədalətlə baxacağına çox az ümidi var.