İnsan hünəri: Avstriyalı Felix Baumgartner kosmosdan yerə tullandı

Felix Baumgartner

Avstryialı ekstrim tullanışlar həvəskarı (skydiver) Felix Baumgartner rekord göstərici olan 39 km yüksəkliyə qalxan zonddan sərbəst tullanaraq ən azı hündürlük etibarı ilə bu cür tullanışlar üçün rekord vurub.

Rekord tullanış ABŞ-ın New Mexico ştatında yerləşən səhra ərazi üzərində həyata keçirilib.

Tullanış gedişində, yerə doğru uçan skydiver saatda 1100 kilometr sürətindən daha yüksək sürət yığa bilib.

Lakin Baumgartner tərəfindən səs sürəti baryerinin keçildiyi barədə rəsmi təsdiq hələlik yoxdur, çünki rekord tullanış zamanı qeydə alınmış bütün göstəricilər bir daha yoxlanılmalı və təsdiqlənməlidir.

Skydiver sərbəst vəziyyətdə 4 dəqiqə 19 saniyə ərzində yerə düşüb, 10 dəqiqəlik tullanışın qalan vaxtını isə paraşütlə yerə enib.

Onun paraşütü avtomatik qaydada yerə 1.5 km məsafə qalmış açılıb.